Azərbaycan Yüksəliş Partiyasının Hökumətin Milli Məclisə təqdim etdiyi illik hesabata dair mövqeyi
Hökumətin bu günlərdə Milli Məclisə təqdim etdiyi 2021-ci il üzrə hesabatı incələdikcə ilk təəssürat bu olur ki, sanki Azərbaycanda sosial-iqtisadi planda hər şey yüksək səviyyədədir, böyük tərəqqi var və bütün seqmentlər üzrə rəqəmlərin artan xətt üzrə göstərilməsi guya haqqında danışılan iqtisadi artımı tam ifadə edir. Əlbəttə, ölkəmizin gerçək mənada sosial-iqtisadi rifaha qovuşmasını, ölkənin daha da zənginləşməsini, əhalimizin yaşayış səviyyəsinin yüksəlməsini biz də çox arzulayırıq. Ancaq hökumətin açıqladığı rəqəmlərlə ölkənin real həyatında ortaya çıxan nəticələr üst-üstə düşmür, sadalanan rəqəmlər özünü əhalinin yaşayış səviyyəsində, yeni iş yerlərinin yaradılması və bir çox digər aidiyyəti məsələlərdə büruzə vermir, əksinə vəziyyət daha da pisləşməyə doğru gedir, inflyasiya, artan bazar qiymətləri əhalinin gəlirlərinin sürətlə azalmasını, yeni ildən hökumətin maaş, pensiya və müavinətlərə etdiyi cüzi artımları yeyib bitirməklə məşğuldur.
Azərbaycan iqtisadiyyatının müasir şəraitdə üzləşdiyi problemlər, təəssüf ki, sistemli və kompleks xarakter daşıyır. Manatın devalvasiyası, pul-kredit, maliyyə siyasətinin və ümumilikdə ölkənin iqtisadi sisteminin idarəedilməsi və tənzimlənməsindən ötrü ölkənin strateji valyuta ehtiyatlarından səmərəli istifadə modellərinin olmaması, xarici geosiyasi və qeyri-münbit qlobal bazar konyukturu amilləri nəticəsində “neft gəlirlərinin”, habelə əhalinin real gəlirlərinin surətlə azalması, iş yerlərinin bağlanması, yenilərinin açılmaması, istehlak bazarında mövcud olan qiymət artımı ilə əlaqədar problemlər və digər böhran elementləri, sözsüz ki, ölkə iqtisadiyyatının kifayət qədər ciddi problemlərlə üzləşdiyindən xəbər verir.
Ancaq biz bu dəfə məsələyə sırf hökumətin uğur kimi təqdim etdiyi bəzi rəqəmlər üzərindən sorğulayıcı təhlillə yanaşmağa çalışacağıq.
Hökumət hesabatında bildirir ki, 2021-ci ildə ölkədə ümumi inlfyasiya səviyyəsi 12 faiz olub. Xatırladaq ki, 2021-ci ilin oktyabr ayında Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkə üzrə inflyasiya həddininin hətta 4,8 faiz olduğunu ifadə eləmişdi. Bu mənada hökumətə rəhbərlik edən baş nazirin problemə daha insaflı yanaşaraqŞ 12 faiz üzərində dayandığını qeyd edək. Ancaq bu gün iqtidasi prosesləri azacıq doğru-dürüst müşahidə qabiliyyəti olan sadə insanlar da görür və bilir ki, Azərbaycan hökuməti cəmiyyətə yalan informasiyalar ötürür. Bu yalan özünü harada büruzə verir?
Hələ ötən ilin avqust ayından etibarən dünyada, əsasən də strateji əsaslı ərzaq məhsullarının qiymətlərində artımlar müşahidə olunmağa başlamışdı. Ən son vəziyyət o həddə çatdı ki, Azərbaycanda taxılın və paralel olaraq çörəyin, un məmulatlarının qiymətlərindəki artımların qaçılmaz olduğunu hətta prezident özü etiraf etdi. Xüsusilə ərzaqlıq buğdanın idxalında asılı olduğumuz Rusiyada bu məhsulun qiyməti son 15 ilin ən maksimum həddində idi.
Ötən ilin ikinci rübündən etibarən Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı, bir çox ərzaq məhsulu üzrə daxili istehsal gücü böyük olan Rusiyada ərzaqlıq dənli bitkilər, buğda, taxıl, qarabaşaq, qarğıdalı, bir çox yarmalar, günəbaxan yağı, qarğıdalı yağı, balıq məhsulları və s. bu qrupdan olan məhsulların qiymətlərində 17-20 faiz artımlar müşahidə olunmağa başlamışdı. Böyük ölçüdə idxaldan asılı olduğumuz istər Rusiyada, istərsə də Türkiyədə inflyasiya həddinin 18-20 faiz olduğu rəsmi surətdə etiraf olunduğu halda, Azərbaycanda inflyasiya həddinin 4,8 faiz və yaxud indi dedikləri kimi 12 faiz həddində göstərilməsi nə qədər doğrudur?
Nəzərə alaq ki, Azərbaycan idxal ölkəsidir və demək olar, qidadan tutmuş inşaat materiallarına, məişət kimya məhsullarından tutmuş məişət xırdavatına, məişət avadanlıqlarına, hər növ sənayə və emal məhsulları, mebel, hər cür aksesur, o cümlədən texnoloji cihazlara qədər bir çox mal qrupları üzrə məhsulların idxalından asılıdır. İdxaldan asılı olan bir ölkə bütün sahələr üzrə qlobal səviyyədə müşahidə olunan bahalaşma ölkəyə özü ilə bərabər baha qiymətlər də idxal edir. Hazırda ölkədə yuxarıda adını çəkdiyimiz və çəkmədiyimiz bütün növ mal qrupları üzrə sürətli bahalaşma var, hətta elə mallar var ki, onların qiyməti nəinki 40-60 faiz, hətta 100-120 faiz artıb. Belə olduğu halda, hökumətin ümumi inflyasiya həddini 12 faiz göstərməsi bir tərəfdən xalqı aldatmaqdırsa, digər tərəfdən vəziyyəti manipulyasuya etmək, hiylə işlətmək cəhdidir. Çünki hökumət də yaxşı bilir ki, hazırda Azərbaycanda ölkə üzrə ümumi inflyasiya həddi minimum 30-35 faizdən başlayır. Bunu ona görə etiraf edə bilmirlər ki, ötən ilin sonlarında əmək haqlarına, pensiya və müavinətlərə 15-20 faiz civarında etdikləri artımların bir mənasının qalmadığını özləri də dərk edirlər. Təsəvvür edin ki, maaşlara, pensiya və müavinətlərə 20 faiz artım qarşılığında, hələ ən azı 30-35 faiz inflyasiyanın etiraf edilməsi hökuməti hansı gülməli duruma sala bilərdi?
Bu gün hökumətin açıqladığı rəqəm üzrə 3,4 milyon əhalini əhatə edən artımlar xalqın gündəlik zəruri xərclərini ödəməyə yetmir. Bu mənada baş nazir Əli Əsədovun Milli Məclis qarşısında verdiyi illik hesabatın ilk yalanı elə inflyasiya ilə bağlı idi.
