26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr günüdür.
Milli Ordumuz Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin Sədri Məhəmməd Əmin Rəsulzadənin 1918-ci il 26 iyun tarixli fərmanı ilə yaradılıb. Həmin il avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis olunub. Qısa müddətdə formalaşdırılan Milli Ordumuz Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı 22 may 1998-ci il tarixli Fərmana əsasən, 26 iyun tarixi Silahlı Qüvvələri günü elan olunub.
Yarandığı 104 il ərzində Ordumuz bütün çətinliklərə, üzləşdiyi repressiyalara baxmayaraq, xeyli uğur əldə edib.
Silahlı Qüvvələrimizin ən böyük uğuru isə 2020-ci ilin payızında 30 ilə yaxın işğal altında qalan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın şəhərlərini, yüzlərlə yaşayış məntəqəsini azad etmək olub. 44 günlük Vətən Müharibəsi dönəmində Ordumuz qəhrəmanlıq dastanı yazaraq, düşmənin illər ərzində qurduğu keçilməz istehkamları məhv edib və böyük Qələbəyə imza atıb.
Bu müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri 3 min nəfərdən çox şəhid verib, minlərlə hərbçimiz yaralanıb.
Artıq Azərbaycanda Silahlı Qüvvələr günü Qalib Ordu günü kimi qeyd olunur.
Azərbaycan Yüksəliş Partiyası xalqımızı qürurumuz olan Ordumuzun yaranma günü ilə əlaqədar təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa, Silahlı Qüvvələrimizin hər bir üzvünə daim yenilməzlik arzulayır.