Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Türkiyədəki Uyğur Araşdırmalar Mərkəzinin başqanı, əslən Şərqi Türküstandan olan Abdullah Oğuz, İstanbul Universitetinin professoru, Şərqi Türküstan üzrə mütəxəssis, İsa Yusuf Alptekin Vəqfinin müşaviri Ömər Kul, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, filosof Yasəmən Qaraqoyunlu görüşüb.
Görüşdə Başqan müavinləri Aynur Qəzənfərqızı, Rəşad Bakuvi, Gülşən Hacıyeva, da iştirak ediblər.
Görüşdə Türk Dünyası birliyinin möhkəmlənməsinin vacibliyi qeyd edilib, Şərqi Türküstanda baş verən hadisələr haqqında danışılıb.
Bildirilib ki, Şərqi Türküstan məsələsi son zamanların aktual mövzularındandır. Abdullah Oğuz və Ömər Kul orada yaşayan soydaşlarımızın problemləri barədə ətraflı məlumat veriblər.
Anar Əsədli Uyğur türkləri də daxil olmaqla müxtəlif bölgələrdə yaşayan türk toplumlarının ortaq mərkəzlərin yaradılmasını vacib sayıb. O qeyd edib ki, Türkiyə, Azərbaycan, digər Türk dövlətlərinin bir araya gəlməsi üçün təkcə ən üst, yəni dövlət rəhbərlərinin yox, müxtəlif rəsmi qurumların da koordinasiyalı şəkildə birgə fəaliyyət göstərməsi vacibdir. Partiya Başqanı bildirib ki, Türk kökənli siyasət adamlarının dünya üzrə bir mərkəzi qurulsa, çox faydalı olar.
Tərəflər Türk Dünyasının möhkəmlənməsi, inkişafı baxımından daha səmərəli və faydalı ola bilmək üçün birgə fəaliyyət planları haqqında müzakirələr aparıb.