Fransa Senatı ənənəsinə sadiq qalaraq, Azərbaycanla bağlı növbəti dəfə ədalətsiz, heç bir beynəlxalq hüquqa söykənməyən qətnamə qəbul edib.
Azərbaycan Yüksəliş Partiyası Fransa hökumətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışının yer aldığı, respublikamızı təcavüzkar adlandırdığı, o cümlədən ölkəmizin Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edildiyi və bütövlükdə Fransa Senatının ölkəmizə qarşı təqdim elədiyi qətnaməni kəskin şəkildə qınayır, bu qətnaməni rədd edir.
Xatırladaq ki, 2020-ci il 27 sentyabr - 9 noyabr tarixləri arasında davam edən 44 günlük Vətən müharibəsi fransız şirkətlərinin Dağlıq Qarabağ və ətraf rayonlardakı qanunsuz fəaliyyəti sonlandırdı. Maraqlıdır ki, ondan sonra Fransa Parlamenti Dağlıq Qarabağda yaradılan qondarma “Arsax Respublikası”nı tanıdığını bəyan etdi.
Nəzərə alsaq ki, belə provokativ addımlar artıq dəfələrlə baş verib, ciddi addımlar atılmalıdır. Düzdür, Fransanın Azərbaycanının lehinə münasibətini təmin etmək üçün tarazlaşdırılmış xarici siyasət kontekstində müxtəlif addımlar atıldı. Lakin Fransanın Ermənistanla tarixi-siyasi bağlarının, iqtisadi maraqlarının olduğunu, Rusiyadan sonra Ermənistana investisiya yatıran ikinci ölkə olduğunu, erməni lobbisinin ən geniş yayıldığı və siyasi dayaqlarının möhkəm olduğunu nəzərə alsaq, Fransadan neytral münasibət gözləmək, ölüdən can istəməyə bərabər bir şey olar.
Fransa çox ədalətdən danışırsa, Afrikada Ruanda, Əlcəzair, Benin, Qabon, Burkina-Faso, Qana, Kamerunda törətdiyi qətliamları xatırlasın. Kamor adalarının ərazi bütövlüyünü pozub, işğalçılıq siyasəti yürütdüyünü unutmasın. Fransa hələ də Cibuti, Seneqal, Qabon, Çad, Mərkəzi Afrika Respublikası və Fildişi Sahilində 6 hərbi baza saxlayaraq, Afrikada nüfuzunu davam etdirir. Keçmiş müstəmləkəsi olan 14 Afrika ölkəsindən hər il xərac alır. Əgər bu dövlətlərdən hansındasa siyasi hakimiyyətdəki liderlər “vergi”ni Fransaya verməkdən imtina edirsə, dərhal ona qarşı ya sui-qəsd təşkil edilir, ya da inqilab yolu ilə hakimiyyətdən uzaqlaşdırılır. Bu dövlət Azərbaycanla bağlı hansı ədalətli mövqedən çıxış edə bilər axı?!
Dünyanın bütün ölkələri, o cümlədən Fransa Respublikası tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilən Dağlıq Qarabağ ərazisi ətrafında nail olunan razılaşma və həssas sülhyaratma prosesi yenidən təhlükə ilə üz-üzədir. Regionda uzunmüddətli ədalətli sülhün yaranmasını istəməyən qüvvələr hər vasitə ilə vəziyyəti gərginləşdirmək və yenidən müharibənin başlamasına nail olmaq istəyirlər. Belə qüvvələrdən biri Fransa Respublikasıdır.
AY Partiya bəyan edir ki, Azərbaycan Respublikası Fransanın ədalətsiz, birtərəfli mövqeyinə qarşılıq olaraq, əməli və nəticəsi olacaq addımlar atmalıdır. İnanırıq ki, həyata keçiriləcək siyasi-iqtisadi əks-tədbirlər bu ölkəyə dərs olacaq.
Fransanın Bakıdakı müvəqqəti işlər vəkilinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılması və nota təqdim edilməsi müsbət haldır.
AY Partiya bu istiqamətdə aşağıdakı addımların atılmasını təklif edir:
1 – Fransada yaşayan soydaşlarımızın təşkilatçılığı ilə Azərbaycanın dostu fransızlarla birgə mitinq təşkil olunsun və Senata etiraz bildirilsin;
2 – Fransa Senatından Azərbaycanı qaneedici qərar gəlməyənə qədər Fransanın bütün şirkətlərinin yeni layihələrdə fəaliyyətinə moratorium gətirilsin, Fransa ilə bütün iqtisadi əlaqələrə yenidən baxılsın;
3 - Fransa ilə bütün əlaqələr (diplomatik, iqtisadi, siyasi, mədəni, elmi və sair) kəsilsin və Fransa torpaq bütünlüyümüzə təhlükə yaradan dost olmayan ölkə elan olunsun.
4 - Azərbaycanın siyasət, elm adamlarına, incəsənət xadimlərinə, ziyalılara Fransa hökuməti tərəfindən təqdim olunan bütün mükafat və fəxri adlardan imtina edilsin.