AY Partiya Gənclər Təşkilatının üzvü Murad Vəliyev yazır...
Bu yaxınlarda ölkəmizdə Gənclər Günü qeyd olunurdu. Həmin gün keçirilən tədbirlərdə, sosial şəbəkələrdə edilən paylaşımlarda Azərbaycan gəncinin - tələbəsinin problemi bir daha aydın nəzərə çarpdı. Ancaq bu gənc hər şeyə rəğmən, çalışır, vuruşur, mübarizə aparır.
Hər növ maneə olsa belə, tələbələrin rabitə və koordinasiyasının mümkün olduğu tarixən sübut olunub. İqtidarın yürütdüyü "Gənclər siyasəti"ni bu zəmin üzərində formalaşdırdığına əmin edir. Lakin mövcud iqtidarın atdığı addımmlar hədəfdən yayınıb.
Tələbələr və universitet rektorluğu arasında körpü rolunu oynamaq ilə mükəlləf olan Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitələri tamam basqa məqsədlər uğrunda fəaliyyət göstərir. Heç bir şəxsi inkişaf və karyera təcrubəsi ilə əlaqəsi olmayan seminarlar, məqsəd və strukturu formalaşmamış klublar, hakimiyyət və rektorluğun təbliğatını aparan sədr və idarə heyəti bu qurumların diqqətçəkən xüsusiyyətləridir. Bütün bunlar bəs deyilmiş kimi, üzvlük haqqının toplanması da başadüşülən deyil.
Təhsil qurumları xaricində isə "Gənclər Fondu" və "Könullülük" layihəsi nəzərə çarpır. İqtidaryönlü intellektuallarla görüslərin təşkil edilməsi, dövlət qurumlarında praktiki bilik adı altında tələbələrin səfərbər edilməsi, regionlara "Ölkəmizi tanıyaq" adı altinda səfərlərin təskil edilməsi görulən işlərin bir qismidir.
SSRİ xülyasından ayrıla bilməyən və əzmlə SSRİ təbliğatı aparan siyasətçilər isə Azərbaycan gəncini daha da təhkim və təcrid şəraitinə salmaqdan başqa heç bir şey əldə etməyəcək.
Azərbaycan gənci milli-mədəni irsi və tarixini dərhal mənimsəməli, Yeni Dünya nizamını dərk etməli və yenidənqurmada iştirak etməlidir. Ən əsası, bu məsuliyyətini dərk etməli və vaxt itirmədən bu yolda əmin addımlar atmağa başlamalıdır.