Gənc dostum!
Sən olmadan mənsub olduğun millət, toplum əl-ayaqsız bədəndən ibarət bir varlıqdır. Yaşamaq üçün mübarizə aparar, çalışar, vuruşar, ancaq irəli gedə bilməz. Düzdür, irəliləmək üçün düşünər, hədəflərinə doğru can atar, lakin yürüyə bilməz.
Uzağa baxmaq uzağı görmək olmadığı kimi, gələcəyi görmək də onu dəyişdirmək gücündə olduğun demək deyil. Bu mənada gələcəyə aid ən ağır yük sənin çiyinlərindədir.
Gənclik sonsuz enerji, saf, ülvi hisslər, qeyri-adi düşüncə, özünəməxsus yanaşma, sevgi və gələcəyə inamdır. Əbəs yerə deyil ki, şairlər gəncliyi selə, qasırğaya bənzədir. Gənc dostum, bu ramolunmaz gücü millətinin, cəmiyyətinin inkişafına sərf etsən, nələr yarada bilməzsən?!
Sən Vətən üçün ən ali hüquq - yaşamaq hüququndan keçən əsgərsən!
Sən "Əzəldən bəridir hürr yaşadım", - deyə hayqıran nəsillərin gələcəyisən!
Sən bir-birini heydən salan və yorulanda "Bu boyda dünya bir topalla, bir korun əlində qalıb", - deyərək, qəhqəhə çəkən Teymurun, Bəyazidin nəvəsisən!
Sən azadlıq eşqindən dolayı təbiətin ən ramolunmaz təmsilçisinə - qurda heyran olan, onu özünə totem seçən millətin nümayəndəsisən! Lakin sən canavar deyilsən, sən elə totem seçdiyin qurd kimi kimsəsiz körpəni bəsləyib, böyüdəcək qədər ədalətlisən.
Ey şanlı Vətənin qəhrəman övladı, biz sənin qüdrətinə, gücünə güvənərək bir yola baş vurduq. Sən bizim sıralarımıza qoşulanda səma al-əlvan rəngə boyanacaq, bu millətin qüruba çəkilən günəşi yenidən boylanacaq, gecələrimizi parlaq AY işığı aydınladacaq və sən yüksələcəksən!
Genlərində daşıdığın dövlətçilik, quruculuq ənənələrini sarsılmaz iradənlə, sonsuz mərhəmətinlə, düzəni qoruyacaq ədalətinlə birləşdirəndə gələcək üçün böyük miras buraxacaqsan. Haqqın, hüququn pozulduğu, ağla qaranın bir-birinə qarışdığı bu dünyada ümid işığı olacaq və yüksələcəksən!
"Axacaq qan damarda durmaz", - deyən gənc dostum, sən düşmənlərinin qorxulu röyası, dostlarının dağ kimi arxa-dayağısan. Yeri gələndə qanınla, canınla yüksələcəksən!
"Vətən yaxşıdır", - deyən gənc dostum, həqiqətən də, ölməyə də, gəzməyə də Vətən yaxşıdır. Gəl, o dağların başındakı dumanı birlikdə dağıdaq və birlikdə YÜKSƏLƏK!