Azərbaycan son iki ildə dünyanın ən çox diqqətdə olan bir neçə ölkəsindən birinə çevrilib. Bunun başlıca səbəbi 44 günlük Vətən müharibəsində qalib olmağımız və qələbəmizdən dolayı yaranan yeni geosiyasi vəziyyətdir. Azərbaycan qalibdir, bəlli bir gücə sahibdir. Qısacası, deyə bilərik ki, ölkəmizin beynəlxalq arenada mövqeyi dəyişdi - məğlub ölkədən qalib ölkəyə çevrildi. Suallarımıza AY Partiya başqanı Anar Əsədlidən cavab almağa çalışacağıq. - Anar bəy, bu yaxınlarda AY Partiyanın 2 illiyini qeyd etdiniz. Fürsətdən istifadə edərək, Sizi təbrik edirik. Geridə qoyduğumuz bu iki ili necə qiymətləndirərdiniz? - Öncəliklə müsahibə və təbrik üçün təşəkkür edirəm. Qeyd etdiyiniz kimi geridə qalan bu iki il formalaşmağımız yolunda çox önəmli başlanğıc idi və artıq yeni Partiya kimi sözümüzü ölkənin siyasi arenasında qətiyyətli addımlarla davam etdiririk. Qarabağ cəbhəsində qazandığımız qələbə regional və beynəlxalq anlamda yeni diktələr ortaya qoyduğu kimi, ölkə daxilində də müəyyən dəyişimlər, ümumiyyətlə dəyişim prosesinin yaranması şərtə çevrildi. AY Partiyanın yaranmasını da bu proses çərçivəsində düşünmək lazımdır. Qalib xalqa yeni yanaşma, yeni idarəetmə sistemi, yeni müxalifət lazım idi və biz illərdir ki, həyata keçirmək istədiyimiz prosesi başlatdıq. Yəni bir siyasi partiyanın fəaliyyətə başlaması və uğur qazanması üçün uyğun zaman çox önəmlidir. Biz ideoloji və milli partiyayıq. Bu baxımdan hesab edirəm ki, qələbə qazanmadan, üçüncü, dördüncü və daha neçənci arzuolunmayan ölkələrin cəmiyyətimizdə, dövlətimizdə güclü təsiri olduğu zamanı bizim uğur qazanmağımız mümkün olmazdı. - Belə başa düşürəm ki, ideoloji partiya olduğu üçün AY Partiya üçün bu iki ili uğurlu hesab edirsiniz?! - Əlbəttə! Bütün hallarda bu 2 il partiyamız üçün uğurlu olub, lakin ideologiya baxımından daha əlverişli zamanı yaşayırıq. 2 il bir siyasi təşkilat üçün çox da böyük zaman deyil. Bununla belə bu 2 ildə biz böyük işlər görə bildik. Ümumiyyətlə, siyasi partiyaların qısa və uzunvədəli fəaliyyət planı və bu planların nəticələri, yəni hədəfləri olmalıdır. Bizim də qısa və uzunmüddətli hədəflərimiz var. Bu hədəflər zatən bizim partiyanın "İnanın dəyişirik" və "Hüriyyət havasını tənəffüs edək" şüarlarında əks olunub. Daha açıq ifadə etsək, bütün hədəflərimiz bu şüarların ehtiva etdiyi tablonu reallaşdırmağa hesablanıb. Konkretləşdirsək, deyə bilərəm ki, bu iki il ərzində AY Partiyanın strukturu təşkil olunub, idarəetmə sistemi formalaşdırılıb, Partiya nəzdində institutlar, mərkəzlər, fikir platformaları, dərnəklər və kitabxana yaradılıb. Partiyanın daxili və xarici əlaqələri qurulub. Yeri gəlmişkən qeyd edim ki, AY Partiya yarandığı gündən Azərbaycanın əksər partiyaları ilə görüşlər keçirib. Bu görüşlər xarici ölkələrin, xüsusilə Türkiyə cümhuriyyətinin partiyaları ilə də təşkil olunub. AY Partiya tərəfindən irəli sürülən strateji məsələlərlə siyasi hakimiyyət də hesablaşmaq məcburiyyətində qalır" - Siz də təqdir edərsiniz ki, bunlar fəaliyyətdir və zatən olması lazımdır. Bəs, hədəflər baxımından necə, AY Partiya hədəflərinə çata bilibmi? - Çox önəmli nüansa toxundunuz. Öncəliklə qeyd edim ki, müxalifət partiyasının uğuru daha çox seçkidə qazandığı qələbə ilə xarakterizə olunur. Bu, xalqın, cəmiyyətin yanaşmasıdır və doğru yanaşmadır, lakin ən sonuncu hədəflərdəndir. Partiya üçün isə daha önəmli məqam var, idarəetməyə