Daha bir acınacaqlı vəziyyət əhalinin minimal gəlirlərinin böyük bir hissəsini əsasən ərzağa xərcləməsilə bağlıdır. Ən son ötən ilin sonlarında Azərbaycan Statistika Komitəsi bildirmişdi ki, ölkə əhalisi gəlirlərinin təxminən 58 faizini ərzağa sərf edir. Bunu isə ölkə əhalisinin kasıblıq həddindən də aşağı, yoxsul vəziyyətdə olmasının hökumət səviyyəsində etirafı saymaq olar. Reallıq bundan da betərdir, çünki biz də bu ölkədə yaşayırıq və dəqiq bilirik ki, Azərbaycan insanı, hətta orta səviyyələrdə dolanışığı olan insanlar belə, gəlirlərinin 75 faizindən çoxunu ərzağa xərcləyirlər. Müqayisə üçün qeyd edək ki, dünya standartlarında gəlirlərinin 19-20 faizini ərzağa xərcləyən ölkələr daha çox inkişaf etmiş, 30 faizə qədərini xərcləyənlər nisbətən rifah və orta yüksək səviyyədə yaşayanlar, gəlirlərinin 40-45 faizini qidaya sərf edənlər inkişaf etməkdə olan orta yaşam standartı qrupuna aid edilirlər. Qazandıqları pulların 45 faizdən 60 faizə qədərini və daha çoxunu ərzağa xərcləyənlər isə kasıb və yoxsul əhali qrupuna aid edilir.
Hökumət özü etiraf edirsə ki, əhalinin böyük bir kəsimi kasıb və yoxsulluq həddində yaşayır, o zaman illik hesabatdakı rəqəmləri ciddi artım və inkişaf göstəriciləri kimi təqdim etməklə kimi aldatmağa cəhd edir?! Bu gün Azərbaycanda ən təhlükəli hal əhalinin pul gəlirlərinin mövcud yüksək inflyasiya tempi və bahalaşma fonunda sürətlə azalmasıdır, bunun özü iqtisadiyyatın staqnasiyası anlamına gəlir. Yəni artan inflyasiya fonunda pul gəlirlərinin azalması. Sabah piştaxtalara düzülən mal və məhsulları, xidmətləri satın almağa pul tapılmayanda, bu dəfə əhali ilə yanaşı, sahibkarlar, iş adamları və ticarətçilər də müflisləşməyə başlayacaqlar.
Ölkədə liberal iqtisadiyyatın təməl prinsiplərindən biri olan mülkiyyət toxunulmazlığı ilə bağlı da problemlər var. "Mülkiyyət müqəddəsdir" prinsipi Azərbaycanda ən çox tapdanan hüquqdur. Bunsuz isə azad iqtisadiyyatdan, inkişafdan danışmağa dəyməz. Burada maraqlı bir faktı qeyd etmək olar. Məsələn, digər ölkələrdə, o cümlədən qonşu Gürcüstanda rəsmi qaydada qeydiyyatdan keçən və dövlət vergi orqanları tərəfindən etiraf olunan milyonçular var. Azərbaycanda isə belə hal müşahidə olunmur. Bu detal bir daha göstərir ki, ölkə iqtisadiyyatı kifayət qədər şəffaf deyil. Üstəlik, məsələ təkcə bununla da bitmir. Azərbaycan iqtisadiyyatına bələd olan müşahidəçilər onu məmur kapitalizmi kimi səciyyələndirirlər. Ölkə iqtisadiyyatı məmurların fəal nəzarətinə və müdaxiləsinə məruz qalır. Ölkədə irili-xırdalı bir çox şirkətlər, müəssisələr, ticarət obyektləri elə ya belə nə vaxtsa vəzifələrdə olmuş, eləcə də indinin özündə yüksək post tutan məmurlara, oliqarxlara gedib çıxır. Müstəqil və aşkar iqtisadi elita formalaşmayıb. Müstəqil iqtisadi elitanın olmamasının nəticəsi özünü digər sferada–siyasətdə də təzahür etdirir, siyasi partiyalar iqtisadi dayaqlar olmadan fəaliyyət göstərir və siyasi hüquqlarla bağlı problemlər yaranır. Bir çox problemlər baxımından mühüm əhəmiyyət kəsb edən "orta təbəqə"nin formalaşması prosesi ləngiyir.
Azərbaycan iqtisadiyyatının inkişafına əngəl olan ən böyük problem korrupsiya və inhisarçılıqdır. Prezidentdən tutmuş ondan aşağı ranqlı məmurlar hər il korrupsiya ilə ciddi mübarizə aparıldığını bildirsələr də, müşahidələrimiz bunun əksini deyir. Bu iki xəstəliklə bağlı çox müzakirələr aparılsa da, hələ ki, onların həlli istiqamətində hiss olunacaq irəliləyiş görünmür. Mütəxəssislər bunu təbii hesab edirlər, çünki bu iki problemin həlli üçün çox ciddi islahatlara ehtiyac var. Hökumət təmsilçiləri, iqtidara loyal millət vəkilləri bəzən bəraət kimi digər ölkələrdə də korrupsiyanın və inhisarçılığın olduğunu deyirlər. Amma təbii ki, bu, bəraət xarakterli fikirlərdir. Digər ölkələrdə korrupsiya və inhisarçılıq olsa da, onlara qarşı ciddi mübarizə də var. Üstəlik, bu mübarizə sistemli xarakter daşıyır. Azərbaycanda isə məhz bu çatışmır - sistemli mübarizə! Çünki sistem özü başdan ayağa korrupsiya maxinasiyaları üzərində bərqərar olunub və inhisarçılıq da həmin sistemin bir parçası olan oliqarx kapitalizmini təmsil edən şirkətlər tərəfindən yaradılır və himayə olunur.
Baş nazirin hesabat zamanı toxunduğu bir məsələ də ölkənin qida təhlükəsizliyi ilə bağlı idi. Hökumət hər nə qədər də lazımi qədər ehtiyatının olduğunu bildirsə də, reallıq göründüyü kimi deyil. Hazırda Rusiya-Ukrayna müharibəsi bizə yüksək inflyasiya, əmək miqrantları ilə bağlı çoxsaylı problemlər, qeyri-sabitlik ixrac etmək üzrədir ki, bütün bunların nəticəsi dayanıqlı iqtisadiyyata malik olmayan Azərbaycan üçün xoşagəlməz nəticələrə gətirəcək. Bir şeyi də nəzərə alaq ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra dünyanın ümumi iqtisadi mənzərəsi tamamilə dəyişməkdədir. Hələlik biz bunu qiymət artımları formasında görürük. Hərbi əməliyyatlar başlayandan bəri neft 40 faiz, buğda 55 faiz, palladium 27 faizdən artıq bahalaşıb. Ərzaq məhsulları baxımından əsas zərbə isə paradoksal olsa da Rusiyaya deyil, daha çox idxaldan asılı ölkələrə, xüsusən də Azərbaycana dəyə bilər. Ən son Rusiya Prezidentinin müharibə fonunda bir çox strateji ərzaq məhsullarının ixracına məhdudiyyətlər tətbiq etməsi Azərbaycanda analoji malların qıtlığını yarada bilər. Rusiya özünü taxıl, yağ, şəkər, donuz və quş əti ilə tam təmin edir və xaricə də satır. Üstəlik Rusiyaya qoyulan sanksiyalar dünyada ərzaq qiymətlərinə başqa cəhətdən də təsir edə bilər. 2019-cu ildə Rusiya 34 milyon ton mineral gübrə ixrac etmişdi ki, onun da 15 milyon tonu (40 faizi) sanksiya tətbiq edən ölkələrə yönəlirdi və beləliklə, gübrə ixracının dayandırılması qlobal miqyasda ərzaq təhlükəsizliyinə təsir edən faktorlardan birinə çevrilməsi ehtimalını artırıb. Bir sözlə, qarşıdan gələn ərzaq böhranı Azərbaycanın son 20 ildə kənd təsərrüfatında texnoloji inkişaf olmayan, hələ də daş dövrü qaydaları ilə idarə edilən aqrar sektorunu fakt qarşısında qoyur. Su resurslarıyla bağlı ciddi problemləri olan Azərbaycan, texnoloji və müasir əkim modellərinin tətbiqindəki gerilik səbəbindən ərzaq idxalından katastrofik dərəcədə asılıdır. Bu mənada 2011-ci ilin “ərəb baharı"nın başlıca səbəblərindən birinin idxal buğdasının xeyli bahalaşması olduğu faktını da yaddan çıxarmaq olmaz. Ukrayna-Rusiya müharibəsinin hələ uzun müddət davam edəcəyini ehtimal etsək, ərzaq təhlükəsizliyi sarıdan bu iki ölkədən asılı olan ölkəmizi ağır iqtisadi geriliklə yanaşı, bəzi məhsullar üzrə qıtlıq gözləyir. Nəzərə alaq ki, Rusiya və Ukrayna həm də Azərbaycanda yetişdirilən müxtəlif tərəvəz məhsulları və meyvə üçün böyük bazar idi və sözügedən ölkələrdən birində müharibədən dolayı qeyri-sabit vəziyyət, digərində isə Qərbin cəhənnəm sanksiyaları ölkəmizin kənd təsərrüfatı ilə məşğul olan sahibkarları, malların daşınması ilə məşğul olan nəqliyyat-logistika şirkətləri üçün də ciddi problemlər vəd edir.
