Bu gün görkəmli türkoloq-alim, tanınmış ictimai xadim Aydın Məmmədovun doğum günüdür.
Aydın Mirsaleh oğlu Məmmədov 1944-cü il yanvar ayının 16-da Şəkinin Kiş kəndində anadan olub. BDU-nun filologiya fakültəsində ali təhsil alıb. Yüksək intellektə və geniş erudisiyaya sahib olan A.Məmmədov, müntəzəm olaraq ədəbi tənqidlə məşğul olub. Eyni zamanda, Azərbaycanın qədimdən türk yurdu olduğunu elmi əsaslarla sübut edən fundamental yazılarla çıxış edib.
Dilçilik İnstitutunda şöbə müdiri, keçmiş SSRİ Türkoloqlar Cəmiyyətinin orqanı olan nüfuzlu "Sovetskaya türkoloqiya" jurnalında baş redaktorun müavini və Azərbaycan Bədii Tərcümə Mərkəzinin sədri vəzifələrində çalışıb. Bir müddət Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini işləyib. Azərbaycanda milli-azadlıq hərəkatı başlayan vaxtdan bu hərəkata qoşularaq, onun tanınmış simalarından biri olub. 1990-cı ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib. Parlamentin millətlərarası münasibətlər komissiyasına rəhbərlik edib.
1991-ci il aprel ayının 19-da avtomobil qəzasında dünyasını dəyişib. Doğulduğu kənddə dəfn olunub.
Azərbaycan Yüksəliş Partiyası böyük ziyalı Aydın Məmmədovun xatirəsini sayğıyla anır.