təsir imkanları formalaşdırmaq. Baxın, keçən iki ildə bizim irəli sürdüyümüz bir sıra strateji məqam Azərbaycan siyasi hakimiyyəti tərəfindən qəbul olunub. Düzdür, onlar buna görə bizə “çox sağ ol”, - deməyiblər və bunu bizim irəli sürdüyümüzü bəlkə qəbul da etməzlər. Açığını desək, ölkədəki siyasi şəraitdə bizim onlardan belə bir gözləntimiz də yoxdur. Əsas olan odur ki, biz son dərəcə vacib hesab etdiyimiz strateji məsələləri Azərbaycan siyasi hakimiyyətinin xarici və daxili gündəliyinə sala bildik. - Anar bəy, çox maraqlı gəldi, nədir həmin strateji məsələlər? - Hesab edirəm ki, bu məsələlərin hamısını sadalamaq yorucu olar və populist görünə bilər. Bununla belə, ən önəmlilərindən bir neçəsini nümunə kimi göstərə bilərik. Müxalifət partiyası kimi, resurslarımız dövlətin resurslarından fərqlidir. Biz ancaq yaza, danışa, görüşə, cəmiyyətə doğru fikirlər təqdim edə bilərik. Baxın biz nə deyirdik ki, Rusiyaya "dost" deməklə Rusiya bizə dost olmayacaq. Rusiya münaqişənin yarandığı gündən bəri onun katalizatoru rolunu oynayıb. Qarabağda hazırda ən önəmli problemlərin başında Rusiya hərbçilərinin ərazidə mövcud olması, sülhməramlı missiyasından uzaq davranış sərgiləməsi, uzun illər bölgədə qalacaqmış kimi hazırlıqlar görməsi gəlir. Ona görə də, Rusiya açıq şəkildə ittiham olunmalıdır. Bizim dediklərimizə kimin necə yanaşması öz işidir biz dövlətin sabahına strateji yanaşma sərgiləməyi doğru hesab edirik, amma siyasi hakimiyyətin də məsələyə bu istiqamətdə yanaşması sevindiricidir. Az keçmədi eyni mövqeyi İlham Əliyev ortaya qoydu. Rusiyaya 10 noyabr razılaşmasını xatırlatdı və Ermənistandan rus sülhməramlılarının nəzarətindəki ərazilərə silah-hərbçi daşınmasını dayandırmağa çağırdı. Rusiyaya açıq şəkildə ultimatum verdi ki, separatçıları silahlandırmasın. Müharibənin bitdiyi vaxtdan deyirdik ki, Azərbaycan Ermənistanla vasitəçisiz danışıqlara getməlidi. Son bir ildə bu tezisimizin də reallaşmasını görürsünüz. Hər iki ölkənin rəhbərləri masada üçüncü bayraq olmadan otururlar. Hətta ötən ay iki ölkənin xarici işlər nazirləri Gürcüstanda görüşdü. Düzdür, bu görüş ABŞ tərəfindən təşkil olunmuşdu, lakin rəsmi Vaşinqton fiziki orda deyildi. Bunun görüntüsü belə böyük nəticələrə yol aça bilər. Post-münaqişə dövrünün addımlarının mərhələli şəkildə atılmalı olduğunu bildirirdik. İlkin mərhələdə evimiz oğrulardan təmizlənib sonra qapılar bərkidilməlidir. Anti-terror əməliyyatının qaçılmaz olduğunu dəfələrlə bildirmişik. Bu tezisimizin də mesajı dolayı yolla bu gün hakimiyyət tərəfindən səsləndirilir. Siyasi hakimiyyət Laçın dəhlizində və Xankəndidə baş verənləri dəqiq bildiyini açıqladı və qeyd etdi ki, buna son qoyulmayacaqsa, qabaqlayıcı tədbirlər görüləcək. Laçın dəhlizinin humanitar dəhliz adı altında istifadəsinə nəzarət gücləndirilməlidir. Əgər buradan hələ də diversiya məqsədli daşınmalar icra olunmağa davam edərsə, dəhliz bağlanmalıdır. Prezident Əliyevin “bütün bəndlərin yerinə yetirilməsini gözləyirik” açıqlaması separatçıların hələ də bölgədən təmizlənmədiyinə və rus sülhməramlılarının öz missiyalarını yerinə yetirmədiklərinə işarədir. Həm də o mesajı daşıyır ki, gözləntilərimizin sonu olacaq, necə ki, 44 günlük müharibə ilə bu sonu yaşadıq, yaxın zamanda eyni ritorikanın yenə şahidi ola bilərsiz. Son bir neçə ayda da vurğulayırdıq ki, saat bizim xeyrimizə işləyir. Yeni Qafqaz inşa olunur, bu binanın