Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin SİA-ya müsahibəsini təqdim edirik:
- Anar müəllim, Rusiya-Ukrayna müharibəsinin Azərbaycan qazının ixracına olan təsirlərini necə qiymətləndirirsiniz?
- Hər kəsə aydındır ki, Rusiya Avropanı təbii qazla təmin edən mühüm ölkələrdən biridir. Avropa istehlakçısının istifadə elədiyi mavi yanacağın, haradasa 50 faizə yaxını (197 milyard kubmetr) Rusiya mənşəlidir. Ukrayna isə Avropaya satılan qazın daşındığı boru kəmərlərinin keçdiyi tranzit ölkədir və təbii olaraq, Rusiya və Ukrayna arasında baş verən müharibə nəticəsində təbii qaz sektorunda qlobal çalxalanmalar müşahidə olunmaqdadır. Təbii qazın qiyməti tarixdə heç vaxt olmadığı maksimuma (1000 kubmetr qaz cüzi dalğalanmalarla təxminən 2200 ABŞ dollarına satılır) çatıb. Müharibənin uzanması qiymətlərin nəinki sabit qalması, əksinə daha da böyüməsi ehtimalını gücləndirən əsas faktordur. Vəziyyəti daha da kritik edən məsələlərdən biri də, Avropa məkanında faktiki işğalçılıqla məşğul olmaqla bəynəlxalq hüququ tapdalayan Rusiya Federasiyasına qarşı Qərbin tətbiq elədiyi cəhənnəm sanksiyalarında təbii qaz alışının məhdudlaşdırılmasının da aktual olmasıdır. Mübaribə başlayan gündən bu yana Rusiyadan qaz alıb-almamaqla bağlı Avropa dövlətləri arasında az qala qarşıdurma səviyyəsinə qədər inkişaf edən siyasi didişmələr müşahidə edilir.
- Bəs ölkə iqtisadiyyatına müsbət təsirləri barədə nə deyə bilərsiniz?
- Belə olduğu halda, təbii olaraq, Avropa bazarları mövcud tələbi qarşılamaq üçün qaz ixracatı ilə məşğul olan başqa ölkələrə üz tutur ki, bunların arasında Azərbaycanın xüsusi yeri var. TAP boru kəməri ilə Avropaya qaz satan Azərbaycan dövləti qoca qitənin enerji təhlükəsizliyində mühüm oyunçudur desək, yalan olmaz. Son vaxtlar Qərbdən Azərbaycana sırf təbii qaz məsələsi ilə əlaqədar rəsmi səfərlərin sayı da artıb. Dövlət maraqlarından yanaşsaq, bütün bunlar sevindirici və təqdirolunası məqamlardır. İtaliyaya uzanan boru kəmərinin bəlli miqdarda (illik 16 milyard kubmetr) təbii qaz nəql etmək potensialı olsa da, yaxınlarda mütəxəssislər etiraf etdilər ki, müəyyən texniki yeniliklər sayəsində Avropaya satılacaq qazın həcmini artırmaq mümkündür. Həttə əvvəllər daha çox qeyd edilən illik 20 milyard kubmetrdən də artıq qazı TAP kəmərinə pompalamağa nail olmaq olar.
Əlbəttə, onu da etiraf etməliyik ki, təkcə Azərbaycanın çıxardığı təbii qaz həcmi ilə Avropa bazarında Rusiya maye yanacağını əvəz edəcəyimizi düşünməyimiz sadəlövhlük olardı, çünki bu, fiziki olaraq qeyri-mümkündür. Bu baxımdan bəri başdan vurğulayaq ki, Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil. Bu, birmənalıdır. Ancaq bununla belə, Azərbaycanı Avropa ilə bağlayan qlobal qaz kəmərlərinə Mərkəzi Asiya ölkələrinin zəngin qaz yataqlarından çıxarılan maye yanacaq da pompalansa, haradasa ümumi bazar payında ciddi təsirlər yaratmaq mümkün olar. Ancaq bunu edərkən də Rusiya ilə gələcək münasibətlər baxımından prosesin siyasi nəticələrini düzgün hesablamaqda fayda var. Hər şey göründüyü qədər asan deyil.
- Bu, daha çox hansı sahələrə müsbət və mənfi təsirləri ilə özünü göstərəcək?
