Rusiya Federasiyası Müdafiə Nazirliyi Rusiya hərbçilərinin nəzarətində olan Azərbaycan ərazilərindəki son durumla bağlı yaydığı məlumatda növbəti dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı hörmətsizlik edib.
Rusiya MN-nin rəsmi məlumatında martın 24-25-də Azərbaycan Ordusunun rus sülhməramlıların məsuliyyət zonasına daxil olması, orada müşahidə postu qurması bildirilib. Məlumatda Azərbaycan tərəfinin 10 noyabr sazişini pozduğu iddia edilib.
Rusiya MN növbəti dəfə ərazi bütövlüyümüzə hörmətsizlik edərək, Azərbaycan hərbçilərinin mövcud olmayan “Dağlıq Qarabağ Respublikası”nda yerləşən Fərrux dağı istiqamətində “Bayraqdar TB2” PUA-sı ilə 4 dəfə zərbə endirdiklərini qeyd edib.
Azərbaycan Yüksəliş Partiyası bildirir ki, Rusiya MN heç bir əsası olmayan, birtərəfli qaydada məlumat yaymaqla bölgədə sülhün bərqərar olmasının tərəfdarı olmadığını bir daha sübut etmiş olur. Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Azərbaycan tərəfinin sülh müqaviləsi ilə əlaqədar tələblərini yerinə yetirmək üçün güzəştə getməyə hazır olduqlarını açıqladığı gün Rusiya MN-nin bu məlumatı yayması onların xoşniyyətli olmamasının göstəricisidir.
Xatırladaq ki, bu, Rusiyanın rəsmi qurumlarının Azərbaycanın ərazi bötüvlüyünə qarşı ilk hörmətsizliyi, Azərbaycan Ordusu barədə yaydığı ilk uydurma məlumat deyil.
Ən son martın 7-də də Rusiya MN Ukraynaya humanitar yardım edən ölkələr arasında “Dağlıq Qarabağ”ın adını da göstərmişdi.
AY Partiya Rusiya MN-nin bu qərəzli mövqeyi ilə bağlı üzr istəməsini, təxribatlara son qoymasını tələb edir, Azərbaycanın aidiyyəti qurumlarını məsələyə adekvat reaksiya verməyə çağırır.