memarı Azərbaycan və Türkiyədir! Türkiyə Ümumqafqaz təhlükəsizlik konsepsiyasının qarantıdır. ABŞ və Qərb Türkiyə olmadan regonda mövcudluğun mümkünsüzlüyünün fərqindədir və super güclərin arasındakı məsələlər təkcə Qarabağ deyil. Əfqanıstandan ABŞ ordusunun çıxarılması, Türkiyənin regiona nəzarət üçün Amerikanın Qarabağ məsələsində və Qafqaz regionunda rəsmi Ankaranın istəklərini həyata keçirməsinə dəstək verməsi gözlənilən idi. Rusiya da Türkiyənin gücünü, təsirini yaxşı bilir. Dəfələrlə "saatımızın əqrəblərini Türkiyə saatı ilə uyğunlaşdırmalıyıq" deyirdik. Artıq rəsmi səviyyədə Rusiyanın Ermənistanı silahlandırmasının tərəflər arasındakı güc balansını əsla dəyişdirə bilmədiyi vurğulanır və Türkiyənin dəstəyi qabardılır. Deyirdik ki, Türkiyənin Cənubi Qafqazda varlığını “Şuşa bəyannaməsi” ilə gücləndirməsinin arxasınca başqa milli və strateji bəyannamələr gələcək. Baxın, "Aşqabad bəyannaməsi" və bu gün artıq " Daşkənd bəyannaməsi" sabah daha başqa Türk öıkələrinin adların daşıyan bəyannamələrin şahidi olacağıq. Əlbəttə əlavələr etmək olar, lakin hesab edirəm ki, bir partiyanın siyasi idarəetməyə və ümumilikdə siyasi arenaya təsirini görmək üçün bu üç məsələ yetərlidir.
"Sülh sazişinin imzalanmadığı hər gün müharibə riski var" - Əlbəttə, bunlar ölkəmiz üçün son dərəcə strateji məsələlərdir. Bununla belə, digər strateji məsələ ilə bağlı fikirlərinizi öyrənmək istərdim. Sizcə, Azərbaycan və Ermənistan arasında sülh prosesi hansı mərhələdədir və sülh müqaviləsində əsas nələr nəzərə alınmalıdır? - Sualınızın ilk hissəsinə hesab edirəm ki, partiya rəhbəri kimi deyil, bir siyasi şərhçi kimi cavab vermək lazımdır. Çünki bu, konkret sualdır və konkret cavab vermək lazımdır. Konkret cavabı isə vermək mümkün deyil, prosesə mane olan böyük güclər var, üstəlik daxili auditoriyaların da hazırlanması prosesi ləng gedir. Bu, mənim partiya sədiri kimi mövqeyimdir. Prosesi yaxından izləyən biri kimi bir sıra məsələlərə aydınlıq gətirməklə sualınıza müəyyən qədər cavab verməyə çalışacağam. Hesab edirəm ki, 2022-ci ildə əhəmiyyətli irəliləyiş əldə olunub. Ən azından beynəlxalq güclərin sülh prosesindəki maraqları həm Azərbaycan, həm də Ermənistan üçün artıq aydındlr. İndi prosesin bu tərəfi həmin maraqların təmin olunub-olunmamasından, daha dəqiq desək, hər iki ölkənin maraqları baxımından uzlaşdırılmasından asılıdır. Bu uzlaşmadan aslı olaraq, daxili auditoriyaların prosesə hazırlığı sürətləndiriləcək və həmin sürətlənmə sülh sazişinin yaxında olduğunun siqnalı olacaq. Açığı, yaxın iki ildə məsələnin sonlanacağını düşünmürəm. Sualınızın ikinci və bizim üçün önəmli hissəsinə gəlincə, əvvəla Azərbaycanın maraqları bu sülh sazişində ən yüksək şəkildə təmin olunmalıdır. Çünki biz qalib ölkəyik və bu məsələdə bütün siyasi təşkilatlar, bütün xalq siyasi hakimiyyəti dəstəkləyir. Bu, ən strateji və ən önəmli milli məsələdir. Burada rəqib yoxdur, biz hamımız eyni amala xidmət edirik. Ona görə də siyasi hakimiyyət Azərbaycanın maraqlarını təmin etməlidir. - Bizim maraqlarımız nələrdir? - Hər şeydən öncə Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərinin Ermənistan Respublikası tərəfindən rəsmən tanınması, rəsmi İrəvanın Azərbaycan və Türkiyəyə qarşı ərazi idialarından əl çəkməsidir. Ümumiyyətlə, bu, olmadan digər məqamlar haqqında danışmaq mənasızdır. Bundan əlavə, müxtəlif vaxtlarda Ermənistandan sürgün