Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli və Başqanlıq Heyətinin üzvləri Vətən Müharibəsinin şəhidi, "Canavar" ləqəbli Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Rəşad Abdullayevin ailəsini ziyarət edib.
Qəhrəman Rəşad bu gün həyatda olmasa belə, mökhəm karakteri, duruşu, xarizması və bütün mənəvi keyfiyyətləri o evdə hər addımda özünü göstərir. Bütün bu məziyyətləri həm də özündə daşıyan, Rəşadın ruhunu şad edən qəhrəman bir ailə yaşayır bu evdə. Bu evdə ləyaqətli, təmkinli, dəyanətli insanlar, hər şeyə rəğmən, gülümsəyən üzlər yaşayır. Atasının üz cizgiləriylə dolaşan Məmmədağa, atasının sevgisini daşıyan Rüqəyya yaşayır. Bu evdə hər şey şəhid kapitanın, qəhrəmanlığı dastana dönən Rəşad Abdullayevin mirasıdır, əmanətidir. Bu evdə hər şey hüzünlü və gözəldir...
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bu ailədə qonaq olmaq, Rəşadın uşaqlığından, qəhrəmanlığından, Azərbaycan sevdasından, cəsarətindən danışmaq, dərdləşmək, qəhərlənmək, övladları ilə birlikdə sevinmək, gülmək bizim üçün ibadət idi sanki. Bu isti, mehriban yuvada, bu gözəl ürəklərdə hər zaman bayram-ab havasının olması diləyi ilə şəhidimizin ruhu şad olsun! Bu vətən hər şeyə görə sənə minnətdardır, cənab Kapitan!