Azərbaycan Yüksəliş (AY) Partiyasının təşkilatçılığı ilə "27 aprel istilası fonunda müasir təhlükələr və çağırışlar - 2" mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri açan AY Partiya Başqanının I müavini – İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov gələn qonaqlara təşəkkürünü bildirib, ölkədə siyasi-ideoloji mövzularda müzakirələrin aparılmasına ehtiyac olduğunu deyib.
Sabiq səfir və millət vəkili, professor Nəsib Nəsibli “27 aprel istilası: səbəblər və müsəbbiblər” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, 27 aprel tariximizin ən faciəli hadisəsidir. Aprel işğalı ilə bağlı saysız-hesabsız kitab, əsər yazıldığını, araşdırmalar aparıldığını deyən Nəsib Nəsibli bu olayın akademik mövzu xarakterini itirdiyini diqqətə çatdırıb: “Bu məsələdə hələ də fikir ayrılıqları müşahidə olunur, hətta işğala inqilab deyənlər də var. 27 aprel işğalının ilk müsəbbibi Rusiyadır. Var olduğumuz müddətcə 27 aprel yaddaşımızda işğal kimi qalmalıdır. Xalq Cümhuriyyəti həqiqətən Rusiya ilə normal münasibət qurmaq istədi, Rusiya da özünü buna müsbət yanaşırmış kimi göstərdi. 1920-ci il aprelin 27-dək danışıqlar davam etdirildi, Rusiya xalqların öz müqəddəratını təyinetmə hüququnu tanıdığını bildirsə də, şərtlər irəli sürdü. Bu şərtlər öz müqəddəratını təyinetmə hüququnun proletariata tanınması, Azərbaycanda Kommunist Partiyasının təlimatlarının keçərli olması idi. Ən ağırı isə “bizdən olmayanlara mədəni muxtariyyət belə verilməyəcək” şərti idi. Bununla razılaşmaq təbii ki, mümkün deyildi”.
Nəsib Nəsibli bundan sonra Rusiya ilə münasibətlərin necə qurulması gərəkdiyi məsələsinə də toxunub: “Rusiya geridə qalmış, hərbi-feodal imperiya xarakterini hələ də qoruyub-saxlayır. Rusiyaya qarşı savaş açmaq dəlilikdir, amma tarixi ənənəsi türk-islam birliyinə düşmənçilik olan Rusiyadan imdad gözləmək daha böyük dəlilikdir”.
O, davamlı Rusiya xofu ilə yaşamağın doğru olmadığını bildirərək, əlavə edib ki, bu problemdən çıxış yolu milli birliyin təmin olunması, Bütöv Azərbaycan fikir və əməlinin gerçəkləşməsi, Türk Birliyinin qurulmasıdır.
Nəsib Nəsibli bildirib ki, 27 aprel işğalının digər müsəbbibləri arasında ermənilər, Azərbaycan demokratlarının saflığı da var idi.
“Cənubi Qafqazın çağdaş durumunda 27 aprelin geosiyasi dərsləri” mövzusunda məruzə ilə çıxış edən əməkdar müəllim, dosent Firdovsiyyə Əhmədova isə Rusiyanın işğal təhdidinin nə qədər real olduğunun 44 günlük Vətən savaşında bir daha sübuta yetirildiyini deyib. Onun fikrincə, Sovet Rusiyasının Azərbaycanın işğalı prosesi 1917-ci il oktyabr inqilabından başlamışdı: “Bu məsələ Şaumyana tapşırılmışdı. Rusiya mədəni muxtariyyəti belə rəva görmədiyi Azərbaycanı işğal etdi. Qərb dövlətlərinin 10 yanvar 1920-ci il tarixdə Azərbaycanın müstəqilliyini tanıması məhvə məhkum edilmiş tanınma idi. Əslində Qərb dövlətlərinin başçıları özləri etiraf edirdi ki, Cənubi Qafqaza ordu göndərilməsə, Rusiyanın işğalına məruz qalacaq. Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ayda Rusiya Azərbaycanda bütün sahələrdə iş aparır, təbliğatını qurur, adamlarını toplayırdı. Nəticədə istədiyinə nail oldu”.
Tarixçi-alim qeyd edib ki, maraqları olmasa, böyük dövlətlər kiçik dövlətlər üçün savaşmaz: “Biz elə bir qonşu ilə yaşamağa məhkumuq ki, ayıq olmamağa haqqımız yoxdur. Vicdanlı, peşəkar, vətənpərvər kadrlar önə çəkilməlidir. Cümhuriyyətimiz tariximizin ən böyük abidəsidir”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn çıxışına Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktının ilk 3 maddəsində 27 aprelin işğal kimi göstərildiyini xatırlatmaqla başlayıb: “Birinci maddədə qeyd edilib ki, 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin. İkinci maddədə Azərbaycan Respublikasının 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisi olduğu göstərilib. Üçüncü maddədə isə göstərilib ki, SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi bu sənəd imzalandığı andan etibarsızdır. Yəni bu tarix rəsmi olaraq işğal kimi tanınır. Bu gün dərsliklərdə də 27 aprel işğal kimi göstərilib. Bu, Rusiyaya qarşı olduğumuzu yox, imperializmə qarşı olduğumuzu göstərir”.