edilmiş, qaçqın düşmüş Azərbaycan vətəndaşlarının öz evlərinə qayıtmaq hüququnun bərqərar edilməsi. Hesab edirəm ki, bu president qarşılıqlı olaraq həyata keçirilə bilər. Üçtərəfli bəyanatda da əks olunduğu kimi Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz kommunikasiya əlaqəsinin təmin olunması. Bu, bizim haqqımızdır. Hazırda bəzi dairələr Azərbaycana "sığal çəkərək" Zəngəzur məsələsi ilə bağlı durumu təhlükəli platformaya daşımaq istəyirlər. Guya gücümüzü təqdir edirmiş kimi görünməklə bizim də Ermənistana qarşı ərazi iddiası ilə çıxış etdiyimizi qələmə verirlər və bununla Azərbaycanı haqlı ikən haqsız vəziyyətə salmağa çalışırlar. Bu prosesin qarşısı bir an öncə alınmalıdır. Zəngəzur Azərbaycanın tarixi ərazisidir. Bu ərazi Rusiyanın imperialist maraqlarının təmin olunması üçün Ermənistana verilib və heç bir halda Naxçıvanla quru əlaqəmizin kəsilməsinə imkan vermək olmaz. Yəni sülh müqaviləsində maneəsiz keçidin, dəhlizin təmin olunması əksini tapmalıdır. Digər önəmli məsələlər isə ictimai-humanitar məsələlərdir. Erməni xalqı, Ermənistan dövləti Azərbaycan xalqından və dövlətindən üzr istəməlidir, baş verənlərin humanitar məsuliyyətini qəbul etməlidir. Əks təqdirdə, əmin ola bilərsiniz ki, bu sülh mümkün olmayacaq və ümumiyyətlə, Ermənistanın varlığı belə sual altına düşəcək. "Qazi intiharı ilə Azərbaycanın xarici təhdidlərə qarşı hərbi-siyasi immunitetini öldürməyə çalışırlar" - Hesab edirəm ki, bununla həm də yeni qarşıdurmanın mesajını verirsiniz. Azərbaycan və Ermənistan arasında hansısa lokal və ya genişmiqyaslı hərbi konflikt mümkündürmü? - Qafqaz, xüsusilə Azərbaycan bu qədər gərgin coğrafiyadır. Baxın, bir az öncə sülhdən danışırdıq, indi isə müharibədən. Sülh sazişinin imzalanmadığı hər gün müharibə riski var. Azərbaycan qalib ölkədir, lakin Ermənistanın havadarları sayəsində Azərbaycanın maraqları təmin olunmur. Rusiya və İran var gücü ilə bu prosesə mane olur. Belə olan təqdirdə güc tətbiqi qaçılmaz olur. Məsələn, Ermənistan silahlı qüvvələri Xankəndi və ətraf ərazilərdən çıxarılmır, belə olan təqdirdə hərbi əməliyyat qaçılmaz olur. Zəngəzur məsələsi, ərazi iddiası məsələsi, sərhədlərin delimitasiyası və s. Bunlar hər biri ayrılıqda bir müharibə səbəbidir. Ayrıca, qeyd edim ki, bu, Azərbaycanın təbii haqqıdır. Yəni beynəlxalq hüquq da bizim tərəfimizdədir. Haqlı maraqlarımız təmin olunmadığı təqdirdə hərbi əməliyyat qaçılmazdır. Düşünürəm ki, Türkiyə və Azərbaycan birliyindən, gücündən səmərəli istifadə etməklə ölkəmiz bu prosesdən də qalib çıxa biləcək. Bununla belə daxildə baş verən önəmli məsələlər görməzdən gəlinməməlidir. Məsələn, şəhid ailələri, qazilərlə bağlı məsələ kritik vəziyyət alıb. Ölkənin siyasi təşkilatları bir an öncə çözüm tapmalıdır. Qazi intiharı təkcə emisional yüklə məhdudlaşmır. Burada ciddi nəticələrə odaqlanan mərkəzlər var. Mövcud tendensiya ilə Azərbaycanın xarici təhdidlərə qarşı hərbi-siyasi immunitetini öldürməyə çalışırlar. Prezident Əliyev hökumətin son iclasında üstüörtülü şəkildə xarici təhdidlərdən danışdı və yenə də silah alacağımızı bildirdi. Bunlar bizə aydındır. Aydın olmayan odur ki, yarıtmaz siyasətlə ölkənin hərbi-siyasi immuniteti öldürüldükdən sonra o silahlarla kimin döyüşəcəyidir. Bu, çox önəmli məsələdir və dediyim kimi, həm siyasi hakimiyyət, həm müxalifət, həm də vətəndaş cəmiyyəti bir an öncə ortaya çözüm qoymalıdır. Yeri