Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Türkiyənin Mersin vilayətində universitetlərə baş çəkib, görüşlər keçirib.
Anar Əsədli əvvəlcə Toros Universitetinin rektoru professor Ömər Arıözlə görüşüb. AY Partiya haqqında məlumat verən Başqan Mersin vilayətinə səfərin məqsədindən danışıb, getdiyi hər yerdə təhsil ocaqlarına xüsusi diqqət ayırdığını bildirib.
Anar Əsədli bildirib ki, Azərbaycanla Türkiyə qardaş dövlətlər olsa da, indiyədək Türkiyənin heç bir ali məktəbinin Azərbaycanda filialı açılmayıb. AY Partiya Başqanı əlavə edib ki, Türkiyənin Azərbaycanın azad edilmiş ərazilərində universitetlərin açılması prosesində iştirakı vacibdir. Anar Əsədli Türkiyədə və Şimali Kiprdə yerləşən ali məktəbələrdə təhsil alan Türk ölkələrindən olan vətəndaşlara əcnəbi kimi münasibət göstərilməsinin doğru olmadığını diqqətə çatdırıb. O təklif edib ki, türksoylu tələbələrə xüsusi güzəştlər edilsin, onlar xarici vətəndaşlar kimi yüksək təhsil haqqı ödəməsinlər.
Ömər Arıöz öz növbəsində, universitet haqqında məlumat verib, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın səviyyəsinin potensialın altında olduğunu diqqətə çatdırıb.
Anar Əsədli daha sonra Mersin Dövlət Universitetində prorektor, professor Erol Yaşarla bir araya gəlib. Görüşdə ölkələrimizin təhsil sahəsində münasibətlərdən danışılıb. AY Partiya Başqanı regional ali məktəblərin bir-biriylə əlaqələrinin qurulmasının vacib olduğunu deyib. O, bunun üçün ali təhsil müəsssisələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkil olunmasını təklif edib.
Anar Əsədli rektor və prorektora Azərbaycan bayrağı ilə “Xarı Bülbül” simvolu təqdim edib, universitetlərin kampüsü ilə tanış olub.
Görüşlərdə Başqanın I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqan müavini Gülşən Hacıyeva, ATAMDER-in nümayəndələri iştirak ediblər.