8 noyabr ölkəmizdə Vətən savaşında Böyük Qələbəmizin birinci ildönümüdür.
Azərbaycan Yüksəliş (AY) Partiyası bu münasibətilə şəhid və qazilərimizə, həmçinin onların ailələrinə ehtiramını ifadə edib.
AY Partiya Başqanı Anar Əsədli, Başqanlıq Heyəti, Baş Məclis üzvləri II Şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərimizi sevgi və sayğı ilə anıblar.
Partiya rəhbərliyi daha sonra qəhrəmanlığına görə adı dillər əzbəri olan Cəbrayıl Dövlətzadənin ailəsində olub, şəhidin ruhunu ehtiramla yad edərək, ailəsinin onunla bağlı xatirələrini dinləyib. Başqan Anar Əsədli qəhrəmanımızın bacı və qardaşının təhsili ilə maraqlanıb, daimi dəstəyini əsirgəməyəcəyini bir daha bildirib.
Partiya rəhbərliyi həmçinin şəhid Davud Qurbanovun ailəsini ziyarət edib. Gənc qəhrəman Davud Qurbanov ali təhsilini başa vurduqdan sonra magistr təhsilini də alıb, amma diplomunu almadan hərbi xidmətə yollanıb. Hərbi xidmətinin başa çatmasından 4 gün sonra – 2020-ci il oktyabrın 4-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Atası Tariyel Qurbanov oğlu ilə bağlı xatirələrini danışdıqdan sonra sözünü belə bitirib: "Biz şəhid verməsək, vətən olmaz".
AY Partiya Başqanı və rəhbərliyi daha sonra Vətən Müharibəsi şəhidi Sənan Abdullayevin ailəsinə baş çəkib. Bütün şəhidlərimiz kimi o da ruh yüksəkliyi, cəsarət, mərdliklə savaşa qatılıb, Vətən uğrunda canından keçib.
Partiya təmsilçiləri "Canavar" ləqəbli Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin əmanətlərinin yaşadığı evə də baş çəkiblər. Bu ocaqda qonaqları qəhrəmanın ailəsinə miras qoyduğu şərəflə yanaşı, istilik, doğmalıq, gül balalarının sevinci qarşılayıb. Sevib-seçdiyi, şəhid xanımı statusunu ləyaqətlə daşıyan Gülnar Abdullayeva onun yurd, vətən sevgisindən, torpaq uğrunda canından necə keçdiyindən, şəhadəti necə arzuladığından qürurla bəhs edib. "Vətən müharibəsinin yenicə başladığı günlərdə Murov dağına öz hərbi dəstəsi ilə ilk ayaq basan, ən öndə gedərək 34 erməni postunu alan, Murova Azərbaycan bayrağını birinci sancan qəhrəman olub Rəşad Abdullayev. Düşmənlə üzbəüz vuruşaraq sinəsindən yaralanıb, 20 saat yaralı qalmasına baxmayaraq, zabitlərindən ayrılmayıb. Yaralı-yaralı ayağa qalxaraq onlara yol göstərib. Murov yüksəkliyində şəhadətə yüksəlib.
Partiya yetkililəri Zəfər Günü ilə əlaqədar Sumqayıt Poeziya evində tanınmış şair, Qarabağ qazisi Ədalət Nicatın 55 illiyi və yenicə çap olunmuş "Ürəyimdən keçən körpülər" kitabının imza günündə də iştirak ediblər. A.Əsədli tədbirdə çıxış edərək, əlamətdar hadisələrlə əlaqədar şairi ürəkdən təbrik edib. O, həmçinin, ölkənin ictimai-siyasi həyatında aydınların rolunu xüsusi vurğulayaraq, Ədalət Nicata gələcək fəaliyyətində uğurlar arzulayıb.