1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində (Qarabağ İqtisadi Rayonu) yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, həmçinin erməni terrorçu dəstələri və keçmiş sovet və rus ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti soyqırımı törədib.
İnsanlığa qarşı 30 il əvvəl törədilmiş bu dəhşətli cinayət zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridilərək əliyalın insanlar xüsusi qəddarlıqla qətlə yetirilib. Yandırılan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla öldürülüb. Bu cinayət beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulmasıdır.
Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
XX əsrin sonlarında dünyanın gözü qarşısında törədilən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir. 30 il keçməsinə baxmayaraq, təəssüf ki, beynəlxalq ictimaiyyət soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayətə münasibətdə biganəlik və ikili standartlar təcavüzkarda cəzasızlıq sindromunu gücləndirərək onu yeni hərbi siyasətlərə, soyqrımılarına sövq edib.
Dünya ictimaiyyətinin Xocalı soyqırımına adekvat reaksiya verməməsi mənəviyyatdan kənar olmaqla yanaşı, həm də qəbuledilməzdir, çünki bu, gələcəkdə belə cinayətlərin təkrarlanmasına zəmin yaradır.
Dünyada yaranan yeni geosiyasi vəziyyəti nəzərə alaraq, bu məsələnin bütün platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatında (TDT) gündəmə gətirilməsini vacib hesab edirik. TDT-na üzv olan ölkələrin parlamentləri tərəfindən Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi soyqrımı aktının beynəlxalq təşkilat və ölkələr tərəfindən tanınması prosesini sürətləndirəcək, ölkəmizin bu istiqamətdə xarici siyasətini gücləndirəcək.
AY Partiya soyqrımı qətiyyətli şəkildəı pisləyir, beynəlxalq təşkilatları və dövlətləri Xocalı qətliamını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması üçün onu soyqırımı və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırırır.