Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Şimali Kipr Türk Respublikasının (KKTC) Prezidenti Ersin Tatar ilə görüşüb.
Görüşdə AY Partiya Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqan müavini Gülşən Hacıyeva iştirak ediblər.
Anar Əsədli AY Partiya haqqında məlumat verərək, KKTC-yə səfərin məqsədi barədə danışıb.
AY Partiya Başqanı ölkələrimiz arasında münasibətlərə toxunaraq, iki ölkənin siyasi partiya və QHT-i arasında əlaqələrin çox aşağı səviyyədə olduğunu bildirib.
Anar Əsədli deyib ki, siyasi partiyalar dövlətin xarici siyasətində aktiv rol almalı, bəzən hakimiyyətlərin, dövlət qurumlarının açıq ifadə edə bilmədiyi məsələləri gündəmə gətirməlidir.
Bu baxımdan KKTC-nin müstəqilliyinin tanınması mövzusunu da siyasi təşkilatlarr dilə gətirməli, üç ölkənin – Türkiyə, Azərbaycan və Şimali Kiprin partiyaları bu məsələdə ortaq hərəkət etməlidir.
Prezident Ersin Tatar artıq 1 millət, 3 dövlət olduğumuzu diqqətə çatdıraraq, birgə fəaliyyətin arzulanan nəticə verəcəyini qeyd edib.
Görüşdə iki ölkə arasında siyasi əlaqələrinin inkişafı ilə bağlı digər məsələlər də müzakirə olunub.
AY Partiya Başqanı Anar Əsədli Prezidentə Azərbaycan bayrağı, Qarabağ zəfərinin simvolu olan "Xarı bülbül" nişanı, Məhəmməd Əmin Rəsulzadənin müəllifi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 1918-ci ilə ithafən 1918 nüsxə çap edilən "Əsrimizin Siyavuşu" kitabını, Prezident isə AY Partiya Başqanına köhnə Lefkoşanın qapısının tablosunu təqdim edib.