Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin başçılıq etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Respublikasının (Kuzey Kıbrıs Türk Cümhuriyyəti) paytaxtı Lefkoşa şəhərində sonuncu görüşünü dünən keçirib.
Ana müxalifətdə olan Cümhuriyyət Türk Partiyasının Başqanı, bu ölkənin sabiq baş naziri Tufan Erhürman ilə bir araya gələn Anar Əsədli ilk öncə ötən ilin sonunda yarandığı elan olunan AY Partiya barədə məlumat verib. Şimali Kiprə səfərin məqsəd və əhəmiyyərindən bəhs edən AYP Başqanı iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində siyasi partiyaların roluna diqqət çəkib. Görüşdə qeyd olunub ki, siyasi qurumlar arasında əlaqələr, səmimi əməkdaşlıqdan doğan birgə fəaliyyət, ölkələr və region üçün əhəmiyyətli məsələlərin müzakirəsində vahid mövqedən çıxış etməyə imkan yaradır. Bu yöndə faydalı müzakirələrin aparılmasına və strateji əməkdaşlıq formullarının tapilmasına ehtiyac var.
Hər iki partiya lideri gələcək əməkdaşlıqla bağlı razılığa gəliblər.
Tufan Erhürman maraqlı görüşə görə qonaqlara öz təşəkkürünü bildirib və partiya başqanları bir-birinə hədiyyə təqdim edib.
Səmimi keçən görüşdə AY Partiyası Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov və Başqan müavini Gülşən Hacıyeva iştirak edib.