Hökumətin hesabatında ən qabarıq formada ifadə etdiyi məsələlərdən növbətisi ölkəmizin qeyri-neft/qaz məhsullarının ixracatındakı artımlarla bağlıdır. Həqiqətən də son illər Azərbaycanın bu istiqamətdə artımları müşahidə olunmaqdadır. Ancaq iqtisadiyyatımızın bu sahəsində də açıqlanan rəqəmlər ölkəmizin sahib olduğu gerçək potensialının çox aşağısında qalan səviyyədir. Çox uzağa getməyəcəyik, əhalisi və ərazisi Azərbaycandan iki dəfə az olan, əlavə göydəndüşmə maliyyə imkanları bizdən qat-qat aşağı olan (əsasən xarici ölkələrdən cəlb edilən borc və yardımlar) qonşu Gürcüstanla müqayisədə Azərbaycanın, xüsusilə qeyri-neft məhsulları ixracında geri qalması, sözün bütün mənalarında rüsvayçılıqdır. Gəlin, bu müqayisəni rəqəmlərlə daha da aydın edək.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 2,7 mlrd. ABŞ dolları təşkil edib. 2021-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (208 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (202,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (160,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 2021-ci ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 877,8 milyon ABŞ dolları, Türkiyəyə 675,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 224,1 milyon ABŞ dolları, Gürcüstana 157,5 milyon ABŞ dolları və Amerika Birləşmiş Ştatlarına isə 74,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Normallaşma prosesinin davam etdiyi dövrdə dekabr ayı üzrə ixrac 2,4 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 73,9% təşkil etməklə 353,6 mln ABŞ dolları olub. 2021-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 38,7% artaraq 101,5 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 93,7% artaraq 252,1 milyon ABŞ dolları təşkil edib.
İndi isə bizimlə eyni vaxtda müstəqilliyini bərpa etmiş qonşu Gürcüstanın müvafiq göstəricilərini nəzərdən keçirək. Deməli, hətta ara-sıra Azərbaycandan belə borca pul alan Gürcüstanda ixracın həcmi 2021-ci ildə 26,9 faiz artaraq son 10 ilin ən yüksək həddinə çatıb. Bu barədə Gürcüstan Milli Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 2021-ci ildə Gürcüstanın xarici ticarətində ixracın həcmi 4 milyard 242,3 milyon ABŞ dolları olub. Bu da son 10 ildə ən yüksək göstəricidir. Keçən il ixracın həcmi 2020-ci illə müqayisədə 26,9 faiz, 2019-cu illə müqayisədə isə 11,7 faiz artıb. Ümumilikdə isə keçən il Gürcüstanın xarici ticarəti 2020-ci illə müqayisədə 25,6 faiz artaraq 14 milyard 319,4 milyon dollar olub.
Azərbaycanın 2021-ci il üzrə 2,7 milyard ABŞ dolları məbləğində qeyri-neft məhsulları ixracı ilə müqayisədə, bizdən iki dəfə kiçik olan Cənubi Qafqazın başqa bir ölkəsi Gürcüstan, az qala iki dəfə çox (4,3 milyard ABŞ dolları) dünya bazarlarına mal ixrac edir. Nəzərə çatdıraq ki, bu fərq bir neçə il öncəyə qədər daha böyük idi. Təkcə bu göstərici Azərbaycanın sosial-iqtisadi inkişafına uzun illərdir cavabdehlik daşıyan hökumətin iqtisadi blokunun işini nə qədər yarıtmaz gördüyünü sübut etmək üçün kifayət edir. Məhz bu göstərici Azərbaycanda gələcəyə ümid yaradan iqtisadi azadlıqların, şəffaflığın və hesabatlılığın çox zəif olmasından dolayı ortaya çıxan məyusedici vəziyyətdir. Bütün bunları müqayisəli şəkildə xatırlatmaqda fayda var. Çünki hazırda Azərbaycanın ən böyük problemi Allahın xalqımıza bəxş elədiyi neft-qaz satışından başqa son 25 il ərzində yeni dəyər, yeni pul yaradacaq ixrac yönümlü iqtisadiyyatı qura bilməməyimizdir. Düşünün ki, ölkə ixracının 87 faizini təşkil edən neft və qaz olmasaydı, indi on milyonluq əhali hansı humanitar böhran içində çabalayardı?! Ölkənin zənginləşməsini, iqtisadi tərəqqisini şərtləndirən iqtisadiyyatın ixrac yönümlü olması üçün isə kifayət qədər dərin praktiki səmərəsi olan inqilabi islahatlara gərək var. Ümumiyyətlə, respublikaya əlavə kapital axınına yol açan ixracyönümlü iqtisadiyyatın yaradılmasında ən ciddi faktorlardan biri ixracın xarici bazarlar üzrə diversifikasiyalaşmasıdır. Bundan ötrü xarici bazarlara rəqabətədavamlı məhsulların çıxarılması problemini həll etmək lazımdır.
Ölkənin xarici ticarətdə rəqabət qabiliyyətliliyini əks etdirən 4 vacib faktor var: ixracın artım dinamikası, ixracın əmtəələrə görə diversifikasiyası, ixracın coğrafiyasının diversifikasiyası, ixrac səbətinin keyfiyyət strukturu. İxracın artım dinamikası, yəni ixrac göstəricisi hər il artırsa, deməli, dünyada ölkənin məhsullarına tələbat hər zaman var, bu məhsullar rəqabət apararaq başqa ölkələrin məhsullarını sıxışdırır, özünə yeni kanallar açır. Bu göstəriciyə görə hazırkı durumumuzun yuxarıda qısa təhlilini verdik. Hər nə qədər də ötən illərə nisbətən cüzi artım olsa da, makroiqtisadi göstəriciləri bizdən aşağı olan Gürcüstandan çox geri qalırıq. Bu isə o deməkdir ki, son 4 il ərzində qeyri-neft ixracı yeni məhsullar və satış bazarları hesabına hələ də genişlənə bilməyib.
