Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli və müavinlər Gülşən Hacıyeva, Sevinc Fədai, Nigar Sultanlı şəhid Teymur Turanın "Qürub vaxtı" kitabının təqdimatında iştirak ediblər.
32 illik qısa ömrünə böyük ideyalar, əməllər sığdıran Teymur Turanın yazdıqlarını oxuduqca, haqqında deyilənləri dinlədikcə necə işıqlı, vətənpərvər, ədalətli, bir sözlə əsil vətəndaş olduğunu dərk edirsən.
Tədbirdə çıxış edən AY Partiya Başqanı Anar Əsədli bütün şəhid və qazilərimizə, müharibə iştirakçılarımıza borcumuzun heç nə ilə ödənməyəcəyini vurğulayıb.
“Kitabı vərəqlədikcə Teymurun şəxsiyyəti barədə çox müsbət təəssürat yaranır. Vicdanın insan həyatında roluna toxunan şəhidimiz “həyatına qarşı olduğun qədər, işinə qarşı da vicdanlı ol”, - deyir. Dünyanın ən böyük sərkərdəsinin adını daşıyan, özünə hər birimizin xəyalı olan Turanı təxəllüs seçən Teymur elə belə də yaşamalıydı. Hər fikrində onun Türk, Turan sevdalısı olduğu aşkar görünür. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik”, - deyə AY Partiya Başqanı çıxışında bildirib.
Bütün şəhidlərimizin ruhu şad olsun!