Şərqi Türküstanlı yazar, ömrünü Vətəni üçün mübarizəyə həsr etmiş Türküstan Sürgün Hökumətinin başqan müavini Hızırbek Qayretullah vəfat edib.
1940-cı ildə Şərqi Türküstanın Manas bölgəsində anadan olan Hızırbek Qayretullah 1949-cu ildə Çinin Şərqi Türküstanı işğal etməsindən sonra ailəsi ilə birlikdə İstanbula köçərək, burada orta və ali təhsil alıb.
O, ictimai-siyasi fəaliyyətində, yazılarında Vətəninin haqq səsinin eşidilməsinə, tanıdılmasına, Şərqi Türküstan türklərinə qarşı aparılan soyqırımı, assimlyasiya siyasətinin dünyaya çatdırılmasına çalışıb.
"Altaylarda qanlı günlər" kitabında Şərqi Türküstandan Türkiyəyə mühacirət edən türklərin köç həyatını geniş şəkildə işıqlandırıb. Türkiyədə müxtəlif mətbuat orqanlarında yazılarla çıxış edən Hızırbek Qayretullah bir neçə kitabın müəllifidir.
Şərqi Türküstanla bağlı problemlərin dünyaya çatdırılmasında böyük xidmətləri olan yazarın ölümü təkcə Şərqi Türküstan yox, bütün Türk Dünyası üçün böyük itkidir.
Böyük mübariz Hızırbek Qayretullahın vəfatı ilə əlaqədar onun ailə üzvlərinə, yaxınlarına, silahdaş və əqidədaşlarına dərin hüznlə başsağlığı verirəm.