"Krım Platforması Ukraynanın diplomatik təşəbbüsüdür və Krımın Rusiya tərəfindən ilhaqında beynəlxalq aləmin diqqətini çəkmək üçün koordinasiya mexanizmidir. Hazırda dünyada formalaşan anti-Rusiya mövqeyinin göstəricisidir".
Bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.
O qeyd edib ki, 23 avqustda Krım Platformasının təsis görüşündə, ümumilikdə 44 dövlət və bir sıra beynəlxalq təşkilatlar təmsil olunub. "Azərbaycan isə imtina edən dövlətlər sırasındadır. Son günlərin düşündürücü suallarından biri də Azərbaycanın bu platformada iştirak etməli olub, olmaması ilə bağlıdır.
Əslində ölkəmizin iştirak etməsi ilə bağlı bir çox faktorlar mövcuddur.
• Əvvəla, Azərbaycan və Ukrayna arasında dərin siyasi əlaqələr var. Biz Ukrayna ilə strateji tərəfdaşlıq və dostluğumuzun daha da dərinləşdirilməsində qətiyyətliyik.
• Azərbaycan Ukraynanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir.
• Ukrayna da Qarabağ məsələsində Azərbaycanı açıq şəkildə dəstəkləyən, Ermənistanı təcavüzkar ölkə adlandıran az sayda dövlətlərdən biridir.
• Ukraynada ölkənin milli təhlükəsizlik üzrə yeni strategiyası təsdiq olunub. Strategiyada Azərbaycan Ukraynanın strateji tərəfdaşı kimi qeyd edilib.
• Türkiyə Krım Platformasında təmsil olunur. Azərbaycanın iştirak etməsi həm də Türkiyəylə ölkəmizin birgə addımlaması prinsipin’ və Şuşa bəyannaməsində də yer alan “beynəlxalq platformalarda səylərin birləşdirilməsi” punktuna uyğun olardı", - deyə o vurğulayıb.
Anar Əsədli Azərbaycanın Krım Platformasına qatılacağı təqdirdə nələri əldə etmiş olacağını belə açıqlayıb:
• Azərbaycan Krım Platformasına qoşularsa ona nail ola bilər ki, kollektiv Qərb, ABŞ, NATO, Avropa Birliyi Moldova, Ukrayna və Gürcüstanın müstəqilliyini necə müdafiə edirsə, Azərbaycanı da elə müdafiə edə bilər.
• Rusiyanın beynəlxalq gündəmdə zəifləyən rolunu nəzərə alsaq, Qərblə yaxınlıq Azərbaycana həm siyasi, həm iqtisadi, həm strateji dividientlər qazandırar.
• Qərbin dəstəyi alınaraq rus hərbi bazası Qarabağdan çıxarıla bilər.
• Qərblə yaxınlaşma Rusiyanın bölgədəki siyasətində daha ehtiyatlı davranmasına səbəb ola bilər.
• Rusiyanın bölgədən uzaqlaşdırılması ilə ermənilərlə vastiəçisiz danışıqlar aparıla bilər və qarşı tərəf sülh müqaviləsinə vadar edilə bilər. Nəzərə alsaq ki, Ermənistan Aİ-dən yüklü miqdarda ianə alacaq, bu cür yardım qarşılığında İrəvanın tamamilə Moskvaya tərəf “yıxılması” mümkünsüzdür və bu durumda Qərb də münaqişənin tamamilə aradan qalxmasında, bölgədə sülhün Rusiyasız təmin olunduğu mesajını verməkdə maraqlı olacaq.
"Lakin bütün bu sadaladıqlarım olmalı olduğu halda, niyə əks qərar alındı, bunun səbəbi üzərində durmaq lazımdır. Reallıq Azərbaycana nəyi diktə edir? Krım Platformasında iştirak etmək üçün öncə hansı addımlar atılmalı idi. Krım Platformasında iştirak etməklə bağlı qərar Azərbaycanın Qarabağ məsələsində Rusiya ilə bağlı qəti qərar verməsindən aslıdır.
Yəni, Rusiyanı beynəlxalq səviyyədə işğalçı kimi tanıyan bir platformada Azərbaycan iştirak etmək üçün Rusiyanın sülhməramlı missiyasından imtina etməlidir. Əks halda, Rusların bölgədə qalması, həm də paralel olaraq, Krım platformasında iştirakla biz Qarabağdakı vəziyyəti daha da çıxılmaz hala sala bilərik. Əgər Azərbaycan tərəfinin rus sülhməramlılarını 5 ildən tez bölgədən çıxarmaqla bağlı planları yoxdursa, o təqdirdə platformada iştirakla bağlı təmkinli davranmaq ən doğrusudur. Bu baxımdan da məsələnin üzərində çox dayanmağa lüzum görmürəm", - AY Partiya Başqanı bildirib.