XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən Əli Kərimin anım günüdür.
Əli Kərim 50-ci illər ədəbi nəslinin ən dəyərli simalarından biri olmaqla yanaşı, poeziyamıza yeni üslub, yeni nəfəs gətirib. Dövrünün ənənəvi-çərçivəli poeziya zəncirlərini ustalıqla və zərifliklə qıran şair öz lirik şeirlərinin ahəngini qəlblərə yaxın, könülləri oxşayaraq yaratmağı bacarmışdı.
Azərbaycan Yüksəliş Partiyası poeziyamızın ustad söz adamı, novator şair Əli Kərimin xatirəsini dərin sevgi və hörmətlə yad edir.
Yaxşı yadımdadır, Peredelkino.
Klubda karnaval gecəsi vardı.
Orda maskaları maska taxmamış
Bir şümal, bir gözəl qız paylayardı.
Bəzən görürdün ki, bir ayüzlüyə
Eybəcər bir meymun maskası düşür.
Bəzən də görürdün, elə tülkünün
Özü özü ilə bir də görüşür.
Gah da hər gün üzü maskalı olan
Təzədən üzünə bir maska vurur.
Bəzən də birisi öz sifətini
alır,
qəzəblənir,
qıza qaytarır.
Karnaval qurtarır,
adamlar bir-bir
aldığı maskanı qaytarır qıza.
Amma bəziləri naxələf çıxır,
Qayıdır evinə üzündə maska.