Ölkəmizin əmtəələrə görə diversifikasiya səviyyəsi də ürəkaçan vəziyyətdə deyil. Beynəlxalq statistikaya görə, 97 mal qrupu üzrə 10 mindən artıq əmtəə xarici ticarətin obyektidir. Ölkənin xarici ticarətində nə qədər çox əmtəə və mal qrupu iştirak edirsə və ayrı-ayrılıqda onların ümumi ixracda payı nə qədər az olursa, deməli, əmtəə diversifikasiyasının səviyyəsi də yüksəkdir. Bu səviyyəni ölçmək üçün tədqiqatçılar "Herfidahl" indeksindən istifadə edirlər. Ölkənin ixracında daha çox sayda əmtəə qrupu proporsional payla iştirak etdikdə, "Herfindahl" indeksi “0”a daha çox yaxınlaşır, az sayda əmtəə daha yüksək payla iştirak etdikdə "Herfindahl" indeksi “1”ə yaxınlaşır. İxracda ən yüksək paya malik 10 məhsulun bazasında apardığımız hesablamalar göstərir ki, Azərbaycan üzrə ixracın konsentrasiyasını ölçən "Herfindahl" indeksi 0.78-ə bərabərdir və bu göstərici ixracın əmtəə mövqeyi üzrə diversifikasiyasının olmamasını göstərir. Yəni, Azərbaycan çox az növdə məhsulla dünya bazarına çıxır və təbii olaraq onun respublikaya qazandıracağı xarici kapital da ciddi rəqəmlərlə ölçülməyəcək.
İxracyönümlü iqtisadiyyatda ixracın coğrafi diversifikasiyası da çox mühüm göstəricidir. Ölkənin ixracı nə qədər geniş coğrafiyaya, həm də proporsional həcmdə yayılırsa, coğrafi diversifikasiyanın səviyyəsi də yüksək olur. Qeyri-neft məhsulları üzrə coğrafi konsentrasiyanı da eynilə "Herfidahl" düsturu əsasında hesablayanda alınan rəqəm 0.71-dir. Bu nəticə onu göstərir ki, Azərbaycanın qeyri-neft məhsullarının əsas həcmi çox məhdud ölkədə özünə bazar tapa bilir. Yuxarıda illik ixrac göstəriciləri ilə bağlı məlumatlarımız arasında Azərbaycanda istehsal olunan məhsulların əsasən hansı ölkələrə ixrac edildiyi barədə yazmışıq: Rusiya, Türkiyə, İsveçrə, ABŞ, Gürcüstan, Əfqanıstan, İraq və daha bir neçə ölkə. Bir zəruri qeyd edim ki, İsveçrənin bu sıraya düşməsinin də səbəbi elə xammal ixracıdır – Gədəbəy qızıl yatağından istismar olunan məhsul külçə halında bu ölkəyə ixrac edilir.
Azərbaycan hökumətinin verdiyi hesabatda, xüsusilə qeyri-neft məhsulları ixracı ilə bağlı hissəni darmadağın edən maraqlı bir müqayisəni də diqqətə çatdırmaq lazımdır: Azərbaycan Latın Amerikası bazarına son illərdə cəmi 570 min dollarlıq məhsul ixrac edib, amma Gürcüstan üzrə bu göstərici 100 dəfədən də çoxdur – 67 milyon dollar. Yaxud, Azərbaycan bütövlükdə Avropa qitəsinə 330 milyon dollar qeyri-neft məhsulu ixrac edib, Gürcüstan üzrə bu rəqəm 960 milyon dollara yaxındır. Avropanın bir sıra regionlarında, məsələn, Baltik ölkələrində Azərbaycan məhsulları, ümumiyyətlə, rəqabət apara bilmir. Ötən il regionun 3 ölkəsinə Azərbaycan cəmi 2,7 milyon dollar əmtəə ixrac eda bilib (halbuki, bu regiondan idxalımız 55-60 milyon dollara yaxın olub). Gürcüstanın isə həmin dövrdə Baltik regionuna ixracı 85 milyon dollara yaxın olub. Ən acınacaqlı hal isə budur ki, hətta Gürcüstan MDB-dən imtina etsə belə, bu bazara Azərbaycandan iki dəfə çox məhsul ixrac edə bilmək potensialını yarada bilib. Təsəvvür edin ki, Azərbaycanda da güclü ənənələri olmuş şərabçılıq üzrə son illər Gürcüstanın yaxaladığı inkişaf sürəti heyrət doğurur. Ən son qonşu ölkə baş naziri açıqlama verdi ki, Gürcüstan 2021-ci ildə dünyanın 62 ölkəsinə 107 milyon butulka şərab satıb və 2012-ci il göstəriciləri ilə müqayisədə 360 faiz artıma, 400 milyon ABŞ dolları qədər gəlirə nail olunub.
Bütün bunları sadalamaqda məqsədimiz, Azərbaycanın əlverişli coğrafi mövqeyi, unikal iqlim şəraiti, yeraltı-yerüstü zənginlikləri, əmək qabiliyyətli əhalisinin çoxluğuna və başqa üstün parametrlərə rəğmən mövcud potensialının altında nəticələr göstərməsində əsas problemin harada olduğunu izah etməkdən ötrüdür: yanlış iqtisadi təmayüllər, yanlış iqtisadi siyasət, yanlış idarəetmə forması, yanlış kadr seçimi.
Baş nazirin Milli Məclisə illik hesabatında diqqətimizi çəkən məsələlərdən biri də ölkə iqtisadiyyatına investisiyaların cəlbi ilə əlaqədar idi. Bu sahə ölkəmizin ən problemli sahəsidir. Ötən il neft-qaz sahəsi də daxil olmaqla ölkəmizə cəlb olunan birbaşa xarici investisiyaların ümumi həcmi 3,9 milyard ABŞ dolları olub ki, bunun da sadəcə 680 milyon ABŞ dolları (15,8 faiz) qeyri-neft sektorunun payına düşüb. Gerçəkdən 10 milyon əhalisi olan respublika üçün qeyri-neft/qaz sektoruna bu məbləğdə investisiya çox azdır. Müqayisə üçün qeyd edək ki, 2017-2019 illəri ərzində Türkiyə iqtisadiyyatına 250-300 milyard ABŞ dolları məbləğində investisiya yatırımları gerçəkləşdirilib. Təkcə bu rəqəm bəs edir sübut edək ki, Azərbaycana yatırılan investisiyaların pulla ifadəsi nə qədər gülüncdür. Bizim apardığımız hesablamalara görə, Azərbaycan iqtisadiyyatını bütün mümkün sahələr üzrə gerçək mənada dirçəltmək üçün ən azı 15 milyard ABŞ dolları məbləğində investisiyaya ehtiyac var.
