İSTİQAMƏT: 6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
İnsan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin əsas meyarıdır. Bu istiqamətdəki əsas addımlardan biri də ölkə Prezidenti tərəfindən 27 dekabr 2011-ci il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın qəbul olunmasıdır. Sənəddə qadınların, uşaqların, həbs yerlərində saxlanılan şəxslərin, miqrantların, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının daha etibarlı təmin olunması, habelə hüquqi şəxslərin cinayət məsuliyyətinin müəyyən edilməsi, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə və digər sahələrdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi planlaşdırılır. Eyni zamanda, Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin – qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının hüquqlarının təmin edilməsində səmərəliliyin artırılması məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur.
Milli Fəaliyyət Proqramının icrasının əlaqələndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunmasında ən mühüm təssisatlardan biri isə İnsan Hüquqları üzrə Müvəkkil institunun, yəni Ombudsmanın fəaliyyətidir. Azərbaycana yeni Ombudsman seçiləndən sonra onun fəaliyyəti ilə bağlı müxtəlif müzakirələr və yanaşmalar mövcuddur.
Mövzu ilə bağlı fikirlərini Editor.az-a bölüşən Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, Azərbaycan dövləti insan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirir:
” İstər qanunvericilik bazasının təkmilləşdirilməsi, istər mövcud qanunvericiliyin tətbiqi baxımından kifayət qədər uğurlu işlər görülür. Son dönəmdə İnsan Hüquqları üzrə Müvəkkili institutunda dəyişikliklərin müsbət dinamikası daha çox nəzərə çarpır. Ombudsman Səbinə Əliyeva sonuncu dəfə cari ilin mart ayında “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsi ilə Milli Məclis qarşısında çıxış edib. Buradan da Ombudsman və onun aparatının peşəkar fəaliyyəti aydın şəkildə görünürdü. Səbinə Əliyeva Ombudsman seçildikdən sonra dövlətin islahatlar prosesinə dəstək vermiş və ciddi uğurlar nümayiş etdirib”.
Millət vəkilinin sözlərinə görə cərəyan edən hadisələrin əksəriyyəti insan hüquq və azadlıqlarını əhatə edir:
” Bu hadisələrə yanaşma, çeviklik və səmərəlilik hər bir dövlət üçün çox əhəmiyyətli amildir. 44 günlük Vətən Müharibəsi zamanı ölkəmizə qarşı sərgilənən qərəzli mövqelər, düşmən diasporunun təxribatları ifrat dərəcədə idi. Bu zaman Ombudsmanın qarşısında çox ciddi vəzifələr dururdu. Görülən işlərin nəticəsində bütün bu vəzifələrin yüksək səviyyədə icrasının şahidi olduq. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynamaqla yanaşı, yaranmış əlverişli mühitlə bağlı reallığı əks etdirən hesabatları hazırlayaraq təqdim edir. Azərbaycan dövləti bu sahəni xüsusilə diqqətdə saxlayır. Dövlətin ayrı-ayrı strukturları bu istiqamətdə çatışmazlıqların aradan qaldırılması üçün işlər görür. Ombudsmanın ixtisaslaşdırılmış şəkildə həyata keçirdiyi fəaliyyət isə bu işdə dövlət siyasətinin icrasına böyük töhfələr verməkdədir. Azərbaycanda Ombudsmanın vətəndaşların və eyni zamanda dövlətin mənafeyinə hesablanmış fəaliyyəti şəffaflığı ilə seçilir”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov Editor.az-a bildirib ki, bəşər cəmiyyəti yarandığı dövrdən bu günümüzə kimi bu hüquqlar, onların qorunması insanları düşündürmüş və bunun təmin olunması üçün daim mübarizə aparmışlar:
“Dövlətin insan hüquqlarına hörmətlə yanaşması, dövlətin bu sahədə tənzimləmə aparma səlahiyyətini aradan qaldırmır, ancaq bu tənzimləmənin məqsədini tənzimləyir və məhdudlaşdırır. Anarxiya nizamı, bütün hüquqları təhlükə altına aldığına görə, nizam-intizam qorunmalıdır və dövlətin hakimiyyət səlahiyyətlərinə də hörmətlə yanaşmaq lazımdır.
Müasir dövrümüzdə insan hüquqlarının təminatı səviyyəsi ölkələrdəki siyasi rejimlərin xarakterini müəyyən edən başlıca amillərdən biri kimi qəbul olunmuşdur. İnsan müəyyən məqsədlərin əldə edilməsi üçün vasitə olmalı deyil, əksinə cəmiyyətdə baş verən bütün dəyişikliklərin və islahatların məqsədi insan olmalıdır. Yəni insan hüquqlarının təmin olunması və insanların xoşbəxtliyi dövlətin və cəmiyyətin məqsədi olmalıdır. Hüquqi dövlət qanunvericilikdə şəxsi hüquqları təsbit edərək bu hüquqları qanunsuzluqdan, özbaşınalıqdan qoruduğu kimi vətəndaş da öz hərəkətlərini ictimai maraqlara uyğunlaşdırmağa, başqalarının hüquqlarını və mövcud qayda-qanunları pozmamağa borcludur. Hüquqi dövlət yalnız qəbul edilmiş qanunlar əsasında idarə olunur”.
Politoloqun sözlərinə görə demokratik dövlətlərdə insan hüquq və azadlıqlarının başlıca təminatçısı məhkəmələrdir:
“Amma bununla bərabər insan hüquq və azadlıqlarının konstitusiya təminatı institutları içərisində ombudsman mühüm yer tutur. Ombudsman parlament tərəfindən insan hüquqlarının müdafiəsi üzrə səlahiyyətləndirilmiş, müvəkkil edilmiş şəxsdir. Bütün demokratik ölkələrdə bu şəxs əhalinin dövlətin nəzarətində olan sahələrdə şikayətinə baxan bir şəxs kimi başa düşülür. Şəxslərin, qurumların və şirkətlərin haqlarını hər hansı bir pis idarəetmə tətbiq olunması qarşısında qorumaqla vəzifələndirilmiş yoxlama qurumu və şikayət müraciəti olunan yer anlamına gəlir. Ombudsman təsisatı nə qanunverici, nə icra, nə də məhkəmə hakimiyyətinə aid olmayan, ilkin öz mahiyyətinə görə dövlətin ali təsisatlarına aid orqandır. Ombudsmanın birinci səciyyəvi əlaməti onun tam müstəqiliyyidir. Dünya təcrübəsinə görə, bu orqan parlament tərəfindən təsis olunur və onun qarşısında hesabat verir.
Qeyd edim ki, 2002-ci ildə Azərbaycanda da Ombudsman institutunun təsis edilməsi bu sahədə irəliyə atılmış çox mühüm addım idi. Bu təsisatın olması özü-özlüyündə bir nəzarət mexanizminin mövcudluğunu göstərir. Yəni, cəmiyyətin dövlət orqanlarının fəaliyyətindən narazı qaldıqları məqamda hüquqlarının bərpası üçün müraciət edə biləcəkləri bir təsisatın olması anlamına gəlir. Heç şübhəsiz ki, yarandığından keçən 20 il müddət ərzində Ombudsman institutunun gördüyü işləri bu və ya digər formada müsbət dəyərləndirmək olar. Son kadr və struktur dəyişikliyini bu mənada təqdir etmək olar. Amma cəmiyyətin hüquqi dünyagörüşünün, siyasi şüurunun kifayət edəcək səviyyədə bərqərar olmaması, hüquq və azadlıqlarının mahiyyətini axıra qədər dərk etməməsi bu institutun fəaliyyətinə də öz təsirini göstərir.
