Azərbaycan Yüksəliş Partiyası İrandan yük avtomobillərinin Laçın dəhlizi vasitəsi ilə Qarabağa yük daşımasına dair etiraz bəyanatı yayıb.
Bəyanatda bildirilib ki, sosial şəbəkələrdə İrandan yük avtomobillərinin Laçın dəhlizi vasitəsi ilə Xankəndiyə yük daşıdığına dair görüntülər yayılıb.
“Qarabağ müharibəsinin davam etdiyi 44 gündə Azərbaycanı sözdə dəstəkləsə də, əməldə başqa cür davranması, bəzi hallarda aşkar, bəzi hallarda gizli şəkildə ermənilərə müxtəlif adlarla yardımlar aparması İranın Azərbaycanın zəfərindən məmnun olmadığını göstərir.
Özünün görüşlərdən, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyə arasında yaranacaq potensial regional əməkdaşlıqdan kənarda qalması, Türkiyənin Cənubi Qafqaza gəlişi, Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında bir dəhlizin yaradılması ilə İranın tranzit önəminin azalması bu narahatlığın ilkin səbəbləridir.
İkinci önəmli səbəb isə İranın 90-cı illərdən bəri azərbaycanlılara qarşı Quzey Azərbaycanın öz torpaqlarını qoruya bilmədiyinə dair yaratdığı imiclə bağlıdır. Şuşanın azad edilməsi və Azərbaycanın İranla sərhədi nəzarətə götürməsinin Təbriz, Ərdəbil və digər şəhərlərdə xüsusi sevinclə qarşılanması, Azərbaycan Ordusunun işğalçılara zərbələr endirilməsinin Arazın o biri tayından rəğbətlə izlənilməsi İranın bizə qarşı apardığı təbliğatının çöküşü idi. Lakin İran Azərbaycanın bütün hallarda ona qarşı dost mövqeyi göstərdiyini, Zəngəzur dəhlizinin açılmasının İranla Azərbaycan arasında həm ikitərəfli, həm də regional əməkdaşlığın genişlənməsinə səbəb olacağını bəyan etdiyini unutmamalıdır. Ən azından Prezident İlham Əliyevin noyabrın 16-da işğaldan azad edilmiş İranla sərhəd rayonlara gedərkən “Araz çayı üzərindən keçən Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevrilib” ifadəsinin qarşılığı bu cür olmamalıdır.
Azərbaycan Yüksəliş Partiyası olaraq, İran tərəfindən Xankəndiyə yüklərin daşınmasını, ölkə rəhbərliyi tərəfindən müxtəlif şəkillərdə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin şübhə altına alınmasını, İranın Azərbaycan əleyhinə açıq təxribat xarakterli çağırış və şüarlara göz yumulması və şərait yaradılmasını, Azərbaycan torpaqlarını işğal edən, dinc insanlarımıza qarşı soyqırımı siyasəti aparan, dini məbədlərimizi təhqir edən Ermənistana dəstək verməsini İran siyasi hakimiyyətinin Azərbaycana qarşı məkrli iddiası kimi qəbul edirik.
Bizim torpaqlarımızda hələ də mövcud olan düşmənə tərkibini bilmədiyimiz yardımlar gedir ki, bu yüklərin terrorçuları gücləndirmək üçün göndərilən silah-sursat, digər lazımi avadanlıqlar olmadığına heç kim zəmanət verə bilməz.
İran siyasi hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı bu kimi fəaliyyətlərini pisləyir və dost ölkə adlandırdığımız bir dövlətin bizə qarşı xəyanət əməllərini yolverilməz hesab edirik”, - deyə bəyanatda vurğulanıb.