Azərbaycan Yüksəliş Partiyasının Təşəbbüs Qrupu Ombudsman Səbinə Əliyevanın bu vəzifədən geri çağırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinin müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
Hörmətli Millət vəkilləri!
Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbilə elan edilən karantin günlərində Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin ailəsində keçirilən toy milyonlarla insanın heysiyyatına toxunub, ictimaiyyətin birmənalı şəkildə qınağı ilə qarşılanıb.
Beş aydan çoxdur, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə toy və yas mərasimlərinin qadağan edilməsi, bu qadağaları pozan sadə vətəndaşlara qarşı sərt mövqe sərgilənməsi fonunda hakimiyyətdə təmsil olunan şəxslərin karantin şərtlərini nümayişkaranə şəkildə pozması heç cür qəbul edilmə bilməz.
Məsələnin ən təəssüf doğuran məqamı isə Azərbaycan cəmiyyətində vətəndaş hüquq və azadlıqlarının qorunması üçün birbaşa məsuliyyət daşıyan Ombudsman Səbinə Əliyevanın həmin mərasimə qatılmasıdır. Siyasi partiya təmsilçilərinin, ictimai fəalların müxtəlif ittihamlarla həbs məsələlərilə bağlı heç bir aktiv fəaliyyəti olmayan insan haqları üzrə Müvəkillin karantin rejimində qorumalı olduğu qanunlara sayğısızlıq göstərərək, toy mərasiminə qatılması insanların təhlükəsizlik haqlarına münasibətinin göstəricisidir.
Azərbaycan Yüksəliş Partiyası olaraq, cəmiyyət qarşısında məsuliyyətini dərk etməyən bir şəxsin Ombudsman postunda qalmasını yolverilməz sayır, Səbinə Əliyevanın bu vəzifədən geri çağırılması ilə bağlı Milli Məclisə müraciət edirik. Düşünürük ki, hər kəsin qanun qarşısında bərabərliyi prinsipini pozaraq, özünü cəmiyyətdən üstün tutan heç bir şəxsin vəzifə sahibi olmağa mənəvi haqqı yoxdur.