Cənubi Qafqazda sular heç cür durulmur. Buna səbəb Ermənistanın sülh danışıqları prosesini tormozlamaq cəhdləridir. Sülh sazişinin imzalanmasının müzakirə olunduğu ərəfələrdə ölkənin daxilində baş qaldıran siyasi gərginliyi dəf etməkdə çətinlik çəkən baş nazir Nikol Paşinyan təəssüf ki, çıxış yolunu hərbi təxribatlar törətməklə prosesləri dalana soxmaq və vaxt udmaqda görür. Hətta bu halda belə, heç bir siyasi divident əldə etməyən, əksinə, Ermənistan dövlətinin özünə gəlməsi üçün açılmış yeni qapıların bağlanmasına aparan davranışlarla erməni siyasi elitasının və cəmiyyətinin bu yaxın zamanlarda düzələcəyinə az ehtimal var.
AY Partiya başqan müavini Rəşad Bakuvi regionda son baş verən hadisələr barədə "Bizimyol.info" saytına danışıb.
Rəşad bəy, nələr baş verir və Brüsseldə Əliyev-Paşinyan görüşü bizə nə vəd edir?
- Öncə fürsətdən istifadə edərək noyabrın 16-da şəhid olmuş hərbiçilərimizin yaxınlarına baş sağlığı verirəm, Vətən yolunda canından keçən hər bir qəhrəmanımıza Allah rəhmət eləsin, yaxınlarına səbr diləyirik, yaralılarımıza tezliklə sağalıb sıraya dönməsini arzulayırıq.
Ötən il müharibədən sonra Moskva, Bakı və İrəvan arasında imzalanan 10 noyabr üçtərəfli atəşkəs bəyannaməsindən sonra ilk dəfə belə genişmiqyaslı hərbi əməliyyatlar, bu dəfə, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması proseslərinin yubadılması fonunda baş verir. Təbii, məğlub Ermənistan rəhbərliyi mövcud şərtlərin onun arzuladığı prinsiplər üzərindən baş tutmadığını anladıqca, çıxış yolunu müəyyən məhəlli hərbi təxribatlar törədib bir az da vaxt qazanmaqda görür.
Əvvəla qeyd edək ki, prezident Əliyevlə Paşinyan arasında baş tutacaq 15 dekabr görüşünün ən həssas məqamı bunun Rusiyanın vasitəçiliyi olmadan baş verəcəyidir. Ona görə həssasdır ki, hələ ötən ay Valday Forumunda Rusiya prezidenti Vladimir Putin xüsusi olaraq qeyd etmişdi ki, Moskvanın vasitəçiliyi çərçivəsində Azərbaycanla Ermənistan arasında problemlərin həllində əlavə kimsəyə gərək yoxdur. Bu bəyanatın bir ucu hərbi-siyasi müttəfiqimiz qardaş Türkiyəyə toxunurdusa, digər bir ucu da Paşinyanın prosesə cəlb etmək istədiyi Qərbə ismarıc idi. Məhz bu gedişatın fonunda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təkbətək görüş təşəbbüsünü hər iki ölkə liderinin müsbət qarşılaması, daşların oyun taxtasına yenidən düzülməsi ehtimalını yaradır. Görüşü xüsusi edən daha bir önəmli faktor isə, Bakı və İrəvanın toqquşmaların qarşısını almaq məqsədilə müdafiə nazirlərinin birbaşa əlaqə yaratması üzərində razılaşmasıdır. Məhz bu razılıq, Rusiyadan fərqli olaraq, Qərbin Azərbaycanla Ermənistan arasında real siyasi dialoqun başlaması, iki qonşu ölkə və xalqlar arasında sülh və barışa aparan yolda çözümlərin təkbətək görüşlərdə tapılmasında nə qədər səmimi olduğunu göstərir. Çünki müdafiə nazirlərinin birbaşa əlaqə yaratması təkcə insidentlərin qarşısını almaq yox, həm də Bakı-İrəvan xəttində postmünaqişə dövrü üçün əhəmiyyətli olan münasibətlərin normallaşması baxımından vacibdir. Ən azından bu, bir müsbət presedent yaradacaq ki, sonrakı dövrlərdə iki ölkə heç bir vasitəçi olmadan müzakirələr aparmaq üçün yeni fürsətlər əldə etsin. Belə hesab edirik ki, bu, hər iki tərəfin maraqları çərçivəsindədir, xüsusilə Rusiyanın vasitəçilik adı altında bölgədə tamamilə fərqli qıcıqlandırıcı siyasət həyata keçirməsi fonunda. Moskvanın heç vaxt birbaşa təmasa maraqlı olmadığı bir vaxtda, rəsmi Brüsselin Əliyevlə Paşinyanı təkbətək görüşdürməklə bağlı əldə etdiyi razılıq diqqət çəkməyə bilməz.
