Gədəbəy rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmlinin 10 gündür, saxlandığı həbsxanada ölüm aclığı keçirdiyi barədə məlumat yayılıb.
2018-ci ilin mayında saxlanılan və 7,3 illik həbs cəzasına məhkum edilən Saleh Rüstəmli həbsinin qanunsuz olduğunu bildirərək, azadlığa buraxılma tələbi ilə aksiyaya başlayıb.
Məlum olduğu kimi, Saleh Rüstəmli Birinci Qarabağ savaşında Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyatlardan biri olan Başkəndin alınmasına rəhbərlik edən şəxslərdən biridir.
O, icra başçısı işlədiyi vaxt təmiz və şəffaf fəaliyyəti, həmçinin dövlətə sədaqəti ilə seçilib. Uzun illər Rusiyada çalışan S. Rüstəmli iş adamı kimi də tanınıb. Onun həbsdən azad olunması üçün yerli və beynəlxalq təşkilatlardan dəfələrlə müraciətlər səslənib.
Qeyd etmək lazımdır ki, Zəfər Bayramı münasibətilə qəbul olunan Amnistiya aktının Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslərə və onların yaxın qohumlarına şamil olunması da nəzərdə tutulub. Belə olan halda Saleh Rüstəmlinin azadlığa buraxılmaması üçün bir səbəb qalmır.
Azərbaycan Yüksəliş Partiyası Saleh Rüstəmlinin səhhətinin kritik olduğundan narahatlığını ifadə edərək, onun azad olunması üçün hakimiyyətə səslənir. Azərbaycan dövlətçiliyinin belə bir həssas dönəmində Saleh Rüstəmli və digər siyasi məhbusların həbsdə saxlanması ölkəmizə qarşı təzyiqlərin artmasına gətirib çıxarır. Hakimiyyətə çağırış edirik ki, bütün siyasi məhbusların azadlığa buraxılması üçün tədbirlər görülsün.