Bu günlərdə ictimai-siyasi fəal Bəxtiyar Hacıyev naməlum şəxslərin zorakılığına məruz qalıb.
Bəxtiyar Hacıyevin bildirdiyinə görə, başına torba keçirilərək, naməlum istiqamətə aparılıb, ona qarşı milli mənəviyyata, ləyaqətə, insanlığa təhqir sayılacaq nalayiq hərəkətlər edilib.
Tofiq Yaqublu olayından sonra ictimai-siyasi fəal Hacıyevə qarşı oxşar zorakı halların baş verməsi ölkəni idarə edən siyasi hakimiyyət üçün heç də yaxşı hal sayıla bilməz, çünki bu kimi hadisələri sifariş verənlər və icra edənlər hələ də tapılıb, layiqli cəzalarını almayıblar.
Dövlətin hüquq-mühafizə orqanlarının borcudur ki, cəmiyyətdə tutduğu siyasi mövqe və statusundan asılı olmayaraq, hər bir vətəndaşın başına gətirilmiş belə ləyaqətsiz, alçaldıcı, nalayiq hərəkətlərə, onları törədənlərə qarşı ciddi yanaşsın, cinayətkarlar dərhal aşkarlanaraq, sərt şəkildə cəzalandırılsın.
Aktiv siyasi fəaliyyət göstərən şəxslərə qarşı belə metodlar vasitəsilə mübarizə aparmaq heç bir sivil, demokratik çərçivəyə sığmır. Bir daha vurğulayırıq ki, sivil dünyada təhlükəsiz yaşamaq bütün maddi və mənəvi ehtiyacların fövqündə dayanır. Ölkədə siyasi münasibətlərin həm də bu formada təzahür etməsi yolverilməzdir, çünki hökumətlə müxalifət, cəmiyyət arasındakı kövrək dialoq mühitinə ağır zərbə vurur.
Azərbaycan Yüksəliş Partiyası baş vermiş bu özbaşınalığa etiraz edir, hüquq-mühafizə orqanlarından bu zorakılığın sifarişçilərinin və icraçılarının qısa müddətdə müəyyənləşdirilərək, məsuliyyətə cəlb edilməsini tələb edir.