Azərbaycanın görkəmli alimi, ictimai xadim, tarix üzrə elmlər doktoru, akademik Ziya Bünyadovun anım günüdür.
Ziya Musa oğlu Bünyadov 24 dekabr 1921-ci il tarixində anadan olub. Hərbi-tərcüməçi ailəsində dünyaya göz açan Z.Bünyadov atasından ərəb dilini səlis öyrənib, orta məktəbi bitirdikdən sonra 1941-ci ildə hərbi məktəbi leytenant rütbəsi alaraq başa çatdırıb, 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olub.
O, ll Dünya Savaşında fəal iştirak edib, daha sonra bir ilə yaxın Almaniyada xidmət göstərərək, Berlinin təsərrüfat və mədəniyyat həyatının bərpası sahəsində iştirakına görə "Artur Bekker" və "Vaffenbruderşaft" qızıl medalı ilə təltif olunub.
Bünyadov 1954-cü ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitunda fəaliyyətə başlayıb, 1967-ci ildə müxbir üzvü, 1976-cı ildə akademiyanın həqiqi üzvü seçilib.
Apardığı elmi araşdırmalar xalqın tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Opta əsrlər dövrünün ən əhəmiyyətli dönəmi Ziya Bünyadovun elmi əsərlərində özünü əks etdirir. Onun çox saylı məqalələri, monoqrafiyalar və müxtəlif məzmunli elmi əsərləri xalqı qarşısında olan ən böyük xidmətlərindəndir.
Z.Bünyadovun yazdığı "Qırmızı terror"kitabı bolşevizm terroru və siyasi repressiya qurbanları haqqında olan, zamanına görə böyük cəsarət tələb edən tarixi faktların toplandığı dəyərli əsərdir.
Eyni zamanda 1991-ci ildə Quranın dilimizə tərcüməsi onun alim kimi gördüyü işlərdəndir.
Xalqın sözünü deyən, onun haqqını daim müdafiə edən Ziya Bünyadov 21 fevral 1997-ci il tarixində naməlum şəraitdə qətlə yetirilib.
Azərbaycan Yüksəliş Partiyası dəyərli alim, akademik Ziya Bünyadovun xatirəsini dərin sayğı ilə yad edir.