Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Mersin Ticarət və Sənaye Odasının İdarə Heyətinin Başqanı Ayhan Kızıltanla görüşüb.
Anar Əsədli AY Partiya haqqında məlumat verərək, Mersin vilayətinə səfərin məqsədindən danışıb. İki ölkə arasında münasibətlərin bütün sahələrdə ən yüksək səviyyəyə çıxarılmasının vacibliyini vurğulayan AY Partiya Başqanı bildirib ki, ilk növbədə iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə ehtiyac var. O, Türkiyənin önəmli liman və sənaye şəhərlərindən biri olan Mersinlə Azərbaycanın sənaye şəhərlərinin əlaqələrinin yaradılmasının vacib olduğunu bildirib: “Biz ciddi addımlar atmalıyıq. İki ölkə arasında gediş-gəliş, yaşamaq, biznes qurmaq və digər sahələrdə məhdudiyyətlər aradan qaldırılmalıdır. Məsələn, ilk mərhələdə gömrük rüsumu rüsumu ləğv edilməli, iki ölkənin milli valyutasının hər iki ölkədə istifadəsinə imkan yaradılmalıdır. Bu kimi işlər zaman-zaman görülməlidir ki, iş adamları bürokratik əngəllər, zaman itkisi ilə üzləşməsinlər. Ən vacib məsələ bölgələrdəki iş adamlarını bir araya gətirərək, regionlarda iş imkanlarını öyrənməkdir”.
Ayhan Kızıltan isə bildirib ki, ölkələrimiz arasında mövcud olan bağları daha da gücləndirmək lazımdır. O, Türk dövlətlərinin bütün platformalarda bir-birlərini heç bir şərt irəli sürmədən dəstəkləməli olduğunu deyib: “Necə ki, 44 günlük savaşda Türkiyə Azərbaycana açıq şəkildə dəstək verdi, bütün dövlətlər lazım olan anda bu addımı atmalıdır. Azərbaycan-Türkiyə həmrəyliyi Türk dünyasına örnək olmalıdır”.
AY Partiya Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, başqan müavini Gülşən Hacıyeva, ATAMDER-in üzvlərinin iştirakı ilə keçirilən görüşdə Anar Əsədli Ayhan Kızıltana Azərbaycan bayrağı və “Xarı bulbul” nişanı, Ayhan Kızıltan isə Anar Əsədliyə Atatürk nişanı təqdim edib.