Əziz soydaşlarımız!
Bu əziz Novruz Bayramı münasibəti ilə sizləri təbrik edir, xalqımıza əmin-amanlıq və səadət arzulayıram.
Novruz Azərbaycanda mənşə etibarı ilə ən qədim bayramlardandır. Xalqımızın əsrlərdir, qeyd etdiyi Novruz bayramı yazın gəlişi, təbiətin oyanışı, Yeni ilin başlanğıcıdır. Bolluq-bərəkət rəmzi olan Novruz türk xalqlarının milli ruhunu, adət və ənənəsini özündə birləşdirən əhəmiyyətli günlərdəndir.
İki ildir, Novruz bayramını həm də Qarabağda azad olunan torpaqlarımızda qarşılayırıq. Bizə bu günləri yaşadanları unutmuruq, canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, Ordumuza hər zaman Zəfər diləyirik. Azərbaycan əsgərinin bayramını təbrik edirik.
Qədim Türklərdə Yeni Gün, Yeni İl – Ergenekon qurtuluşundan bəri qeyd olunan Novruz bayramının əsas dörd təbiət ünsürü - hava, su, torpaq və od kimi müqəddəs saydığımız elementlərin cəmidir Vətən. Vətənimizin düşmən işğalındakı torpaqlarının böyük əksəriyyəti azad olunub. Bu, bizim gələcəyə, ən yaxın zamanda Xankəndi, Xocalı, Xocavənddə də müqəddəs bayrağımızın dalğalanacağına inamımızı artırır.
Azərbaycan Yüksəliş Partiyası bu gözəl gündə bayram münasibətilə həm Güney Azərbaycanda, həm də ölkə xaricində olan bütün soydaşlarımızı təbrik edir.
Dəyərli vətəndaşlarımız!
İndi millət olaraq bizim qarşımızda daha bir imtahan durur. Bu, demokratiya, fərdi hürriyyət, sosial ədalət, açıq cəmiyyət, qanunların aliliyi – bir sözlə, bizi yüksəlişə aparacaq zəruri ictimai-siyasi formasiyanın qurulması imtahanıdır.
Bütün çətinliklərə baxmayaraq, hər bir məsələdə zəfər qazanacağımıza əminlliyimizi dilə gətirir, belə ağır, bir o qədər də şərəfli yolda hər birinizə uğur diləyir, yurdumuza, elimizə, obamıza yüksək inkişaf arzulayıram.
Novruz Bayramınız qutlu olsun!
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli