Ötən həftə Azərbaycan üçün çox mühüm qlobal hadisələr baş verdi.
Həm Avropa İttifaqının birdən-birə Azərbaycana investisiya proqramı çərçivəsində yardım paketini 140 milyondan 2 milyard avroya qaldırması, həm də Avropa və ABŞ rəsmilərinin Avropanı əlavə qazla təmin etmək üçün rəsmi Bakı ilə görüşləri artırması və əməkdaşlığı dərinləşdirməsi, eyni zamanda gözlənilmədiyi halda Fransa prezidenti Makronun təşəbbüsü ilə Avropa Şurasının sədri Mişel, Əliyev və Paşinyanın onlayn formatda da olsa, genişləndirilmiş görüşünün baş tutması bu sıradandır.
Bu arada digər mühüm xəbər Amerikada Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrail səfirləri arasında keçirilən görüşdür. Görüşün detalları bizə məlum olmasa da, bu formatda görüşün siyasi əhəmiyyəti yüksəkdir və bu, bir daha göstərir ki, Qərb 30 ildən sonra bir vaxtlar Şərqi Avropada olduğu kimi, indi də postsovet məkanından Rusiyaya “çıx” deyir. Daha doğrusu, çıxarmağa çalışır.
Çünki Rusiya 30 il öncə Yeltsinin Qərblə bağladığı sazişə əməl etmədi. Putin Rusiyasının burnunu sazişdən kənara çıxaraq, kurasiyasında olmayan yerlərə soxması Qərbi düşündürməyə bilməzdi. Bu düşüncələr Qərbi postsovet məkanına doğru hərəkətə gətirdi. Son hadisələri məhz bu kontekstdən dəyərləndirmək lazımdır.
Rusiyanın Ukraynada Avropanı qaz ixracını dayandıracağı ilə şantaj etməsi Qərbin üzünü Azərbaycan və Orta Asiyaya doğru çevirdi. Çünki Avropa Rusiyanın qaz asılılığından qurtulmalıdır.
Azərbaycan TAP və TANAP layihələri ilə Avropaya qaz ixrac edir. Ancaq bu layihələrlə satılan qazın həcmi azdır və böyük bir hissəsi Türkiyənin payına düşür. Yəni, Azərbaycan təkbaşına Avropanın qaz ehtiyacini ödəyə bilməz. Bu baxımdan da regiondakı başqa qaz ixrac edən ölkələrlə birgə layihələri nəzərdən keçirməlidir.
Nəzərə alaq ki, Qazaxıstan və Özbəkistan böyük qaz ehtiyatlarına malik iki ölkədir. Amma bu ölkələrin birbaşa Azərbaycanın iştirak etdiyi TAP və TANAP layihələrinə çıxışı yoxdur. Bu baxımdan hər üç ölkənin Avropaya qaz ixracatı üçün yeni layihələrdə iştirakı vacibdir. Məhz İsrailin də eyni problemi yaşaması, yəni Avropa ilə birbaşa quru yolunun olmaması regionda bu ölkəni önəmli enerji oyunçusuna çevirə bilmir.
Türkiyənin isə rolu burda tranzit ölkə kimi çox böyükdür. Türkiyə bu ölkələrin təbii qazını rahatlıqla Avropya daşıya bilər.
Bu, o deməkdir ki, Transxəzər Qaz Kəməri reallığa çevrilmək üzrədir. Ukrayna hadisələri də bu layihənin gerçəkləşməsini sürətləndirir. Amerika var gücü ilə Avropanın Rusiyadan qaz asılılığını azaltmağa çalışdığı üçün bölgəmizdə yeni siyasi reallıqlar cərəyan eləməyə başlayır.
Xülasə, ABŞ Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün alternativ ölkələrdən olan Azərbaycanla danışıqlar aparır. Kreml Avropa ölkələrinin Rusiya qazından imtina edə bilməyəcəyini düşünür. Çünki Avropa ölkələrinin Rusiya qazına yeganə alternativi Amerikadır, lakin ABŞ-ın Avropa ilə birbaşa quru bağlantısı olmadığından bu təlabatın tam ödənilməsi mümkün deyil. Yəni bütün hallarda Azərbaycan bu prosesdən Türkiyə ilə birgə uduşlu çıxa bilər.
Anar Əsədli
AY Partiya Başqanı