İqtisadiyyatı və ixracı şaxələndirməklə (diversifikasiya etməklə) neft-qaz gəlirlərindən asılılıq səviyyəsinin azaldılmasına qısa müddətdə nail olmaq istəyən Azərbaycan üçün qeyri-neft sektoru sahələrinə, xüsusilə emal sənayesinə birbaşa xarici investisiyaların (BXİ) cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində 2025-ci ilədək hökumətin nail olmağı qarşısına qoyduğu 4 hədəf indikatorunun birincisi “qeyri-neft sektoruna yönəldilmiş BXİ-ın qeyri-neft ÜDM-dəki payının 4 faizə çatdırılması” kimi müəyyən edilib. Gəlin görək hökumət bu hədəfə çatmaq üçün hansı işləri görüb və ya görməlidir.
Böyük həcmdə karbohidrogen ehtiyatlarına malik Azərbaycanın neft-qaz sektoru hər zaman xarici investisiyalar üçün cəlbedici olsa da, qeyri-neft/qaz sektoru, xüsusilə emal sənayesi xarici investorlarda kifayət qədər maraq yarada bilməyib. Bunda ölkəni idarə edən komandanın, xüsusilə iqtisadi blokun səriştəsizliyi ilə yanaşı, idarəetmədəki yol verilən dərin nöqsanlar da az rol oynamayıb. Ölkənin neft-qaz hasilatı sektorunda xarici investorların bu qədər fəal olduğu bir şəraitdə qeyri-neft/qaz (qeyri-hasilat) sahələrinə onların marağının belə az olması düşündürücü bir vəziyyətdir. Bu sektorlara birbaşa xarici investisiyaların cəlb edilməsinin artımına nail olmaq üçün xarici investorları çəkindirən amillərin aşkara çıxarılması və bunların aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi çox vacibdir. Maraqlı məsələlərdən biri budur ki, Azərbaycanın özünün investisiyalara ciddi ehtiyacı olduğu halda, son illərə qədər Azərbaycandan MDB ölkələri, eyni zamanda Avrasiya ölkələrinə investisiya planında kapital axını böyük miqdarda olub. Nəzərə alsaq ki, milli iqtisadiyyatımız bir növ məmur kapitalizmi olaraq səciyyələndirilir, bu faktın özündə də çirkli pulların yuyulması ehtimalları gözardı edilməməlidir.
Ölkənin gələcək inkişafında çox mühüm əhəmiyyətə malik birbaşa xarici investisiyaların cəlb edilməsi üçün xarici investorların ölkə və onun gözlənilən inkişaf perspektivləri haqqında, ölkədə biznes və investisiya mühiti, bu mühitdə baş verən dəyişikliklər barəsində kifayət qədər məlumatı olmalıdır. Birbaşa xarici investisiyaların motivasiya mənbəyindən asılı olaraq, ölkənin təbii resurslara malik olması, təyinat ölkəsində bazarın miqyası və əlçatanlığı, daxili bazarda firmanın strateji aktivlərə sahib olması, istehsalın səmərəliliyinin yüksəldilməsi hesabına xərclərə qənaət niyyəti investorlar üçün qərarvermə mexanizmində əsas elementlərdir. Motivasiya mənbəyindən və investisiya tipindən asılı olaraq investorlar təyinat ölkəsindəki hökumətin siyasi qərarlarına və ölkədəki ümumi investisiya mühitinə fərqli reaksiyalar göstərə bilirlər. Məsələ burasındadır ki, təbii ehtiyatlara və strateji aktivlərə sərmayə qoyan investorlar investisiya mühitində baş verən dəyişikliklərə çox da həssas olmurlar. Xərclərə qənaət motivindən çıxış edən investorlar isə onların məsrəflərini artıra biləcək, yaxud sərbəst mübadiləyə maneələr yaradacaq hər cür dəyişikliklərə çox həssas olurlar. Emal sənayesi və digər istehsal sahələri məhz xərclərə qənaət və bazarların miqyası baxımından investorlar üçün maraq doğura biləcək sahələrə aiddir. Bu sahələrə investisiyalar özündə ciddi risk daşıdığından, investorlar üçün həmin ölkənin idarəetmə şəkli, iqtisadi quruluşu, daxili ictimai-siyasi, sosial-iqtisadi, hüquqi, humanitar vəziyyəti önəm kəsb edə bilir.
Bu baxımdan təhlildə göstərilən amillər üzrə ölkənin vəziyyətinin qiymətləndirilməsində xarici maraqlı investorlar üçün beynəlxalq təşkilatların ölkədəki biznes mühitinin qiymətləndirilməsi üzrə hesabatları (məsələn, EU Business Climate Report Azerbaijan) və ayrı-ayrı beynəlxalq təşkilatların mütəmadi olaraq açıqladıqları beynəlxalq reytinqlər mühüm rol oynayır. Son illərdə aparılan bir çox islahatlara baxmayaraq, Azərbaycan hələ də iqtisadiyyatın müxtəlif sahələri üzrə beynəlxalq rəytinqlərdə ürəkaçan yerlərdə qərar tuta bilmir və bu da son məqamda ölkəyə xaricdən investisiyaların cəlb olunmasında ciddi maneələrə çevrilir desək, yalan olmaz.
Məsələn, Dünya Bankının (DB) “Doing Business” indeksi üzrə Azərbaycanın 2015-ci ildəki 80-ci yerdən (189 ölkə arasında) ən son açıqlanan 2019-cu ildə 34-cü yerə (190 ölkə arasında) qalxması təqdirəlayiq olsa da, tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkəsinə qoşulma, kreditlərin verilməsi və xarici ticarətin aparılması kimi amillər üzrə ölkənin mövqeyinin ciddi şəkildə yaxşılaşdırılmasına ehtiyac var.
Eynilə Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksində ən son 2019-cu il göstəriciləri üzrə Azərbaycan 140 ölkə arasında 62,72 balla 58-ci pillədə yer alsa da, indeksin tərkibində hesablanan maliyyə bazarlarının inkişafı, sağlamlıq və ibtidai təhsil, ali təhsil və peşə hazırlığı, makroiqtisadi mühit, daxili bazarın miqyası və texnoloji hazırlıq kimi subindekslər üzrə ölkənin malik olduğu mövqelər müvafiq sahələrdə ciddi dəyişikliklərin zəruriliyini qaçılmaz edir.
Daha bir beynəlxalq göstərici kimi, "The Heritage Foundation" mərkəzinin İqtisadi Azadlıq İndeksində Azərbaycanın 2000-ci ildəki 49.8 balla “reqressiv (əzilən) ölkələr” qrupundan son illərə qədərki nəticələri ilə “mötədil azad” ölkələr qrupuna keçə bildiyini qeyd edək. 2022-ci il indeksi üzrə Azərbaycanın balı 61.6-dir və Avropanın 45 ölkəsi arasında iqtisadi cəhətdən ən azad 37-ci dövlətdir, dünya sıralamasında isə 75-cidir. Qeyd edək ki, Azərbaycanın indiki balı regional üzrə orta göstəricidən aşağı olsa da, dünya üzrə orta göstəricidən yuxarıdır. Lakin bu indeksin daxilində qiymətləndirilən hüquqi effektivlik (15,9 bal), hökumətin vəhdəti (Government İntegrity) (28,6 bal) investisiya azadlığı (70,0 bal) və mülkiyyət hüquqları (53,6 bal) kimi subindekslər üzrə ölkənin topladığı ballar və uyğun reytinqlər hələ ki, investorları ölkəmizə investisiya yatırmaq baxımından çəkindirə biləcək səviyyədədir.
Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiyaya həssaslıq-2020” indeksində (2021 indeksi hələ açıqlanmayıb) Azərbaycan 100 mümkün baldan 30 balla 180 ölkə arasında 129-cu sırada qərarlaşıb. Bu indeksdə də Azərbaycan heç cür ciddi irəliləyişə nail ola bilmir: 2012-ci ildə ölkəmiz 100 mümkün baldan 27 bal toplamışdısa, 2020-ci ilin indeksində 30 bal toplayıb. Halbuki bu indeks ölkədə korrupsiyanın səviyyəsini əks etdirən və bunu dünyaya (o cümlədən investorlara) açıqlayan mühüm mənbə hesab olunur.
Avropa Palatasının DB-nin “Doing Business” və Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiyaya həssaslıq” indeksləri əsasında hazırladığı “Biznes üçün ən yaxşı Avropa ölkələri-2020” reytinqində (2021 indeksi hələ açıqlanmayıb) isə Azərbaycanın 46 ölkə arasında 53 balla 41-ci yerdə qərarlaşması xarici investorların nəzərində ölkəmiz haqqında yaxşı təsəvvürlərin formalaşdırmayacağı aydındır. Ümumiyyətlə son iki göstərici üzrə ölkənin imici kifayət qədər bərbad vəziyyətdədir və hökumət hər nə qədər də sözügedən reytinqlərdə arzulanan pillələrə yüksəlmək üçün səy göstərmiş olsa da, mövcud korrupsiyalaşmış sistemlə, məmur kapitalizmi və məhkəmələrin icra aparatından asılı olduğu indiki şəraitdə buna nail olmağın çətin olacağı real durumu anlayanlar üçün o qədər də sirr deyil.
ABŞ-ın iki aparıcı institutunun ("Foreign Policy" jurnalı və Amerika Sülh Fondu ("The Fund for Peace")) hər il açıqladığı Dövlətlərin Kövrəklik İndeksi (Fragile States Index) 12 meyar üzrə qiymətləndirmə əsasında hazırlanır. Əsasən münaqişədən əvvəl, aktiv münaqişə və münaqişədən sonrakı vəziyyətlərdə zəiflik ölçülür: təhlükəsizlik aparatı, qruplaşmış elita, qrup şikayətləri, iqtisadi tənəzzül, qeyri-bərabər iqtisadi inkişaf, insanların qaçması və beyin axını, dövlətin legitimliyi, ictimai xidmətlər, insan hüquqları və qanunun aliliyi, demoqrafik təzyiqlər, qaçqınlar və məcburi köçkünlər və kənar (xarici) müdaxilə; İndeksin dəyəri nə qədər yüksək olarsa, ölkə bir o qədər “kövrək” olur. 2021-ci il İndeksində Azərbaycan 75,1 balla (maksimum 120 bal) 173 ölkə arasında 76-cı olmaqla təhlükəli risk səviyyəsinə malik (elevated warning) ölkələr qrupunda qərarlaşıb. Azərbaycanın mövqeyi 2014-cü illə müqayisədə 2,7 bal yaxşılaşsa da, yerləşdiyi ölkələr qrupunda dəyişiklik olmayıb.
Dünya Bankının 1996-cı ildən hazırlamağa başladığı Dövlət İdarəetməsinin Keyfiyyəti (Governance Matters) indeksində ölkələr 6 istiqamət üzrə -2,5 baldan (ən aşağı) +2,5-ədək (ən yüksək) balla qiymətləndirilərək reytinq sırası qurulur. Ən son açıqlanan 2020-ci ilin reytinqində Azərbaycan eşidilmə hüququ və hesabatlılıq üzrə -1,55 bal (193 ölkə arasında dünya üzrə orta göstərici -0,04 bal təşkil edir), siyasi sabitlik və zorakılığın/terrorun olmaması üzrə -0,7252 bal, korrupsiyaya nəzarət üzrə 1,05 bal (2020-ci ildə 192 ölkə arasında dünya üzrə orta göstərici -0,03 bal təşkil edir), qanunun aliliyi üzrə -0,69 (reytinq göstəricisi -2,5; +2,5 bal arasında müəyyənləşir), tənzimləmənin keyfiyyəti üzrə -0,246 (ən son 2017 göstəricisi) və hökumətin işinin səmərəliliyi üzrə -0,17 bal (reytinq göstəricisi -2,5; +2,5 bal arasında müəyyənləşir) toplayıb, yəni bütün meyarlar üzrə ölkənin göstəriciləri mənfi baldan yuxarı olmayıb.
Böyük Britaniyanın "The Legatum Institute" analitik mərkəzinin 2006-cı ildən başlayaraq hesabladığı Legatum Tərəqqi İndeksinin (The Legatum Prosperity Index) hazırlanması zamanı 9 subindeksdə birləşdirilən 104 dəyişən qiymətləndirilir. 2021-ci ilin indeksində Azərbaycanın ümumi reytinqi 167 ölkə arasında 86-cı yer (57.69 bal) olub. Subindekslərdə isə Azərbaycanın mövqeyi belə olub: təhlükəsizlik üzrə 104-cü, fərdi azadlıqlar üzrə 147-ci, idarəetmə üzrə 130-cu, sosial kapital üzrə 94-cü, investisiya mühiti üzrə 63-cü, biznes mühiti üzrə 42-ci, infrastruktur və bazara giriş üzrə 71-ci, iqtisadiyyatın keyfiyyəti üzrə 90-cı, yaşam standartları üzrə 74-cü, sağlamlıq üzrə 74-cü, təhsil üzrə 79-cu və təbii mühit üzrə 152-ci yerdəyik. Xüsusi olaraq qeyd edək ki, çox təəssüf bu subindekslər üzrə ötən illərlə müqayisədə xeyli gerilədiyimiz indekslər var.
Beləliklə, həm aparılan təhlil, həm də beynəlxalq reytinqlərdə ölkənin mövqeyi əsasında deyə bilərik ki, ölkənin qeyri-neft sektoruna cəlb edilən birbaşa xarici investisiyaların artırılması üçün Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində ciddi islahatlara ehtiyac var. Bu islahatlar heç də vergi güzəştlərinin və subsidiyaların genişləndirilməsinə yox, ilk növbədə, investorlar üçün daha həssas olan məsələləri əhatə etməlidir. Əgər hökumət gerçəkdən Azərbaycanın mümkün mövcud böyük potensialını ölkənin və xalqın rifahının yüksəldilməsi, yaşayış səviyyəsinin, onun keyfiyyətinin artırılması üçün səfərbər etmək niyyətinə sahibdirsə, o zaman siyasi iradə nümayiş etdirməklə həyata keçirilməsi olmazsa olmaz sayılan islahatlara vaxt itirmədən start verməlidir.
Məsələ burasındadır ki, Azərbaycan iqtisadiyyatının ixracda “neft amilindən”, daxili bazarda, o cümlədən, istehlak bazarında idxaldan asılılığı daha problemli səviyyədədir. Bu şəraitdə manatın məzənnəsinin maksimum qorunması, bizim də qənaətimizə görə, hazırkı şərtlərdə ölkə iqtisadiyyatı üçün həlledici rol oynayır. Hər nə qədər də, uzun illərdir, hökumət tərəfindən milli valyutanın məzənnəsinin qorunması istiqamətində ölkəmiz üçün kifayət qədər böyük həcmdə maliyyə resurslarının xərclənməsi strategiyasını tənqid etsək də, dünya siyasətində, iqtisadiyyatında və humanitar sahələrdə baş verən kataklizmlərdən dolayı yaranmış indiki kritik fazada bununla əlaqədar verilən qərarlarda "ehtiyatlı olmaqda fayda var" məntiqilə hələ ki, razılaşmalıyıq.
