Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli, Partiyanın İcra Apartının rəhbəri Bəhrəm İsmayıl, Başqanın İqtisadi siyasət üzrə müavini Rəşad Bakuvi, Partiyanın Ümumi Şöbəsinin müdiri Nurel Kərim ADA Universitetində məşhur türkoloq, tarixçi və ədəbiyyatşünas, Nəsiminin şeirlərini alman dilinə tərcümə və elmi şərh edən Michael Reinhard Hessin "Şuşa irsi, Azərbaycanın Mədəniyyət Mərkəzinin tarixi və inkişaf yolu" kitabının (Alman dilində) təqdimatında iştirak edib.
Dr. Mixael Hess 600 səhifəlik bu kitab üzərində 1 il işləyib, 500-dən çox mənbəyə istinad edib. Kitabın əsas mətninə xəritə və şəkillər, geniş indeks və 1500 şərh əlavə edilib.
Müəllifin bu əhəmiyyətli kitab barədə Azərbaycan türkcəsində geniş məlumat verməsi tədbirə əlavə rəng qatmaqla yanaşı, qonaqların heyrətinə və təəccübünə də səbəb oldu.
Kitabda mədəniyyət paytaxtı Şuşa şəhərinin salınması, Qarabağ xanlığının əsas ictimai-siyasi və mədəni mərkəzinə çevrilməsi tarixinə geniş formada işıq tutulub. Şuşanın Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, azərbaycanlılar üçün əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidə olduğunu vurğulayan alman professor Reinhard bildirdi ki, onun Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Alman dilində qələmə alınan bu dəyərli kitabın, xüsusilə Alman və Avropa auditoriyası üçün ciddi mənbə olacağına şübhə etmədiyini qeyd etdi. Təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllimin olduğunu vurğulayan müəllif əlavə etdi ki, bu insanların hamısının azərbaycanlı olması bir daha bizə sübut edir ki, Şuşa məhz Azərbaycanın və azərbaycanliların yurdudur.
Daha sonra tədbirdə söz alan AY Partiya başqanı Anar Əsədli müəllifə və bu kitabın təqdimatını həyata kəçirən ADA Universitetinə təşəkkür etdi, Şuşanın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Qarabağ savaşında dövlətin, xalqın, cəmiyyətin həmrəyliyindən söz açaraq, avropalı alimin məhz bu tarix barədə faktlarla zəngin bir kitab qələmə almasını əhəmiyyətli hadisə kimi qiymətləndirdi.