Dünən daha bir qazimiz intihara cəhd edib. Sabirabadın Qalaqayın kənd sakini, Vətən müharibəsi iştirakçısı, "Mauqli" ləqəbli XTQ hərbçisi Elvin Cəfərov rayon İcra Hakimiyyətinin önündə özünü yandırıb. Vəziyyəti ağır olan veteran Bakıya gətirilib. Bildirilir ki, iş tapa bilməyən Elvin Cəfərovun müavinəti də iki aydır, kəsilib.
Bu, artıq neçənci qazi intiharı və ya ölümüdür? Hər dəfə bu barədə danışır, yazır, açıqlamalar veririk, amma faciənin qarşısını ala bilmirik.
Düşünürəm ki, cəmiyyət olaraq, bu məsələdə səfərbər olmalıyıq. Xüsusilə cəmiyyətin öndə olan şəxsləri və qurumları səssiz qalmamalıdır.
"Hakimiyyətin bu məsələdə siyasəti yarıtmazdır" deməklə işimizi bitmiş hesab edə bilmərik.
Bu, millətin və dövlətin gələcəyinə yönəlik strateji məsələdir.
Belə hadisələr bizim xarici təhdidlərə qarşı hərbi-ideoloji immunitet qazanmağımızın qarşısını kökündən alır.
Mütləq siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları bir araya gəlib, bu həssas təbəqənin problemləri ilə bağlı ictimai nəzarət mexanizmi yaratmalıdır. Problemlərin mahiyyəti və həlli yolları müzakirə edilməli, bu istiqamətdə görülən işlərlə bağlı şəffaflığın təmin olunmasına çalışılmalıdır.
Bütün siyasi partiyalara, QHT-lərə səslənirəm: Təcili toplanıb, müzakirələrə başlamalı və işçi qrupları yaradılmalıdır. Dərdi, problemi dinlənilməyən qazi, şəhid ailəsi, müharibə iştirakçılarımızın məmur etinasızlığı ilə üzləşdikləri durumlara müdaxilə edərək, aidiyyəti qurumlar qarşısında məsələ qaldıraq, problemi parlamentə daşıyaq.
Yox, burada başqa bir niyyət varsa, bundan da xəbərdar olaq və yoluna qoyaq.
Qısacası, bu sahədə siyasi institutların QHT-lərin, medianın ciddi əməli fəaliyyəti olmalıdır.