Böhran vəd edən mövcud iqtisadi vəziyyətin yaranmasının başlıca səbəblərinə gəldikdə, fikrimizcə, burada əsas səbəb ölkəyə yalnız xammal ixracatından “böyük neft pullarının” gəlməsi və son illərdə qeyri-neft sektorunun dinamik şəkildə inkişaf etməməsi deyil. Yəni, hər şeyin o qədər də sadə olmadığının biz də fərqindəyik. Həm də onu dərk edirik ki, ölkə iqtisadiyyatındakı struktur natarazlığının başlıca səbəbini çox dərində axtarmağa gərək var. Gəlin, nəzərə alaq ki, uzun illər keçmiş Sovet İttifaqının tərkibində olmuş respublikamızın iqtisadiyyatı, istehsal, ticarət, satış sistemləri ittifaqın digər ölkələrinin də eyni seqmentlər üzrə bir-birilə vəhdət halında mövcud olduğu vahid Ümumittifaq Xalq Təsərrüfatı sistemi bir göz qırpımında məhv edildi. Bu istehsal və tədarük zəncirlərinin qırılması, yerində daha optimal həll yolları ilə yenilərinin qurulmaması, yaxud yenidənbərpa fazasının uzun sürməsi, liberal bazar iqtisadiyyatına keçidin ciddi qarın ağrıları ilə baş verməsi, kapitalizmdən doğan yeni müasir iqtisadi modellərin yerli şəraitə uyğunlaşma prosesinin xeyli vaxt alması və kəskin transformasiyadan dolayı bir çox psixoloji amillər bugünkü iqtisadi geridəqalmanın çox vaxt nəzərə alınmayan səbəblərindəndir. Başa düşmək lazımdır ki, Sovet İttifaqının süqutundan sonra keçmiş müttəfiq respublikalarının iqtisadi elitasının strateji səhvi həmin iqtisadi, təsərrüfat əlaqələrini tamamilə dağıtması idi. Bu əlaqələrin birdəfəlik qırılması keçmiş Sovet respublikalarının iqtisadiyyatları üçün acınacaqlı vəziyyət yaratdı və ölkə iqtisadiyyatında mövcud olan struktur disbalansın əsası qoyuldu. Çünki müasir iqtisadiyyatda, hətta keyfiyyətli şəkildə istehsal prosesinin qurulması belə, iqtisadi effektivliyin tam təminatçısı ola bilməz. İqtisadiyyatın effektivliyi üçün həm də dayanıqlı satış kanalları, real bazarlar, möhkəm ticarət əlaqələri mövcud olmalıdır ki, arzulanan iqtisadi sistem dinamik inkişaf etdirilsin, ölkəyə əlavə xarici kapital gəlsin.
Mövcud iqtisadi problemlərin digər səbəblərinə gəldikdə, bunlar, ilk növbədə, milli iqtisadiyyatda rəqabət mühitinin formalaşdırılması, institusional və sistemli effektivlik, emal sənayesinin, kənd təsərrüfatının, xidmət sahələrinin, qeyri-xammal ixrac potensialının inkişafı ilə bağlı problemlərdir.
Hökumətin Milli Məclis qarşısında verdiyi illik hesabatında qürurla söylədiyi və bizim də diqqətimizi məşğul edən daha bir fikir strateji valyuta ehtiyatlarımızın daha da artması və bunun dövlətin xarici borcundan, az qalsın, 7 dəfə çox olması barədə idi. Hətta dövlət başçısının bu haqda belə bir fikrini oxudum ki, bəs biz istəsək 7,2 milyard ABŞ dolları olan dövlət borcunu bir günə bağlayarıq. Bəs yaxşı, əgər məsələ bu qədər bəsitdirsə, o zaman strateji valyuta ehtiyatlarımızdan ölkənin real iqtisadiyyatının bu gün hava-su qədər ehtiyacı olduğu ciddi və güzəştli maliyyə vəsaitlərinə əlçatanlığı niyə təmin olunmur və bu xəsisliyin bir məntiqi izahı varmı?! Nə üçün dövlət, hətta birbaşa xarici investisiyalar cəlb edə bilmirsə də, özü real iqtisadiyyatı maksimum dəstəkləmək məqsədilə dövlət əsaslı, uzunmüddətli və güzəştli kreditlər verə bilən İnvestisiya Bankları, bank olmayan maliyyə fondları, təşkilatları yaratmır? Bəllidir ki, yerli banklar bu işi həyata keçirməyəcəklər, çünki onlar ən asan yolunu tapıblar, iri faizlərlə istehlak krediti verib əhalinin hesabına qazanc əldə etməklə məşğuldur. Ola bilsin, "Azərbaycan İnvestisiya Şirkəti" məhz elə bu məqsədlə yaradılıb, fəqət bu şirkətin də qərarvermə mexanizmi çox ləngdir, həm də hamını əhatə eləmir və ən əsası iş adamlarının layihələrinin qəbul olunması, dəstəklənməsi proseduru hansı meyarlar üzərindən aparılır, bir az qaranlıqdır.
Hazırkı şəraitdə ölkə iqtisadiyyatının mövcud durumu makroiqtisadi səviyyədə sistemli antiböhran tədbirlərinin həyata keçirilməsini zəruri edir.
Sözsüz ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün həyata keçiriləcək tədbirlər kompleksinin təşkili kifayət qədər irihəcmli və geniş yanaşma tələb edən bir prosesdir. Bununla belə, fikrimcə, makroiqtisadi səviyyədə Antiböhran proqramının əsas tezislərini aşağıdakı kimi strukturlaşdırmaq olar:
- Xüsusilə dövlət idarəetməsində şəffaflığın və hesabatlılığın artırılması və korrupsiyanın aradan qaldırılması;
- "Mülkiyyət müqəddəsdir" prinsipi ilə mülkiyyət hüququnun qorunmasının təmin edilməsi;
- müstəqil və ədalətli məhkəmə sisteminin qurulması;
- iqtisadi azadlıqların genişləndirilməsi;
- Hüquqi və tənzimləyici mühitin yaxşılaşdırılması (qanunun aliliyinin təmin edilməsi, qanun qarşısında hər kəsin bərabərliyinin təmin edilməsi, dövlət qurumlarının davranışlarının qabaqcadan proqnozlaşdırıla bilən olması, biznesin xərclərinə və gəlirlərinə təsir göstərən hökumət qərarlarının ictimai müzakirələrsiz qəbul edilməsi praktikasından imtina edilməsi, belə dəyişikliklərin qəbul edilməsindən ən azı 6 ay sonra qüvvəyə minməsinin təmin edilməsi və s.);
- Birbaşa xarici investisiyaların cəlb edilməsi üzrə hökumətin vahid siyasətinin hazırlanması və qəbul edilməsi;
- “Rəqabət Məcəlləsi”nin, “Xarici investisiyaların qorunması haqqında” yeni qanunun qəbul edilməsi;
- Yaranmış vəziyyət ölkədə sosial iqlimin mülayimləşməsi üçün sosial yönümlü tədbirlər kompleksinin həyata keçirilməsini zəruri edir. Bu tədbirlər əmək haqları, pensiya və digər sosial müavinətlərin indeksasiyasını özündə əks etdirməlidir ki, əhalinin geniş təbəqələrinin iqtisadi böhran nəticəsində məruz qaldığı çətinliklərin təsiri maksimum dərəcədə azaldılsın. Burada vacib məqam ondan ibarətdir ki, bu tədbirlərin inflyasiyanın artımı ilə nəticələnməsinin qarşısının alınması üçün pul kütləsi maksimal şəkildə əmtəə kütləsi ilə təmin olunmalıdır.
