Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli ABŞ prezidenti Co Baydenə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati aliləri!
Azərbaycan Yüksəliş Partiyası olaraq, ABŞ dövlətinin və xalqının şanlı tarixi - Müstəqillik Günü münasibəti ilə şəxsən Sizi və sizin simanızda Amerika Birləşmiş Ştatları xalqını təbrik edirik.
Sonradan ABŞ-ın üçüncü prezidenti olan Tomas Ceffersonun müəllifliyi ilə Böyük Britaniya Krallığından azadlıq deklarasiyasının 1776-cı ilin 4 iyul tarixində qəbul olunması, dünyada azadlıq və demokratiya epopeyasının başlanğıcı oldu. Amerika Birləşmiş Ştatları xalqının müstəqilliyə və demokratiyaya qovuşmaq yolunda göstərdiyi əzmkarlıq, dünya xalqları üçün də presedent və təkanverici amilə çevrildi. Xalqınızın Amerika qitəsində ilk demokratik dövlət qurması, digər xalqlar kimi, bizim üçün də nümynəvi yol oldu və beləcə 1918-ci ildə Şərqdə ilk demokratik respublika - Azərbaycan Dünya xalqlarının azad yaşama hüquqları və müstəqillik hüquqlarının təsbit olunmasında, insanların söz azadlığı, fikir azadlığı və sərbəst toplaşma azadlığı kimi təməl, müstəsna demokratik dəyərlərin, eləcə də seçmək, seçilmək, təhsil və sosial haqların müdafiə olunmasında ABŞ dövlətinin beynəlxalq arenada göstərdiyi xidmətlər danılmazdır.
Dəyərli tarixi olan Amerika-Azərbaycan dostluğunun möhkəmlənməsinə xidmət edən, müasir dövrdə həyata keçirilən enerji və sənaye sahələrindəki sıx əməkdaşlıq, xalqlarımız və dövlətlərimiz arasında qarşılıqlı etimadın göstəricisidir.
ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi də yüksək qiymətləndiririk.
Cənab prezident!
Xalqınızın və dövlətinizin şanlı tarixi günü münasibətilə təbriklərimi və xoş arzularımı ifadə edirəm. Yaşasın Demokratiya! Yaşasın ABŞ-Azərbaycan dostluğu!
Dərin hörmət və ehtiramla,
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Anar Əsədli
4 iyul 2022-ci il
Bakı şəhəri".