gəlmişkən, bu yaxınlarda AY Partiya vətəndaş cəmiyyəti ilə birgə bu problemin həlli nə dair toplantı keçirdi, dinləmələr oldu, fikirlər öyrənildi. Biz bu görüşün nəticəsi olaraq təkliflər paketi hazırladıq və hökumətə təqdim etdik. İnanırıq ki, diqqətə alınacaq. - Xarici təhdidlərdən danışdınız, İranla bağlı məsələyə toxundunuz. Haqlı olaraq, bu məsələ hər bir Azərbaycan vətəndaşını ciddi şəkildə düşündürür, Rusiyanın nə istədiyi aydındır, bəs İran bizdən nə istəyir? - Əslində İranın da nə istədiyi aydındır, rəsmi Tehran da Rusiya kimi Azərbaycanın problemlərinin bitməməsini istəyir, Azərbaycanın inkişafının qarşısını almaq istəyir, Azərbaycanı təsirində saxlamaq, hətta mümkün olarsa, işğal etmək istəyir. Bunlar bizə aydındır, düşünürəm ki, vətəndaşlarımızın da böyük hissəsinə artıq məlumdurr. Aydın olmayan İranın özü üçün yaratdığı imicə zidd gedişləridir. Yəni, Azərbaycanın bəzi vətəndaşları din səbəblərdən dolayı İrana sevgi ilə yanaşır, sonra baxır ki, mövcud İran onun sevdiyi İran deyil. Bu nüans vətəndaşda çaşğınlıq yaradır. Belə bir vəziyyətin yaranmasında Azərbaycan vətəndaşı təqsirli deyil. Təqsirli olan biz siyasətçilərik, ictimai-siyasi təşkilatlardır. Əbülfəz Elçibəy dönəmində Azərbaycanda güclü milli ideoloji xətt mövcud idi və İran bu xətti keçərək ölkəmizə girə bilmirdi. Təəssüflər olsun ki, yanlış idarəetmə ilə milli kadrlar prosesdən kənarlaşdırılınca bu xətt aradan qalxdı və İran zəhərli toxumlarını səpməyə başladı. Azərbaycan vətəndaşı birmənalı olaraq bilməlidir ki, İran siyasi hökuməti və dövlət ideologiyası millət və dövlət olaraq bizə qarşıdır. Yəni, anlamaq lazımdır ki, İranın Azərbaycan vətəndaşına qarşı sevgisi yoxdur və heç bir zaman da olmayıb. Baxın, Astarada yaşayan vətəndaşımızla eyni milli kimliyi, eyni dini, eyni düşüncəni daşıyan sərhəddən o tərəfdə, yəni Cənubi Azərbaycanda soydaşlarımız var. Əgər İran Astara rayonundakı vətəndaşımızı sevirsə, deməli, məntiqlə həmin soydaşlarımızı da sevməlidir. Mənzərə isə fərqlidir, bizim Cənubi Azərbaycanda yaşayan soydaşlarımız ən ağır şərtlər altında yaşayırlar - öz dillərində təhsil ala bilmirlər, milli kimliklərini bəyan edə bilmirlər, ağır iqtisadi təcridə məruz qoyulurlar və s. İdarəetməyə milli kadrların gətirilməsi yolu ilə ölkəmizdə milli-ideoloji xətti inkişaf etdirmək və bu yolla Azərbaycan vətəndaşının gözünə çəkilmiş toru qaldırmaq lazımdır. Xarici təhdidlərə qarşı birlikdə mübarizə aparmalıyıq. - Anar bəy, birlikdə mübarizə bəzən yanlış anlaşılır. Məsələn, müxalifət partiyaları ilə bağlı müxtəlif iddialar ortaya çıxır. Hətta bəzən rişğənd dolu ifadələr səslənilir... - Hesab edirəm ki, siz “cib müxalifəti”, “avtobus müxalifəti” ifadələrini nəzərdə tutursunuz. Öncəliklə deyim ki, bunların əksəriyyəti iddia deyil, təsdiqini tapmış faktlardır. Azərbaycan vətəndaşı ağıllıdır, istedadlıdır, ağı qaradan seçə bilir. Necə deyərlər, xalqın gözü tərəzidir. Azərbaycan müxalifəti keçən 29 ildə öz funksiyasını yerinə yetirə bilsəydi siyasi hakimiyyət özü üçün "müxalifət" yarada bilməzdi. İndi xalqın onlara “cib” yaxud “avtobus müxalifəti” deməsinin nəyi iddiadır. Bu, fakdır. Neçə illərdir ki, onlar xalqı aldadır, mübarizə əzmini qırır, siyasi təslimiyyətə, inamsızlığa, ümidsizliyə hazırlayırlar. Azərbaycan insanının seçkiyə gəlməməsinin ən böyük təqsirkarı iqtidardısa elə bir o qədər məsuliyyıtidə Azərbaycan müxalifətindədir. Sən