Azərbaycan Milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatından 21 il ötür.
Əbülfəz Elçibəy bütün həyatını milli davaya və Türk düşüncəsinin oturuşmasına həsr edən böyük bir demokratdır. Ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi nəhəng əməl və düşüncə sahiblərinin həyata keçirdiyi milli fəaliyyət əsrin sonunda Əbülfəz Elçibəyin rəhbərliyi altında onun silahdaşları tərəfindən davam etdirildi. Bütün dünyaya səs salan Azərbaycan milli-azadlıq hərəkatı, Əbülfəz Elçibəyin öndərliyində öz tarixi missiyasını yerinə yetirməyə müvəffəq oldu. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdi ki, heç şübhəsiz bu tarixi hadisənin əsas memarlarından birincisi də Elçibəy idi.
Lap gəncliyindən mənsub olduğu Türk millətinin tarixini və mədəniyyətini dərindən öyrənən və dünyada baş verən prosesləri izləyib düzgün nəticə çıxarmağı bacaran Elçibəy fəaliyyətində və həyatının hər anında öz əqidəsinə sadiq qalaraq, gizli və ya açıq mübarizəsini apardı.
Həm də böyük mənəviyyat və elm adamı olan Əbülfəz Elçibəy Türk millətinin layiq olduğu şərəfli həyat sürməsi uğrunda gedən hərəkatının da əsas simvollarından biri idi.
Onun siyasi düşüncəsi və fəaliyyəti mənəviyyata söykənirdi ki, bu da cəmiyyətə örnək göstəricisi idi.
Azərbaycan Yüksəliş Partiyası Milli Azadlıq hərəkatının böyük lideri, keçmiş prezident Əbülfəz Elçibəyin müqəddəs adını həmişə əziz tutur, xatirəsi önündə sayğıyla baş əyir.