- Ölkədə ən azından daxili və regional bazarlar üçün, rəqabətqabiliyyətli milli istehsal sisteminin formalaşdırılması. Bu məsələ antiböhran tədbirlərinin ən çətin hissəsi hesab oluna bilər və onun həlli mürəkkəb, strukturlaşdırılmış yanaşmanın tətbiqini zəruri edir. Fikrimcə, bu istiqamətdə görülən işlər, əsasən, aşağıda göstərildiyi kimi qruplaşdırılmalıdır:
a) ölkədə istehsal prosesinin perspektiv sahələrinin müəyyən edilməsi üçün daxili və xarici regional bazarlarda effektiv marketinq tədqiqatlarının aparılması;
b) idxalın əvəz edilməsi mümkün olan bazar əmtəələrinin, əsasən istehlak əmtəələrinin assortimentinin müəyyənləşdirilməsi və bu əmtəələr üzrə ölkədə tamamilə (istehsalın bütün tsikllərində) idxaldan asılı olmayan istehsal prosesinin təşkil edilməsi;
c) qeyri-xammal ixracı sektoruna dəqiq və şəffaf şəkildə investisiya qoyuluşu (istər yerli, istərsə də xarici investisiya təşkilatları tərəfindən);
d) Azad İqtisadi Zonaların, o cümlədən digər əhəmiyyətli vergi və digər güzəştləri nəzərdə tutan proqramların tətbiqi. Burada başlıca məqsəd ölkədə aparıcı xarici şirkətlər tərəfindən tələbat səviyyəsi yüksək olan, dünyada tanınmış brend məhsulları istehsalçıları olan şirkətlərin, əsasən, istehlak əmtəələrinin istehsalının təşkili olmalıdır. Bu, əsasən o əmtəə qruplarına aiddir ki, yaxın gələcəkdə həmin əmtəə qrupları üzrə ölkədə tam tsiklli rəqabətqabiliyyətli istehsal prosesinin təşkili real deyil (misal üçün məişət kimyası, elektrik mühəndisliyi sahələri və s.). Burada söhbət ölkə ərazisində yerli əmək resurslarından istifadə etmələri vasitəsi ilə aparıcı dünya brend əmtəələri istehsalçıları olan şirkətlərin istehsal meydançalarının yaradılmasından gedir ki, bu da ölkədə yüksək hazırlıqlı mühəndis təbəqəsinin formalaşmasına səbəb olmalıdır. Bu isə, öz növbəsində, müasir şəraitdə innovasiyalı, rəqabətqabiliyyətli iqtisadiyyatın qurulmasının vacib şərtlərindəndir.
- Ölkənin iqlim şəraitini və bu sahədə böyuk ənənələrin və potensialın olmasını nəzərə alaraq, ölkədə Kənd Təsərrüfatının inkişafına dair geniş Proqramın hazırlanması və bu proqramın praktiki tətbiqi. Bu sahənin inkişafı həm qeyri-xammal (neft-qaz) ixracının inkişafı perspektivləri baxımından, həm də ölkənin daxili bazarının qorunması baxımından ölkə iqtisadiyyatı üçün strateji məna daşıyır. Rusiya Federasiyası, Çin, Mərkəzi Asiya dövlətləri, xüsusilə çoxmilyonlu Pakistan, hələlik yenidənqurma mərhələlərində olan Əfqanıstan, İraq kimi böyuk bazarların mövcudluğunu nəzərə alsaq, bu sahənin inkişaf etdirilməsi çox böyük effekt verə bilər.
- Ölkədə turizm sektorunun inkişafı. Bu sahədə həm antiinhisar və rəqabət mühitinin formalaşması istiqamətində, həm qiymət siyasətində kompleks tədbirlər görülməlidir ki, ölkənin turizm potensialı maksimum şəkildə reallaşdırıla bilsin. Xüsusilə yay aylarında çimərlik mövsümün açılması ilə daha çox perspektiv vəd edən Xəzər çimərlikləri və qumsallıqlarının mövcud böyük potensialından maksimum istifadə edib, şimaldan cənuba qədər sahil zolağı boyu xarici turistləri, xüsusilə də günəşi, qumsallığı və dənizi sevən Rusiya turistlərinin böyük bir qismini ölkəmizə cəlb edə bilərik.
- Maliyyə sektorunun sağlamlaşdırılması və pul-kredit siyasətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsi. Bu sahədə, o cümlədən hüquqi-normativ aktların təkmilləşdirilməsi, tənzimləyici qurumlar tərəfindən müvafiq qərarların qəbul edilməsi vasitəsi ilə maliyyə sektorunun, kredit təşkilatların ölkə iqtisadiyyatının real sektorunun inkişafı və işgüzar aktivliyin artırılması istiqamətində mühüm rol oynamasına nail olunmalıdır.
- Ölkədə sistemli şəkildə antiinhisar tədbirlərinin həyata keçirilməsi. Bu istiqamətdə görülməli işlər kompleksli olmalı və təbii inhisarlardan başlayaraq, idxal-ixrac əməliyyatlarına və istehlak bazarının formalaşdırılmasına kimi mövcud olan geniş iqtisadi spektrdə antiinhisar tədbirlərini özündə cəmləşdirməlidir. Problemlə mübarizənin xüsusilə sistemli xarakter daşıması şərtdir, əks halda bu gün olduğu kimi, heç bir effekti olmayacaq.
- İqtisadiyyatın dövlət tənzimlənməsi və idarəedilməsi istiqamətində sistemli, struktur və institusional islahatların aparılması. Ölkədə iqtisadi idarəetməyə aid olan qurumların və top-menecerlərin müasir şəraitin tələblərinə uyğunlaşdırılması. Yerli özünüidarəetmənin yenidən format edilməsi, bələdiyyələrin yerlərdə əsas idarəetmə mərkəzi olmasına yaşıl işığın yandırılması, onun səlahiyyətlərinin artırılması, yerlərdə bu strukturların əsas inzibati ərazi vahidləri üzrə aparıcı idarəetmə mexanizminə çevrilməsinə nail olmaq.
- İqtisadi çətinliklərə baxmayaraq, ölkədə elm, təhsil və səhiyyəyə dövlət dəstəyinin artırılması. Bu sahələr strateji əhəmiyyət daşıyır və bu sahələrə edilən dövlət dəstəyi dövlətin qüdrətinin göstəricisidir, həm də gələcək inkişafı müəyyən edəcək əsas meyardır. Eyni zamanda qeyd etmək lazımdır ki, elmin inkişaf etdirilməsi istiqamətində həm nəzəri, həm də tətbiqi sahədə müsbət nəticələrə nail olunmalıdır ki, bu da ölkə iqtisadiyyatının uzunmüddətli dayanıqlı inkişafına zəmin yarada bilər.