1875-ci iyul ayının 22-də işıq üzü görən "Əkinçi" qəzeti müsəlman Şərqində ilk mətbuat orqanı idi.
Əsası böyük maarifpərvər, görkəmli şəxsiyyət Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan Milli Mətbuatı böyük tarixi inkişaf yolu keçib. 2 il ərzində cəmi 56 nömrəsi çıxan "Əkinçi" qəzetindən sonra çox sayda qəzet və dərgi çap olundu. İstər çar Rusiyası, istər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də Sovet dönəmində mətbuatımız dövrün imkan verdiyi şərtlər daxilində milli dəyərlərin qorunmasına çalışaraq, "cəmiyyətin aynası" funksiyasını həyata keçirməyə çalışdı.
Xüsusilə 20-ci əsrin sonunda məmləkətimizdə Milli Azadlıq hərəkatının geniş vüsət almasında və ardınca dövlət müstəqilliyinin bərpa olunması prosesində mətbuatımız üzərinə düşən missiyanı şərəflə yetirməyi bacardı. Milli düşüncənin, hərbi-vətənpərvərlik hisslərinin oyanmasında, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin işıqlandırılmasında mətbuatın danılmaz xidməti, yorulmaz mübarizəsi hamımızın gözü qarşısında baş verdi. İctimai fikrin formalaşmasına bilavasitə təsir etmək gücünə malik samballı mətbuat orqanları və nüfuzlu jurnalistlər fəaliyyət göstərdi. Bu gün də müstəqil, obyektiv, qərəzsiz mətbuat bütün çətinliklərə rəğmən, ayaqda qalmağa çalışır, bu yolda öz şərəfli mübarizəsini davam etdirir.
Azərbaycan Yüksəliş Partiyası Milli Mətbuat günü münasibətilə bütün vicdanlı jurnalistləri, ləyaqətli qələm adamlarını, öz peşəsinə sadiq qalan media nümayəndələrini təbrik edir, ölkə mətbuatının inkişafı yolunda uğurlar arzulayır.