İran-fars rejimi soydaşlarımıza qarşı siyasi təzyiqlərini və təqiblərini davam etdirməkdədir. Milyonlarla azərbaycalının ən təbii, ən minimum insani ve milli haqlarını tanımayan fars rejimi 75 yaşlı ictimai fəal Pərviz Siyablıya Azərbaycan Ordusuna dəstək aksiyasında iştirak etdiyinə görə 16 illik həbs cəzası verib.
AY Partiya istər Azərbaycanda, istərsə də dünyanın istənilən yerində fəaliyyət göstərən ictimai və siyasi təşkilatlarımızı İranda yaşayan azərbaycanlıların problemlərinə daha çox diqqət, zaman ayırmağa, əməli fəaliyyət göstərməyə çağırır.
İran İslam Respublikasında son vaxtlarda həbs olunan fəallara qarşı təhlükəsizlik qüvvələrinin fiziki zorakılığı, qeyri-insani davranışı və həbsi pislənilməlidir.
Qeyd etmək vacibdir ki, beynəlxalq konvensiyaların prinsiplərinə uyğun olaraq: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya və onun 1, 4, 6 və 7 saylı Protokolları; 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ; İşgəncə və alçaldıcı rəftara məruz qalmamaq hüququ; Əsassız həbs və sürgünə məruz qalmamaq hüququ; Dinc toplaşmaq və birləşmək azadlığı hüququ; onlar sırf azərbaycanlı olduqları üçün həbs olunduqlarını nəzərə aldıqda: Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin Ayrı-seçkiliyə məruz qalmamaq hüququ; Qanun qarşısında bərabərlik hüququ; İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Beynəlxalq Konvensiya (1965); İşgəncə, Qəddar, Qeyri-insani və ya Alçaldıcı Rəftarın Digər Formalarına qarşı Konvensiya (1984); BMT səviyyəsində Mülki və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 27-ci maddəsinə əsasən, soydaşlarımızın hüquqları pozulub. Bununla da İran rejimi diskriminasiya siyasətini bir daha təsdiqləyib.
Azərbaycan Yüksəliş Partiyası İran rejimindən Pərviz Siyablını dərhal azad etməyi, soydaşlarımıza qarşı təqib siyasətinə son qoymağı tələb edir.