AY Partiya Başqanı Anar Əsədli "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Dəyərli Elxan bəy!
Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı, ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayıram.
Siz hələ gənc yaşlarınızdan müxtəlif tələbə təşkilatlarının aktiv üzvlərindən biri kimi Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizəyə qoşularaq, müxtəlif tədbirlərin, aksiyaların aparıcı gənclərindən olmusunuz. Elə o vaxtdan əməkdaşlıq etdiyiniz mətbu orqanlarda cəsarətli, oxunaqlı, ciddi yazılarla çıxış etmisiniz.
Sonralar aktiv jurnalistika ilə məşğul olduğunuz dönəmlərdə müxtəlif mükafatlara layiq görülmüsünüz, onlarla ölkədə keçirilən konfrans və seminarlarda jurnalist və şərhçi kimi Cənubi Qafqazdakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkləri dünya ictimaiyyətinə çatdırmısınız.
2005-ci ildə təsis etdiyiniz "Atlas" Araşdırmalar Mərkəzinin regional təhlükəsizlik, o cümlədən Azərbaycanın yaxın qonşularla və beynəlxalq təşkilatlarla münasibətlərinə dair araşdırmaları çox dəyərlidir.
Müəllifi olduğunuz kitablarda da fikirlərinizi, təhlillərinizi oxucularla bölüşməklə insanlarımızın bu sahədə maariflənməsində böyük xidmətlər göstərmisiniz.
Sizi bir daha təbrik edir, uğurlar diləyirəm".