Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli və müavinlər Gülşən Hacıyeva, Rəşad Bakuvi, Nigar Sultanlı Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadənin qonağı olublar.
Son günlər populyarlaşan “Təbrizin sehirli nağılları” kitabının müəllifi olan Cəmilə xanım ömrünü Təbriz miniatür sənətinin tədqiqinə həsr edib desək, yanılmarıq.
Təbrizin miniatür boyakarlığı, miniatür məktəbinə aid onlarla kitab, yüzlərlə elmi əsər, məqalə yazıb, bu istiqamətdə araşdırmalarını bu gün də yorulmadan davam etdirir. Azərbaycan, rus, fransız, ingilis dillərini mükəmməl bildiyi üçün ən müxtəlif mənbələrdən yararlanır, araşdırmalarını danılmaz faktlarla əsaslandırır.
Türk sevdalısı olan Cəmilə xanımın tək istəyi tariximizin saxtalaşdırılması cəhdlərinin qarşısının alınmasına, gerçəklərin istər Azərbaycan, istər Türk dünyası, istərsə də bütün dünyada yayılmasına nail olmaqdır. Bunun üçün də üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirir.
Cəmilə xanım görüş zamanı müəllifi olduğu kitablardan birini AY Partiyanın kitabxanasına hədiyyə edib.
Eyni zamanda AY Partiya Başqanın özünün müəllifi olduğu “Vicdanın labüd etdiyi savaş” və “AY Partiyanın kitabxanası” seriyasından olan güneyli soydaşımız Məhsa Mehdilinin “44 günlük savaşda Güney Azərbaycan” kitabını Cəmilə xanıma hədiyyə edib.
Söhbət zamanı Cəmilə Hüseynzadənin Təbriz miniatür sənətinə aid rus dilindəki kitablarından birinin öz dilimizə tərcümə edilərək, “AY Partiyanın kitabxanası” çərçivəsində çap edilməsinə dair razılıq əldə olunub.