Sentyabrın 19-da milyonlarla həmvətənimizin yaşadığı Rusiyada parlament seçkiləri keçiriləcək.
İki əsrdən artıqdır, milli varlığımızı bilavasitə öz təsir dairəsində saxlamağa çalışan Rusiyanın hakim dairələri bütün bu yüzilliklər ərzində Azərbaycana qarşı heç vaxt məkrli siyasətlərindən əl çəkməyib. İkinci Qarabağ Savaşında da biz bunun şahidi olduq. “Velikorus” şovinizminin tüğyan etdiyi qonşu dövlət öz "ənənəsinə" sadiq qalaraq, bu savaşın tam qalibiyyətlə başa çatmasını əngəllədi. Amma savaş dönəmində ölkəmizin haqq işini bütün gücüylə dəstəkləyən çox az sayda rus siyasi və ictimai fəalda oldu. Bunların arasında məşhur jurnalist və tarixçi Maksim Şevçenkonu xüsusilə qeyd etmək lazımdır. Özünü böyük azərbaycanlı filosof Heydər Camalın tələbəsi hesab edən Şevçenko zaman-zaman Rusiyanın çoxsaylı media orqanlarında ölkəmiz adına həqiqətləri hayqırmaqdan çəkinmədi və öz güclü məntiqi, siyasi səriştəsi, dəyanətli davranışları ilə millətimizin haqqını müdafiə etdi.
Maksim Şevçenko bu gün Rusiyanın siyasət aləmində geniş populyarlıq qazanan ləyaqətli bir vətəndaş, parlaq bir natiq və haqlı mövqeyin təmsilçisi olan dəyərli ziyalı, görkəmli tarixçi alimdir.
O, yeni yaransa da artıq öz ölkəsində böyük nüfuz qazanmağa müvəffəq olmuş Rusiya Azadlıq və Ədalət Partiyasının həmsədrlərindən biri kimi sentyabrın 19-da keçiriləcək parlament seçkilərinə qatılıb. Hamımız gözəl bilirik və inanırıq ki, Rusiyanın Ali Qanunvericilik Orqanında təmsil olunmaq Onun haqqıdır.
Eyni zamanda demokratiya uğrunda mübarizəni hər bir cəmiyyətin inkişafı yolunda əsas faktorlardan biri kimi görən AY Partiyası Rusiyada ədalətli, şəffaf seçkilərin keçirilməsini vacib sayır. Rusiyada demokratik seçkilərin keçirilməsi bütün regionda demokratik mühiti canlandıra, hərəkətə gətirə bilər.
Maksim Şevçenko kimi demokratiyaya sadiq, azadfikirli və cəsur insanların parlamentdə təmsilçiliyi isə bu yolda atılacaq addım kimi dəyərləndirilməlidir. Həm də onun kimi demokratik düşüncə sahibi olan mübariz insanların Azərbaycanın yanında olması bizim işimizin haqq olduğunu bir daha təsdiqləyir.
Azərbaycan Yüksəliş Partiyası qonşu ölkədə yaşayan soydaşlarımıza müraciət edərək bildirir ki, ələ düşən bu tarixi şansdan istifadə edərək, seçkidə səs vermək hüququ olan azərbaycanlılar Maksim Şevçenkonu dəstəkləməklə həm də dövlətimiz və millətimizin adına yaraşan layiqli bir iş görmüş olarlar.
Azərbaycanın yaxın dostu, Rusiyada xalqımızın haqq səsi olan Maksim Şevçenko bu böyük etimadı haqq etmiş şəxsiyyətdir.