Xatırlayırsınızsa, hələ bir müddət əvvəl dövlət başçısı İlham Əliyev delimitasiya və demarkasiya prosesində Aİ-nin texniki və mütəxəssis dəstəyinə isti yanaşdığını ifadə etmişdi. Ermənistan baş nazirinin də sözügedən məsələdə maraqlı olduğu kimsədə şübhə doğurmur. Təbii, Brüsselin Əliyev-Paşinyan görüşünün təşkili, İttifaqın sərhədin dəqiqləşməsi prosesində vasitəçi olmaq, bunun üzərindən bölgədəki güc balansında yerini tutmaq niyyətini də düzgün oxumaq lazımdır. Məsələ burasındadır ki, Moskvanın qurduğu masalarda həm Bakının, həm də İrəvanın alternativin mövcudluğu və birbaşa təmaslarda imkanların hələ tam tükənmədiyini ruslara göstərmək, belədə öz maraqlarını qorumaq fürsəti yaranır.
- Sizcə, Rusiya buna seyrçi qalacaqmı?
- Birincisi, müharibədən sonra Əliyevlə Paşinyanın ilk dəfə Rusiyanın vasitəçiliyi olmadan bir araya gəlməsi və təbii, Kremlin bunu sakit qarşılayacağını təxmin etmək sadəlövhlük olardı. İkincisi, ən maraqlısı isə, müharibənin ildönümündə Moskvanın əvvəlcədən də anons etdiyi üçtərəfli görüş planının baş tutmaması fonunda, Brüsselin önə çıxıb iki liderin görüşünə nail olmasıdır. Hesab edirik ki, Rusiya XİN 15 dekabra qədər Moskvada planlaşdırdığı Əliyev-Putin-Paşinyan görüşünün gerçəkləşməsi üçün bütün mümkün rıçaqları işə salacaq. Ən son, 15-16 noyabrda baş verən hərbi təxribatlar fonunda, hətta Moskva görüşü baş tutmayacağı halda, təmas xəttində buna bənzər hadisələrin yenə yaşana biləcəyi ehtimalını gözardı etməməliyik, çünki nə edəcəyi bəlli olmayan rəsmi Kreml proseslərdə moderatorluğun əlindən çıxmaması üçün ən pis təzyiq formalarını da işə sala bilər. Bilirsiniz ki, Putin artıq son bir həftədə iki dəfə Paşinyana telefon açıb, mövcud vəziyyəti dəyərləndirib. Putinlə Paşinyan arasında telefon danışığı zamanı üçtərəfli bəyanatın bəndlərinin icrasının müzakirə edildiyi ilə yanaşı, rəsmi İrəvana müəyyən sərt mesajların çatdırıldığı da istisna edilmir. İnandırıcı versiyalardan biri budur ki, Paşinyan Rusiyanın təklif etdiyi üçtərəfli görüşə razılaşmadığı halda, niyə məhz Avropa İttifaqının təklifini qəbul etməsilə əlaqədar izahat istəyib. Çox güman, Avropa İttifaqının təşkil etdiyi görüş ərəfəsində Ermənistanın Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmalara nə dərəcədə sadiq qalacağı dəqiqləşdirilir həm də. Moskvanın İrəvana zənginin bir səbəbi də Brüssel görüşündən öncə Rusiyanın üçtərəfli görüş təklifini reallaşdırmaq cəhdi ola bilər. Moskva Avropa masasında vasitəçiliyinə qarşı yarana biləcək mümkün risklərin qarşısını almaqda maraqlıdır, ona görə də, iki ölkə liderinin Avropaya səfər etməzdən öncə Moskvada görüşmələrinə nail olmağa cəhd edəcək, hətta buna nail olmasa, böyük ehtimal, Putin son zənglə Paşinyana başa salıb ki, Rusiyanın nəzarətindən kənar istanilən təşəbbüs onlara baha başa gələ bilər.