dəfələrlə seçilməyib, çıxıb xalqa seçkilərin hər dəfə saxtalaşdırıldığını deyərsənsə, xalq da seçkiyə gəlməz. Düşünər ki, onsuz da kimi istəsələr, onu seçəcəklər, mənim səsimi saxtalaşdıracaqlar. Proses isə başqa cür baş verir, yəni xalqın seçkiyə gəlməməsi səriştəsiz siyasi hakimiyyətə lazım idi. Seçki bülleteni boş qalınca onu saxtalaşdırmaq mümkün olur, istənilən namizədin adı qeyd edilir. Yəni, təkcə bu arqument belə müxalifətin istəyərək, ya da istəməyərək siyasi hakimiyyətə xidmət etdiyini göstərir və xalq da bunun fərqindədir. - Anladığım qədərilə siz partiya olaraq bu vəziyyətdən narahatsınız, təbiidir. Bəs, çözümünüz nədir? - Əlbəttə ki, narahat olmalıyıq və təsbitinizdə yanılmırsınız, biz çox narahatıq. Ona görə də AY Partiya ilk gündən Azərbaycan insanını siyasətə daşımaqla məşğuldur. Bizim daha əvvəl qeyd etdiyim kimi, başlıca şüarımız "İnanın dəyişirik" oldu. Bu şüarımız hələ də davam edir və vəziyyət dəyişənə qədər də əsas şüar olaraq qalacaq. Xalq inanmalıdır ki, onun səsini heç kim dəyişdirə bilməz. Buna inananda seçkiyə gələcək, seçkiyə gələndə saxtalaşdırma mümkün olmayacaq. Saxtalaşdırma olsa belə, insanlar səsini qoruyacaq və seçkini qəbul etməyəcək. Bunlar önəmli və bir-biri ilə əlaqəli nüanslardır. - Anar bəy, sizcə Azərbaycanda növbədənkənar seçki gözlənilirmi? - Növbədənkənar seçki gözlənilirmi ya yox, bu, müəmalıdır. Lakin növbədənkənar seçki labüddür. Baxın, 2020-ci ildə parlament seçkisi keçirildi və parlamentə düşənlərin böyük əksəriyyəti yenə də özü-özünə etimad göstərməyən millət vəkilləri oldu. Sual olunur, siz belə layiqli idinizsə, niyə məclisin buraxılması haqqında qərar qəbul etdiniz? Bu, Azərbaycan tarixində siyasi rüsvayçılıq idi. İkinci bir məsələ, məlum olduğu kimi bir neçə ildir ki, Azərbaycanda yüksək çinli hakimiyyət mənsubları həbs olunur, onların korrupsiya əməlləri ifşa edilir. Bunun özü növbədənkənar seçki üçün əsasdır. Xalqın iradəsinə tabe olan siyasi hakimiyyət belə olan halda utanmalı və “mən bacarmıram”, - deyib istefa verməlidir. Təəssüf ki, bizdə bu, baş vermir, siyasi hakimiyyət yalnız ömrünü uzatmaq üçün növbədənkənar seçkiyə gedir. "Bütün bu savaşların hələlik tək qalibi Çindir" - Maraqlı yanaşmadır. Bu arada, qardaş Türkiyə cümhuriyyətində də sanki bu cür tendensiyalar hiss olunur. Müxtəlif dairələr hansısa həmlədən dərhal sonra Rəcəb Tayib Ərdoğanın növbədənkənar prezident seçkiləri keçirəcəyini deyirlər. Siz Türkiyə müxalifət partiyaları ilə yaxınlığı olan siyasi lidersiniz, bu iddialar nə dərəcədə doğrudur? - Əvvəla qeyd edim ki, AY Partiyanın siyasi təşkilat kimi çoxtərəfli xarici əlaqələri mövcuddur. Bəli, qardaş Türkiyənin siyasi təşkilatları ilə münasibətimiz daha yaxındır, lakin bu münasibət müxalif partiyalarla məhdud deyil. Bizim Türkiyənin hakim partiyaları ilə də yaxın əlaqələrimiz mövcuddur. Bu, Azərbaycan və Türkiyənin siyasi hakimiyyətləri və müxalifətləri ilə bağlı məsələ deyil, iki ölkənin dövlət siyasətinin gərəkçəsidir. Sualınıza gəlincə, hesab edirəm ki, Türkiyədə növbədənkənar prezident seçkisi gözlənilmir, böyük ehtimalla, seçki gələn il, öz vaxtında olacaq. Prezident Rəcəb Tayib Ərdoğanın, yaxud da başqasının seçiləcəyi ilə bağlı isə onu deyə bilərəm ki, növbəti seçkinin nəticələri Türkiyədə məskunlaşan suriyalı qaçqınların problemi ilə əlaqədar olacaq. Daha yaxşı çözüm planı olan lider seçkini qazanacaq. Xüsusi