Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli, l müavin Bəhrəm İsmayılov, müavinlər Gülşən Hacıyeva və Nigar Sultanlı istedadlı telejurnalist, mərhum Elnur Əşrəfoğlunun xatirəsinə həsr edilmiş “90 dəqiqəlik ömrün 47-ci dəqiqəsi” filminin təqdimatına qatıldılar.
Azərbaycan tele-məkanına yeni dəsti-xətt, yeni çalar gətirən Elnur bəyi demək olar ki, tanımayan tamaşaçı yoxdur. Televiziyaya gəlişi ilə mədəni hadisə yaratmağı bacaran E.Əşrəfoğlunun ilk aparıcısı olduğu veriliş belə dövrünün ən baxımlı, ən populyar və sevilən proqramlarından idi. İdeya müəllifi və aparıcısı olduğu idman proqramları xüsusi üslubu ilə seçilirdi. İdman və yumor bir arada elə Elnur bəyin öz şəxsi xarakterini təzahür etdirirdi.
Film yüksək peşəkarlıqla yanaşı, tamaşaçılara dərin və həssas duyğular yaşatdı. Elnur bəyin karyera uğurları, şəxsi keyfiyyətləri ailə üzvləri, dost və həmkarları tərəfindən dilə gətirilib, onu bizlərə bir daha tanıtdırdı.
Yüksək intellektual biliyə, geniş dünyagörüşünə malik, peşəkar idman oyunlarına dərindən bələd olan E.Əşrəfoğlu yaddaşlarda vətənpərvər, xeyirxah, dostcanlı, böyük mənəvi dəyərlərə sahib olan insan kimi qalacaq, xatırlanacaq.
Azərbaycan Yüksəliş Partiyası filmin bütün yaradıcı heyətinə öz dərin təşəkkürünü bildirir.