Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin Şimali Kipr Türk Respublikasında (Kuzey Kıbrıs Türk Cümhuriyyəti) rəsmi görüşləri davam edir.
Avqustun 11-də Anar Əsədli bu ölkənin Turizm naziri, KKTC Demokrat Pariyasının Başqanı Fikri Ataoğlu ilə görüşüb.
Görüşdə AY Partiya Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov və Başqan müavini Gülşən Hacıyeva iştirak ediblər.
Əvvəlcə AY Partiya haqda məlumat verən Başqan Şimali Kipr Türk Respublikasına səfərinin məqsədini açıqlayıb. Anar Əsədli rəhbərlik etdiyi təşkilatın son illərdə Azərbaycandan qardaş ölkəyə gələn ilk siyasi partiya olduğunu diqqətə çatdırıb, iki dövlət arasında münasibətlərin genişlənməsində maraqlı olduqlarını bildirib.
Görüşdə bir sıra məsələlər, o cümlədən siyasi partiyalar arasında əlaqələrin yaranması, əməkdaşlıq perspektivləri, başqa bir sıra problemlər barəsində fikir mübadiləsi aparılıb. Azərbaycanla Şimali Kipr arasında turizm əlaqələri də görüşdə geniş müzakirə olunub. Şimali Kiprin iqtisadi həyatında mühüm yer tutan turizm sektorunun uzun illərdən bəridir ki, uğurla həyata keçirilən təcrübəsinin ölkəmizdə tətbiq olunmasının vacibliyi qeyd olunub. Turizmin inkişaf etdirilməsinin önəmi vurğulanıb. Həmçinin vaxtilə iki ölkə arasında mövcud olmuş təyyarə uçuşlarının bərpa olunması ilə bağlı da müzakirələr keçirilib.
Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr təqdim ediblər.