Milli Azadlıq Hərəkatının öncüllərindən olmuş istiqlalçı deputatlar Aydın Məmmədov və Dilarə Əliyevanın müəmmalı avtomobil qəzasında həlak olmasından 31 il ötür.
1991-ci il aprelin 19-da Aydın Məmmədov və Dilarə Əliyevanın içərisində olduğu avtomobil qəzaya uğrayıb və onların hər ikisi hadisə yerində həlak olub.
1929-cu il dekabrın 14-də anadan olan Dilarə Əliyeva orta təhsilini Gürcüstanda, ali təhsilini Azərbaycanda alıb. O, Azərbaycan Dillər Universitetinin Şərqşünaslıq fakültəsindən məzun olduqdan Azərbaycan və Gürcüstanda işləyib, 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib.
1988-ci ildə başlayan Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı olub, AXC İdarə Heyətinin üzvü seçilib.
Aydın Məmmədov isə 1944-cü ildə anadan olub, orta və ali təhsilini başa vurduqdan sonra bir sıra ciddi araşdırmalara imza atıb.
"Sovetskaya turkologiya" jurnalının redaktor müavini vә Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin, bütövlükdə dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün bir sıra işlər görüb.
O, Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşadığını elmi yollarla sübuta yetirib.
"Xalq öz qəhrəmanlarını daim gözünün önündə olmağını istəyir- ya tribunada, ya da dar ağacında”, deyən Aydın Məmmədov Azərbaycan Xalq hərəkatının ön sıralarında dayanıb.
Dilarə Əliyeva və Aydın Məmmədov Azərbaycanın müstəqilliyinin lehinə səs vermiş 43 deputatın arasındadır.
Azərbaycan Yüksəliş Partiyası hər iki ziyalımızı böyük sayğı və sevgi ilə yad edir.