Bir ay əvvəl Gənclər Təşkilatını quran Azərbaycan Yüksəliş Partiyası dağlıq bölgə olan Qusarın Laza kəndində gənclər üçün kamp təşkil edib.
İki günlük kamp Partiya Başqanı Anar Əsədlinin "Gənclərin milli ideoloji xətti seçməsinin səbəbləri və təşkilatlanmağın fundamental əsasları" və Başqanın Gənclərlə iş üzrə müşaviri Sahib Altayın "Milli şüurun elmi metodologiyası" mövzulu təlimləri, yolboyu oxunan coşqulu türkçülük nəğmələri, ideoloji söhbət və müzakirələr, intellektual oyun yarışmaları və gəzintilərlə yadda qalıb. Həmçinin, AY Partiya Başqanı gəncləri siyasi təfəkkürün formalaşması və təşkilatlanma üçün önəmli olan bir sıra ədəbiyyatla tanış edib və müəllifi olduğu "Vicdanın labüd etdiyi savaş" kitabını hədiyyə edib. Həmin kitablar əsasında "oxu saatı" baş tutub.
Böyük Qafqazın ən əzəmətli dağlarından biri Şahdağdakı Laza şəlaləsinin ətrafında baş tutan təlimlər gənclərə yüksəlişə gedən yolda hədəflər müəyyən edib, önəmli mesajlar ötürüb və onlarda motivasiya yaradıb.
Ən önəmlisi isə kamp müxtəlif statuslu gənclərdən formalaşsa da, mahiyyəti təşkil edən milli-ideoloji fikir hər kəsi bir araya toplaya bilib, yeni ideya və layihələrin təməlini qoyub.