- Bilirsiz ki, üçtərəfli danışıqlar formatında birbaşa təmsil olunmasa da, Türkiyənin regionda baş verən geosiyasi proseslərdə tərəf olduğu faktdır. Son hadisələr fonunda Türkiyənin mövqeyini necə qiymətləndirirsiniz?
- Qardaş Türkiyə Azərbaycanın haqlı davasında bütün mümkün resursları ilə dövlətimizin və xalqımızın yanındadır və bütün səviyyələrdə bu mövqe ifadə olunmaqdadır. İstər prezident Ərdoğanın bəyanatları, istər Türkiyə XİN və müdafiə naziri səviyyəsində davamlı açıqlamalar, bəyanatlar Azərbaycanın təhlükəsizliyinin Türkiyə üçün "qırmızı xətt" olduğunu bir daha dosta və düşmənə agah edir.
Məsələ burasındadır ki, Ermənistan odla oynamağa son qoymalıdır və həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərini normallaşdırmaq üçün ona təklif edilən şərtləri qəbul etməlidir. Ermənistanın çox açıq olan bu şərtlərlə razılaşmaqdan başqa çarəsi yoxdur. Nədir Ankaranın şərtləri? Sərhədlərin açılmasını istəyirsinizsə, Bakının tələblərini yerinə yetirin, vəssalam.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın xarici mətbuata ən son müsahibəsində “Türkiyədən münasibətlərin normallaşması üçün müsbət siqnallar almışıq, lakin Ankara yeni şərtlər təqdim edir, onların arasında Azərbaycanla Naxçıvanın əlaqəsini yaradacaq dəhliz də var” deməsi, rəsmi Ankaranın Ermənistana bir neçə təklifinin olduğunu nümayiş etdirir. Böyük ehtimal, bu təkliflərə çox mühüm olan Zəngəzur dəhlizinin Bakının şərtləri çərçivəsində açılması, sərhədlərin delimitasiya-demarkasiyası, ərazi bütövlüyünün tanınması, İrəvanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından, o cümlədən, qondarma “erməni soyqırımı” iddialarından vaz keçilməsi və ən sonda, bölgəyə barış gətirəcək Azərbaycanla sülh müqaviləsinin imzalanması daxildir.
Paşinyan bu məsələlər fonunda hər dəfə prezident Əliyevin sonlandırdığı "Dağlıq Qarabağ məsələsi"nin tənzimlənməsini əlavə şərt kimi ortaya atsa da, Bakı bununla razılaşmır. Görünən odur ki, rəsmi Bakı Qarabağın rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi hissəsi ilə bağlı suverenlik probleminin birdəfəlik həllini, məhz Ermənistanla bağlanacaq sülh müqaviləsindən sonraya saxlayıb. Azərbaycan rəhbərliyinin məhz bu incə diplomatik nüansa görə Rusiyanın suveren ərazilərimiz olan Qarabağda bizi qıcıqlandıran missiyadan kənar davranışlarına, məhəlli hərbi-siyasi şıltaqlıqlarına göz yumduğunu başa düşmək olar.
Qaldı ki, Ermənistanın Ankara və Bakının ona təklif olunan şərtlərlə razılaşıb-razılaşmamasına, Mirzoyan “dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq, tranzitə icazə verməlidir, bölgədəki bütün rabitə kanalları yenidən açılmalıdır” deməklə, Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq nəqliyyat xəttinə qarşı olmadıqları mesajını çatdırır. Sadəcə, İrəvanın istəmədiyi, Bakı və Ankaranın tələb etdiyi məsələ Naxçıvana çıxacaq xəttin nəqliyyat yolu yox, məhz dəhliz olmasıdır. Dəhliz və nəqliyyat xəttinin hüquqi-siyasi əhəmiyyəti fərqlidir. Belə ki, İrəvan tələb edir ki, nəqliyyat xəttində əsas qərarverici tərəf olsun və yolun hər iki başında sərhəd-gömrük məntəqələri qura bilsin. Yolun dəhliz olacağı təqdirdə isə Ermənistana sərhəd-gömrük postu qurmağa, ümumiyyətlə, bu yola müdaxilə etmək imkan olmur. Ən pis halda, dəhliz yox, nəqliyyat yolu olacaqsa belə, rəsmi Bakı bundan Laçın dəhlizinə sərhəd-gömrük postu qurmaq məqsədilə şərt kimi istifadə edə bilər. Azərbaycan cəmiyyəti bu gün ən çox da bu məsələdə, Laçın dəhlizinin ordumuzun nəzarətinə keçməsi üçün həyəcan təbili çalır və erməniləri "yola gətirmək" üçün bu addımın atılmasını yeganə çıxış yolu kimi göstərir.
