Bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Bu gün həm də köhnə ili tamamlayıb yeni ilə - 2022-yə qədəm qoyuruq.
Arxada qoyduğumuz ilə ümumi bir nəzərlə yanaşsaq, deyə bilərik ki, 2021-ci ildə ölkəmizdə ciddi hadisələr baş verdi. ZƏFƏRİMİZDƏN sonra regionda baş verən geosiyasi hadisələr bəzi açıq sualların qalmasına rəğmən, Azərbaycan diplomatiyasının uğuru ilə yadda qaldı. Baş verən proseslər fonunda ümumən xalqımızda özünəinam və güvənc hissi daha da gücləndi.
Ancaq təəssüflə vurğulamalıyıq ki, yaşadığımız şanlı qələbədən sonra 2021-ci il il yaddaşımızda həm də illərdir ölkədə həll edilməyən sosial-iqtisadi problemlər fonunda postmüharibə dövrü insan hüquq və azadlıqları istiqamətində bəzi problemlərin açıq qalması, müəyyən eybəcərliklərin yaşanması ilə müşayiət olundu. İstər sosial təminat, istər iqtisadi göstəricilər, istər fundamental insan hüquqları, istər qadın və uşaq məsələləri, istər media, istər səhiyyə, istər elm və təhsil, istərsə də digər humanitar sahələrdə mövcud problemlər qarşılığında atılan real addımlar gözə görünməyəcək qədər kiçik oldu.
Lakin inanırıq ki, milli birliyimiz və həmrəyliyimiz sayəsində bütün sınaqlardan üzüağ çıxacağıq. Bu mənada Azərbaycan Yüksəliş Partiyası yarandığı ilk gündən əsas götürdüyü böyük hədəflərə çatmaq yolunda 2021-ci ildə səylərini daha da gücləndirdi, fəaliyyətini daha da zənginləşdirdi. Partiyanın sıralarının sürətlə genişlənməsi, kamil bir siyasi təsisat olaraq, dövlət qeydiyyatına alınması onun cəmiyyətdə və ölkədə ortaya qoya bildiyi siyasi ağırlığın göstəricisi idi.
İlk gündən elan etdiyimiz kimi, məramımız və məqsədimiz Azərbaycanı bütövlük amalı işığında vətəndaş səadəti, insan xoşbəxtliyi üzərində qurulmuş, sosial ədalətin, azad iqtisadiyyatın, yüksək rifahın bərqərar olacağı milli-demokratik hüquq dövlətinə çevirməkdir.
Bəli, dünyamıza yeni qədəm qoyan 2022-ci ildən hər birimizin böyük gözləntiləri var. Bu gözləntilər hər şeydən öncə milli dövlətçiliyimizin daha da qüdrətlənməsində çox əhəmiyyətli və həlledici hadisələrin baş verə biləcəyi ilə bağlıdır. Arzu edək ki, 2022-ci il həm ölkəmizin geostrateji maraqları baxımından, həm demokratik cəmiyyətin qurulması, həm də sosial-iqtisadi problemlərin həlli yolunda uğurlu və düşərli olsun.
Əziz soydaşlarımız,
Biz bu gün Həmrəylik gününü və Yeni ili işğaldan azad edilmiş torpaqlarımızda da qeyd edirik. Bunu 30 illik işğala son qoyaraq, qəddimizi düzəldən, millətimizə özünəinam hissini qaytaran Qalib Ordumuza borcluyuq. Bu Bayram günündə Şəhidlərimizi sayğı ilə yad edir, Qazilərimizə sağlamlıq diləyir, Ordumuza daim ZƏFƏR arzulayırıq.
Azərbaycan Yüksəliş Partiyası Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ili münasibətilə Sizi ürəkdən təbrik edir, xalqımıza səadət və rifah içində keçəcək gözəl bir il arzulayır.