- Hər bir halda, Azərbaycan qlobal miqyasda yaranmış geosiyasi gərginliklər fonunda təbii qazın artan qiymətlərindən hazırda böyük miqdarda gəlir götürməkdədir. Yəni Ukrayna-Rusiya müharibəsi Azərbaycanın beynəlxalq qaz ticarətinə mənfi yox, müsbət təsir göstərməkdədir, yani istər bizim çıxardığımız təbii qaza, istərsə də Mərkəzi Asiya və Xəzərin qaz ehtiyatlarını daşıyan qlobal əhəmiyyətli kəmərlərə maraq kifayət qədər böyükdür. Azərbaycanın ötən il başqa bir türk dövləti Türkmənistanla Xəzər dənizində bir neçə qaz yatağını birlikdə işləmək barədə razılığa gəlməsi, o cümlədən prosesin artıq başlaması və buna beynəlxalq miqyasda dəstəyin olması da ölkəmizin bu planda əhəmiyyətini artıran amildir. Ölkənin qaz gəlirləri isə əhəmiyyətli dərəcədə artmaqdadır. Ən son açıqlamalara görə cari ilin beş ayı ərzində ölkədə 19,6 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 5,8 mlrd. kubmetri Azəri-Çıraqlı-Günəşli yatağından, 10,6 mlrd. kubmetri “Şahdəniz”dən, 3,2 mlrd. kubmetri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,3%, yəni 2,6 mlrd. kubmetr artımla qaz hasil edilib. Bu isə o deməkdir ki, ötən illə müqayisədə eyni dövr üzrə qaz gəlirləri 8,5 dəfə artıb.
- Rusiyaya olan sanksiyalar davam etsə ölkəmizdə yenə bahalaşma ehtimalı olacaqmı?
- Qaldı ki ölkəyə təbii qaz satışından daxil olan əlavə gəlirlərin ölkənin ümumi iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə təsirlərinə, bu, gerçəkdən mübahisəli məsələdir. Çünki qlobal miqyasda iqtisadiyyatlarda baş verən pul-kredit, maliyyə kataklizmləri, ticarət zəncirlərinin qopması, logistik-təchizat problemləri, nəticədə meydana çıxan yüksək inflyasiya, bahalaşma istər-istəməz, əsasən qeyri neft-qaz məhsulları üzrə böyük ölçüdə idxaldan asılı olan Azərbaycana özü ilə bərabər yüksək inflyasiya, baha qiymətlər də gətirir. Bunun nəticəsidir ki, son istehlakçıya mallar çox baha qiymətə təklif olunur ki, maaşların, pensiya və müavinətlərin çox aşağı olduğu respublikamızda əhali ciddi xərcləmələrə məruz qalır. İlin əvvəlində maaşlara, pensiya və müavinətlərə çox cüzi artımlar edilsə də, son beş aydakı bahalaşma və inflyasiya tempi həmin cüzi artımları da yeyib-bitirib. Təbii qaz və neft satışından gələn əlavə dəyərin xərcləmələrində əhalinin işləməyən aztəminatlı ailələrinə sosial yardımların edilməsi, maaş və pensiyaların artırılmasına yenidən baxılması labüddür. Əks halda, neft-qaz qiymətlərinin kəllə-çarxa qalxdığı, dövlətin əlavə gəlirlər əldə etdiyi bir vaxtda əhaliyə bundan pay ayırmaması sosial narazılıqları körükləyən səbəbə çevrilə bilər ki, bu da arzulanan deyil. Hökumət təcili surətdə toplanaraq ölkəyə proqnozlardan daha artıq məbləğdə büdcəmizə daxil olan kapitaldan əhalinin aztəminatlı qruplarına sosial yardımları artırmalı, eləcə də maaş ve pensiyalara yenidən baxmalıdır. Bundan başqa, hələlik biz ölkəyə daxil olan xarici kapitaldab real iqtisadiyyatın kreditləşdirilməsi, işgüzar sektora maliyyə dəstəyinin artırılması, xüsusilə kifayət qədər problemlərin olduğu və kapitala ciddi surətdə ehtiyacı olan kənd təsərrüfatının yenidən qurulması üçün hansısa stimullaşdırıcı tədbirləri görə bilmirik. Çox geniş mövzular olduğundan bu məsələlərə bir-iki cümlə ilə qiymət vermək doğru deyil, çünki sözügedən məsələlər çox düşünülmüş kompleks yanaşma tələb edir. Ümumi mənada onu deyə bilərik ki, hələlik xalqımız nə neftin, nə də təbii qazın çox yüksək qiymətlərlə satışından əldə olunan milyardlarla gəlirdən biz arzuladığımız faydanı görə bilmir.