Çünki himayədarlarının hansı ölkələr olmasından asılı olmayaraq, rəsmi İrəvan Ankara və Bakının şərtlərini qəbul etməsə, blokada vəziyyəti bundan sonra da davam edəcək ki, onsuz da sosial-iqtisadi vəziyyəti çox acınacaqlı olan Ermənistan üçün bunun əvvəlki illərlə müqayisədə həm siyasi, həm də iqtisadi cəhətdən daha dözülməz vəziyyət yaradacağı şübhə doğurmur. Rusiyanın vasitəçiliklə bağlı təşəbbüslərinə Zəngəzur dəhlizinin açılması ilə yanaşı, paralel olaraq, digər nəqliyyat-kommunikasiya xətlərinin (Qazax-İcevan yolunun açılması da istisna edilmir) açılması daxildir ki, bu proses İrəvan tərəfdən tormozlansa, bu, Rusiyanın bölgədəki siyasətinə qarşı çıxmaq hesab olunacaq. Bundan başqa, Paşinyan hakimiyyətə gəldiyi vaxtdan bu yana seçicilərinə vəd etdiyi iqtisadi firavanlığa heç cür nail ola bilmir, çünki anlayır ki, bunun tək yolu Ermənistanın maliyyə donorlarının mərkəzi sayılan Qərbə praktiki çıxışı olan Türkiyə ilə münasibətləri normallaşdırmaqdan, eləcə də xarici siyasəti şaxələndirmək imkanlarını genişləndirməkdən asılıdır. Bunlardan vaz keçmək Paşinyan hökumətini daxildə siyasi böhranla üz-üzə qoya bilər.
Qaldı ki, iqtisadi çətinliklərə, bilirsiniz ki, müharibədən əvvəl Ermənistan müəyyən sıxıntılarını işğalda saxladığı Qarabağın torpaq, su potensialından, yerüstü-yeraltı sərvətindən gen-bol yararlanmaqla həll edirdi. Artıq İrəvan belə unikal, rahatladıcı imkanlardan məhrum olub. Əlavə olaraq, Azərbaycanın Gorus-Qafan yoluna nəzarəti bərpa etməsi İrandan Ermənistana yük daşımalarının intensivliyinə və həcminə də ciddi mənada təsir edib. Nəzərə alaq ki, payız-qış mövsümündəki sərt iqlim şərtlərindən dolayı Rusiyadan Ermənistana daşımalarda Gürcüstan marşrutu da keçilməz olur. Ermənistanla sərhədlərin bərpasından sonra ermənilərin işğal dövründə zəbt etdikləri otlaq-əkin sahələrindən məhrum olması və sərhədboyu ərazilərdə yaşayanların vəziyyətinin ağırlaşması da rəsmi İrəvana əlavə başağrısıdır.
Gerçəklik isə bundan ibarətdir ki, iqtisadi blokadanın Ermənistan üçün yaratdığı fəlakətdən xilas olmağın yeganə çıxış yolu qonşularla birbaşa diplomatik əlaqələri bərpa edib, qalıcı barış naminə Azərbaycanla sülh müqaviləsi bağlamaqdır. Paşinyan bu mənada tələsməlidir. Əks halda, işğal dövründə blokadanın yaratdığı çətinliklərə zar-zor tab gətirən Ermənistanın, indiki, qlobal iqtisadiyyatın böhranlı vaxtında olan-qalan imkanları da tükənməkdədir.