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib ki, bu gün Rusiya ilə yanaşı, ABŞ-ın da bizim üçün təhlükəli olduğunu bildirməliyik: “Rusiya pisdir, ABŞ yaxşıdır - deməklə iş bitmir. Çox oxumalı, bilik sahibi olduqdan sonra fikir sahibi olmalıyıq. Aprel işğalından, Rusiyanın Ukraynaya hücumundan dərs çıxarmalıyıq ki, Ukraynanın səhvlərini təkrar etməyək”.
Jurnalist, professor Qulu Məhərrəmlinin fikrincə isə tarix dərs çıxarmaq üçün öyrənilməlidir: “Real şeylər üzərində düşünmək lazımdır. Bu gün Azərbaycan həqiqətən güclüdür, amma Rusiyanın gücünə adekvat deyil. Ona görə Türk Birliyinin güclənməsi vacibdir”.
Qulu Məhərrəmli əlavə edib ki, Rusiyanın Ukraynaya hücumundan ən az itki ilə çıxacaq ölkələr Azərbaycan və Türkiyədir.
Politoloq Elxan Şahinoğlu bildirib ki, hər zaman işğal siyasəti yürüdən Rusiya hətta son günə qədər Ukraynaya hücum edəcəyini inkar edirdi: “Putinin işğaldan bir gün əvvəlki çıxışında Lenini tənqid edib, Stalini tərifləməsi göstərdi ki, o Sovet yox, Çar Rusiyasını bərpa etmək iddiasındadır. Ukraynanın bəzi səhvləri var təbii ki, amma bu, Rusiyanın işğalına haqq qazandırmır. Ukrayna Rusiyanın hücumuna tab gətirməsə, işğal təhlükəsi Qafqaz üçün də yaranacaq. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi çox vacib sənəd olsa da, bu, azdır. Türkiyənin Azərbaycanda hərbi bazaları yerləşdirilməlidir”.
Şair Ayaz Arabaçı bu tarixin unudulmaması üçün bədii yazıların yazılmasının vacibliyini vurğulayıb.
Günaz TV-nin rəhbəri Əhməd Obalı 27 aprelin böyük faciə olduğunu bildirərək, Ukrayna savaşına diqqət çəkib. Onun fikrincə, Cənubi Qafqaz ölkələri reallığı görməli, özlərini təhlükədən qorumaq üçün lazımi addımlar atmalıdır.
AMEA-nın Toponimiya qrupunun müdiri Elçin İsmayılov bu işğalın Qacarların zəifləməsi, Avropanın Azərbaycanın müstəqilliyini gec tanıması ilə başladığını bildirib: “Həmin vaxt Qafqaz ölkələri bir-biri ilə düşmən idi, bir araya gələ bilmədi: “Mən ona diqqət çəkmək istəyirəm ki, Rusiyanın işğalçı olduğunu bildiyimiz halda, Azərbaycanda bu qədər rusdilli məktəblərin olması kimə lazımdır?”.
İqtisadçı Şapur Qasimi Kommunist Partiyasının kommunist ideologiyasından uzaq, dövlət quldarlıq quruluşu olduğunu söyləyib.
Hüquqşünas Məmmədxan Əzizxanlı deyib ki, dövlətçilik ənənəsinin, şüurunun formalaşdırılması vacibdir: “Biz əvvəlcə ərəb işğalını araşdırıb, obyektiv şəkildə təqdim etməliyik. Xalq Cümhuriyyətinin işğalının səbəbləri açıq göstərilməlidir”.
Jurnalist Ləman Ələşrəfqızı bildirib ki, ən vacib məsələ milli birliyə nail olmaqdır.
Milli məsələlərə daha çox internet televiziyalarının yer verdiyini deyən jurnalist Aygün Muradxanlı isə qeyd edib ki, problemlərə sadəcə Quzey Azərbaycan prizmasından baxsaq, heç nəyə nail olmarıq: “Rusiya ilə yanaşı, İran rejiminin də təhdid olduğunu unutmayaq. Bütöv Azərbaycan ideologiyasından çıxış etməli, Moskva-Tehran tandemini diqqətdə saxlamalıyıq”.
AY Partiya Başqanı Anar Əsədli yekun çıxışı edərək, tədbir iştirakçılarına təşəkkürünü bildirib, belə müzakirələrin davamlı olmasının vacibliyinə diqqət çəkib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının şöbə müdiri Rufiz Qonaqov, Prezident Administrasiyasının, müxtəlif siyasi-ictimai təşkilatların, təhsil müəssisələrinin, mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu, AY Partiyanın eyni mövzuda keçirilən ikinci tədbiridir.