Digər tərəfdən dövlət orqanlarına təsir mexanizmi baxımdan institutun fəaliyyətində tam müstəqillliyin müşahidə edilməməsi, daha çox protokol xarakterli addımları ona olan ümidlərin azalmasına səbəb olur. Halbuki onun yarandığı zaman cəmiyyətin gözləntiləri daha böyük idi. Düşünürəm ki, Ombudsmanın beynəlxalq əməkdaşlığı genişləndirməsi, təcrübə mübadiləsini artırması, kadrların peşəkarlıq səviyyəsini və müstəqil fəaliyyət bacarıqlarını inkişaf etdirməsi bu təsisatın işində böyük tərəqqiyə gətirib çıxaracaqdır.
Digər tərəfdən, istər cəmiyyət və istərsə də idarəetmə orqanları olaraq demokratik prinsiplərə riayət edərək, hər kəsin hüquq və vəzifələrini daha doğru bilməsi və ona əməl etməsi də vacibdir ki, bu da nəticə etibarilə Ombudsmanın fəaliyyətində də nəzərəçarpacaq dəyişiklərin yaranmasına imkan verəcəkdir. Bu istiqamətdə mühüm olan amillərdən biri də cəmiyyətin siyasi-hüquqi maarifləndirilməsi, Ombudsmanın fəaliyyətinin əsl mahiyyəti barədə onların dünyagörüşünün artırılmasıdır”.
Editor.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib ki, insan hüquq və azadlıqlarının müdafiəsi dövlət və cəmiyyətlər üçün ən vacib amillərdəndir:
“Bu baxımdan cəmiyyət olaraq bu məsələni daim diqqətdə saxlamaq labüddür. Azərbaycanda Ombudsman İnsititunun işini qiymətləndirilmədən öncə ombudsman sözünün mənasına və missiyasına aydınlıq gətirmək lazımdır. İsveç mənşəli bu sözün hərfi mənası agent və ya sədr deməkdir, lakin missiyası daha aydın təəsürat yaradır. Ombudsman şikayətləri qəbul edən rəsmi şəxsə verilən addır. Bütün demokratik ölkələrdə bu şəxs əhalinin dövlətin nəzarətində olan sahələrdə şikayətinə baxan bir şəxs kimi başa düşülür və fəaliyyətdə bu istiqamətdə qurulur.
Təəssüflər olsun ki, Azərbaycanda ombudsman siyasi hakimiyyətin bir qurumu, hətta deyərdim ki, təbliğat, təşviqat qurumu kimi fəaliyyət göstərir. Heç kimə sirr deyil ki, ölkəmizdə ədalətli, şəffaf məhkəmə sistemi yoxdur. Belə olan halda insan hüquq və azadlıqları daha da çox tapdalanır. Bunun fonunda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil İnstitutu ən aktiv təşkilat olmalıdır, lakin biz bunun əksini görürük.
Ümumiyyətlə, qiymətləndirmə üçün iki önəmli amil var. Bunlardan birincisi meyarlar, ikincisi isə fəaliyyətdir. Bizim ombudsmanın nəzərə çarpan fəaliyyəti yoxdur, ona görə də qiymətləndirmə də mümkün deyil. Əlbəttə ki, keçmiş məcburi köçkünlərimizlə, Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi soyqırım aktları, insanlıq cinayətləri ilə bağlı xarici təşkilatlara göndərilən bəyanatlar təqdirəlayiqdir. Bununla belə, ötən dövrdə bu istiqamətdə də fəaliyyətin real nəticəsi olmayıb.
Hesab edirəm ki, Azərbaycanın insan haqları üzrə müvəkkili ilk növbədə hakimiyyətin qeyri-rəsmi adamı statusunu dəyişməli və cəmiyyətimizdə baş verən insan hüquqlarının pozulması hallarına adekvat cavab verməlidir. Nəzərə almaq lazımdır ki, Ombudsman İnstitutu bütün mərhələlərdə hüquqları təmin edilməyən vətəndaşın son ümid yeridir”.
https://editor.az/azerbaycan-ombudsmaninin-fealiyyeti-insan-huquq-ve-azadliqlarinin-mudafiesi-istiqametinde-hansi-isler-gorulur