Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Cənab Prezident!
Birinci Qarabağ savaşının iştirakçılarından olan Gədəbəy rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmli 1 aydan artıqdır, saxlanıldığı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirir. Bu olay cəmiyyətin müxtəlif təbəqələrində ciddi narahatlıq doğurur və bu, özünü fərqli formalarda göstərməkdədir.
Saleh Rüstəmli istər İcra Hakimiyyətinin başçısı, istərsə də döyüşçü kimi vəzifəsinin öhdəsindən layiqincə gələ bildiyindən vətənsevər insan kimi hörmət qazanıb.
Cənab Prezident!
Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsinin Ali Baş Komandanı kimi, Saleh Rüstəmlinin Qarabağ qazisi və öhdəsində əlilliyi olan övladının olduğunu nəzərə alaraq, Sizdən onun azadlığa buraxılması üçün səlahiyyətləriniz çərçivəsində yardımçı olmağınızı xahiş edirik.
İnanırıq ki, belə bir həssas məqamda göstərəcəyiniz alicənablıq və atacağınız addım son günlər cəmiyyətdə baş alan nifrət və şiddətin qarşısını alacaq, humanizm və qarşılıqlı dialoqun inkişafına, siyasi tolerantlığın bərqərar olmasına xidmət edəcək.