olaraq vurğulamaq istərdim ki, Türkiyədə kimin hakimiyyətə gəlməsindən aslı olmayaraq, bu ölkənin Azərbaycanla bağlı dövlət siyasəti dəyişməyəcək. Türkiyə müxalifəti dövlətin əsas sütunlarından biridir. Yeri gəlmişkən, ötən iki ildə var gücümüzlə bu tezisi də Azərbaycan siyasi ritorikasına daşımışıq. Sevindirici haldır ki, artıq siyasi arenamızın oyunçuları və izləyiciləri müxalifətimizi dövlət sütunu olaraq qəbul edir. Bunu da partiyamızın önəmli uğurlarından hesab edirəm. Bu anlamda demək istədiyim odur ki, Türkiyənin müxalif liderlərinin, yaxud da hakimiyyət təmsilçilərinin vətəndaşlarımız tərəfindən sosial şəbəkələrdə, mediada linç olunması təəssüf doğurur. Türkiyə başqa bir ölkədir, öz maraqları və idarəetmə sistemi, gələnəyi var. Bunlar Türkiyə vətəndaşlarını maraqlandıracaq məsələlərdir. Azərbaycan vətəndaşını maraqlandıracaq məsələ Türkiyənin ölkəmizlə bağlı siyasətidir. Bu da daha öncə dediyim kimi, dövlət siyasətidir və Türkiyədə dövlət siyasəti, xüsusilə Azərbaycanla bağlı dövlət siyasəti şəxslərə görə dəyişmir. Yəni nəticə etibarı ilə hakimiyyətə kimin gəlməsindən aslı olmayaraq, qardaş ölkə vətəndaşı kimi həmin şəxsi bağrımıza basmalıyıq. - Bu, AY Partiyanın mövqeyidir, hörmətlə yanaşırıq. Əlbəttə ki, Sizin də qeyd etdiyiniz kimi söhbət qardaş ölkədən gedəndə bəzən mühakimələr aşırı səviyyədə olur. Bu, işin emosional tərəfidir, amma Türkiyə və digər Türk dövlətləri ilə sürətli yaxınlaşma da var... - Doğru təsbitdir. Son zamanlar Azərbaycan və Türkiyə münasibətlərində, ümumilikdə Türk dövlətlərinin münasibətlərində güclü yaxınlaşma var. Daha əvvəl də bu məqama başqa konteksdə diqqət çəkdim. Son zamanlar bu dövlətlərin birliyinə qarşı yönələn bəzi fundamental məsələlər öz həllini tapmaqdadır. Bu proses çox kritik şəkildə həyata keçirilir və təhdidlərə qarşı bütün nüanslar götür-qoy edilir. Azərbaycanın bu prosesdə önəmi çox böyükdür. Belə ki, uzun müddət Rusiyanın nəzarətində olan Mərkəzi Asiya dövlətlərinə Türk kimliyi, Türk ideologiyası ilə girmək elə də asan deyil. Azərbaycanın son zamanlar ortaq siyasi-iqtisadi maraqlar üzərindən bu ölkələrlə yaxınlaşması mühüm əhəmiyyət kəsb edir və bir növ rəsmi Ankara üçün Mərkəzi Asiya qapısını açır. Hesab edirəm ki, Türk dövlətləri birliyinin güclü şəkildə təzahürü qaçılmazdır, bu, beynəlxalq geosiyasi proseslərin diqqtəsidir. Prosesin ideoloji əsaslarının düzgün çatdırılmasına, birliyin Turan coğrafiyasına, bu coğrafiyada yaşayan insanlara qatqısının düzgün izah olunmasına böyük ehtiyac var. Hesab edirəm ki, Azərbaycanın üzərinə bu istiqamətdə də böyük iş düşür və AY Partiya olaraq biz bu istiqamətdə detallı iş aparırıq. - Türk dövlətlərinin əksəriyyəti Rusiyanın nüfuz dairəsindədir. Yəqin ki, bu baxımdan da Ukraynada baş verənlər bizi yaxından maraqlandırmalıdır. Necə düşünürsünüz, Ukrayna cəbhəsində hadisələr hansı məcrada davam edəcək? - Ukrayna məsələsi nəinki bizim, bütün dünya üçün son dərəcə vacib amildir. Burada baş verənlər, yaxud da baş verə biləcəkləri bir məcrada düşünmək doğru deyil. Çünki çoxlu tərəf və maraq var. Hər şeydən öncə Ukrayna ərazi bütövlüyünü və dövlət olaraq inkişafını təmin etmək istəyir. Rusiya buna qarşıdır. Çünki Ukraynanın qazanması Rusiyanın imperialist maraqlarının təmin olunmaması deməkdir. Moskva üçün bundan da təhlükəli məqam Ukraynanın Rusiya insanı üçün cazibə mərkəzinə çevrilməsidir. Bu, baş