Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.
Bu gün 1988-ci ilin noyabr-dekabr aylarında erməni təcavüzünə, Topxana meşəsinin qırılmasına etiraz olaraq Bakıda 18 gün fasiləsiz davam edən etiraz mitinqləri ilə bağlıdır.
Bu, Azərbaycan xalqının Milli Azadlıq Hərəkatı idi. Mitinqlər zamanı Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırılıb və Sovet İttifaqından ayrılmaq məsələsi gündəliyə gətirilib.
Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam edib və nəhayət 1991-ci ilin dekabrında Sovet İttifaqı dağılıb. Azərbaycan müstəqilliyinə qovuşub.
Tarixə Milli Dirçəliş Günü kimi düşən 17 noyabr 1988-ci il həm də müstəqilliyimizin bərpasının ilk cücərtisi hesab edilə bilər.
Milli Azadlıq Hərəkatında olduğu kimi, Azərbaycan xalqı Vətən müharibəsində də mütəşəkkil oldu, möhtəşəm birlik, həmrəylik nümayiş etdirdi və bu birlikdən güc alan Azərbaycan Ordusu yeni və şərəfli tarix yazdı. Ona görə biz bu gün bu tarixi daha böyük fəxrlə qeyd edirik.
Azərbaycan Yüksəliş Partiyası Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edir, tarix boyu milli birliyimiz, müstəqilliyimiz, ərazilərimizin bütövlüyü uğrunda çalışan, vuruşan hər kəsi dərin ehtiramla yad edir, şəhidlərimizin ruhu qarşısında baş əyir!