Bahalaşma, əslində Rusiya-Ukrayna müharibəsindən də qabaq, hələ 2020-ci ildə "COVİD-19" qlobal pandemiyası planetimizi təhdid etməyə başlayan vaxtdan var. Sadəcə, iki slavyan qardaşın bir-birilə müharibəsi, bunun üstünə Qərbin ən böyük ticarət tərəfdaşımız olan Rusiyaya cəhənnəm sanksiyaları tətbiq etməsi bu bahalaşmanı daha qorxunc mərhələyə daşıyıb. Rusiya maliyyə sisteminə tətbiq olunan sanksiyaların Azərbaycana mənfi təsirləri isə daha çoxdur. Bu, Rusiya ilə biznes əlaqələri olan, qarşılıqlı olaraq məhsul ticarəti ilə məşğul olan iş adamlarına ciddi məhdudiyyətlər yaratmaqdadır. Bunun özü də ciddi sıxıntıdır o mənada ki, müəyyən qrup malların vaxtında bazara çatdırılmaması nəticəsində bahalığa obyektiv əsaslar yaradır. Əslində, bu gün dünyanı, eləcə də Azərbaycanı bahalaşmadan çox, bəzi strateji məhsulların gözlənilən mümkün qıtlığı narahat etməkdədir. Hər kəsə bəllidir ki, Rusiya və Ukrayna Azərbaycanın xarici ticarətində ilk üçlüyə daxil olan ölkədir. Bu iki ölkə arasında münasibətlərin müharibə fazasına daxil olmasının ən çox təsirləndiyi ölkə elə Azərbaycandır həm də. Xüsusilə ölkəmizdə tədarük edilən ərzaqlıq buğdanın demək olar 97 faizi məhz Rusiyadan alınır.
Doğrudur, hökumət ərzaqlıq buğda idxalında Rusiyadan asılılığı azaltmaq üçün, ilin əvvəlində prezidentin Ukrayna səfəri zamanı müəyyən strareji qərarlar verdi, rəsmi Kievlə müqavilələr bağladıq ki, oradan uzun müddətə icarəyə götürdüyümüz torpaq sahələrində Azərbaycan üçün taxıl əkək. Ancaq müharibənin başlaması ilə o planlar da sual altına düşdü. Bundan başqa, Rusiyadan idxal etdiyimiz, əhalinin qida rasionuna daxil olan müxtəlif dənli bitkilər, günəbaxan və qarğıdalı yağı, yem məhsulları, kənd təsərrüfatı üçün son dərəcə vacib fərqli gübrələr, inşaat sektorunda olmazsa-olmaz tikinti materialları və s. - bütün bu mallar üzrə də bahalaşma var və təbii olaraq da, eyni qiymət artımları həmin mallar Azərbaycan bazarına daxil olduqca da baş verir. Bundan ən çox təsirlənən isə ölkə əhalisinin hardasa 85 faizdən də çoxunu təşkil edən kasıb və yoxsul qruplardır.
Beləliklə, Ukrayna-Rusiya müharibəsinin davam etməsi fonunda istər regional planda, istərsə də qlobal miqyasda dünya əhalisi üçün ciddi təhdidə çevrilən qıtlıq, qida təhlükəsizliyi, beynəlxalq yükdaşına və təchizat zəncirlərindəki ləngimələr və sair problemlərin yaratdığı mənfi zəmində ümidverici hadisələr baş vermədikcə bahalıq, yüksək inflyasiya, əhalinin artan xərcləri fonunda pul gəlirlərinin sürətlə azalması, bunun nəticəsində artan kasıblıq və yoxsulluq ölkələrin öz milli maraqlarını da təhdid etməyə başlaya bilər ki, buna da yol vermək olmaz. Ona görə də, bizim də çağırışımız o istiqamətdədir ki, qlobal pandemiyanın səngiməsilə yenidən canlanmağa başladığına ümidləndiyimiz dünya iqtisadiyyatına çox mənfi təsirlər yaratdığı Ukrayna-Rusiya müharibəsi bir an öncə bitməli, qardaş Türkiyənin də ən çox istədiyi - problem diplomatik masaya yatırılmalı, iki slavlyan ölkə arasında münasibətlər yenidən beynəlxalq hüquq, ərazi bütövlüyü ve suverenlik prinsipləri əsasında normallaşmalı, Rusiya qonşusu Ukraynanın torpaqlarını işğal etmək siyasətindən əl çəkməli, o cümlədən xalqlar və dövlətlər mehriban qonşuluq münasibətlərinə başlamalıdırlar ki, regionumuzu, dünyanı və insanlığı təhdid edən bir çox qlobal siyasi, iqtisadi, ekoloji, qida təlatümlərindən sığortalana bilək.
https://sia.az/az/news/economy/965745.html?fbclid=IwAR0jRnxqs5EW68Ft_dJHb65ZoHMnb6dspFDnM9apfKgVYHJfi8dY_Szc4Jc