verərsə, Rusiya birdəfəlik olaraq imperiya kimi dünya xəritəsindən silinəcək. Kreml bunun fərqindədir və bütün potensialını ortaya qoyaraq qarşı çıxır. Ukrayna müharibəsi ilə bağlı bizim bir neçə proqnozumuz var. Ölkəmiz üçün uğurlu addımlar atmaq məqsədilə bütün proqnozlara uyğun siyasi plan və proqram hazırlamağa çalışırıq. Məsələyə təkcə Ukrayna müharibəsi konteksində baxanda nəticə acınacaqlı görünür. Çünki Vladimir Putin bütün resursunu bu müharibəyə səfərbər edib və istənilən məğlubiyyət onun hakimiyyətinin sonlanması ilə nəticələnə bilər. Bu müharibə məhz bu konteksdə proqnozlaşdırılmalıdır. Təəssüf ki, dünanın nüfuzlu ölkəsi olan Rusiyanın siyasi, strateji maraqları bir şəxsin - Vladimir Putinin maraqlarına uyğun tərtib edilib. Ona görə də, Ukrayna cəbhəsində bütün senarilər mümkündür. Təbii ki, Rusiyanın, Putinin məğlubiyyət senarisi də mümkündür, lakin bu, qlobal konteksdə baş verə bilər. Qısacası, bu cəbhədə Ukraynanın və ya Rusiyanın qələbəsi heç özləri üçün də arzuolunan nəticə olacağı inandırıcı deyil, lakin bu müharibədə digər maraqlı tərəflər, xüsusilə Qərb və Çin bütün hallarda qalib çıxacaq. Düşünürəm ki, Azərbaycanın xarici siyasəti bu amillər nəzərə alınaraq, aktiv nöqtələr mütəmadi korrektələrlə yürüdülməlidir. Ukrayna məsələsinə toxunduq, Tayvan konflikti, Serbiya-Kosova qarşıdurması da gözardı edilməməlidir. Bu məsələlər də öz növbəsində Ukrayna qədər əhəmiyyətlidir. Daha aydın ifadə etmək üçün proseslərə ardıcıllıqla nəzər salmaq lazımdır. Yaxın keçmişə kimi qlobal güclər II Dünya Müharibəsindən sonrakı şəkilləndirmələrlə və 90-cı illərdə edilən müəyyən dəyişikliklərlə razı idi. Ən azından buna qarşı çıxmaq cəhdi görünmürdü. Bu paylaşdırılmada ABŞ (Qərb) güclü, Rusiya zəif tərəf idi. Keçən 70 ildə yeni güc formalaşdı - Çin. Əslində meydanın əvvəlki oyunçuları - həm ABŞ, həm də Rusiya Çinin qarşısını almaqla bağlı yollar düşünür(dü), lakin bu iki gücün rəqib olması onların Çinə qarşı birgə mübarizə aparmaqlarına imkan vermədi. Belə olan təqdirdə supergüclərin hər biri ayrılıqda öz oyununu qurmağa başladı və partladılmaq üçün döşənmiş minalar işə salındı. Yəni Ukrayna müharibəsi, Tayvan konflikti, Serbiya-Kosova qarşıdurması zamanında döşənmiş minalardır. Hesab edirəm ki, bu minaların indi olmasa da, nə vaxtsa partladılması versiyası mütləq şəkildə qalır. Bu müharibələr maraq, mövqe müharibəsidir və dünyanın bütün nöqtələrini tətikləyir. Buna görə də biz maksimum dərəcədə öz maraqlarımızın təmin olunmasına kilidlənməliyik. Əlbəttə ki, millətimizə, xalqımıza xas olan ədalət prinsipimizdən də vaz keçməməliyik. Bu proseslər necə qiymətləndirilməli və hansı yol əsas götürülməlidir? Bizim üçün əsas olan bu sualların cavabıdır. Bu məqamda Türkiyənin Ukrayna müharibəsi ilə bağlı tutduğu mövqeyi nümunə göstərmək yerinə düşər. Rusiya və Avropa Ukraynadakı savaş bataqlığına sürükləndikdən sonra Türkiyənin məharətlə oynadığı barışdırıcı ölkə rolu missiyası öz töhfəsini verdi. Faktiki olaraq Rusiya və Ukrayna bir masa arxasında və birgə işçi qrup şəklində İstanbulda oturub. “Taxıl dəhlizi”nin açılmasına nail olan Türkiyə de-fakto tənzimləyici və taxıl paylayan ölkə statusu qazandı. Bu proses Türkiyənin beynəlxalq nüfuzunu və geosiyasi proseslərə təsir imkanını xeyli artırdı. Hesab edirəm ki, biz də bu siyasi xətti izləməliyik. - Təşəkkür edirik, Anar bəy! Jalə Allahverdiyeva Xeber365.com |