“Rusiyanın məqsədi Qarabağda mövqelərini möhkəmləndirməkdən ibarətdir”
Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində “Dağlıq Qarabağ Respublikası” qeyd olunub və Azərbaycan XİN Rusiyaya diplomatik kanallarla etirazını bildirib.Rusiya sülhməramləları Qarabağa yerləşəndən sonra Azərbaycana qarşı birmənalı olmayan münasibətini və erməni təəssübkeşliyini bir az da artıraraq artıq neçənci dəfədir Qarabağla bağlı xoşagəlməz açıqlamalar verir.
Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı Anar Əsədli mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb.
– Anar bəy, baş verənlər Rusiyanın Qarabağla bağlı hansısa xoşagəlməz planlarından xəbər vermirmi?
– Mən hər zaman demişəm ki, Rusiya bu konfliktin tam həllində maraqlı deyil. Çünki bu münaqişə Rusiyaya əlverişli imkan yaradır ki, həm Azərbaycan, həm Ermənistan üzərində, həm də regionda öz təsir gücünü saxlasın. Bu niyyətini isə son vaxtlar daha açıq-aşkar göstərir. Öz mandatına uyğun olmayan fəaliyyət nümayiş etdirir, separatçıların hələ də bölgədə qalmasına, təxribatlar törətməsinə göz yumur, sərhədlərin müəyyən edilməsi prosesinə nəzarət etmir, üstəlik, özü də təxribat xarakterli “texniki səhvlər”ə yol verir. “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlədilməsinin özlərinin dediyi kimi, “texniki səhv” olduğuna inanmaq sadəlövhlük olardı. Ən azından ona görə ki, belə “texniki səhv”lər ilk dəfə deyil buraxılır. Bundan öncə də xəritə məsələsində “Stepanakert” ifadəsini Azərbaycanın etirazından sonra rəsmi saytdan yığışdırmışdılar.
– Əgər belədirsə, rəsmi Bakının buna adekvat cavabı necə olmalıdır?
– Bu məqamda Azərbaycanın atmalı olduğu addım ilk növbədə Rusiya səfirini göndərərək rəsmi səviyyədə nota vermək və sülhməramlı missiyasından imtina etməkdir. Təsadüfi deyil ki, bir müddət öncə Paşinyanın sülh çağırışlarından sonra bu məsələ ortaya atıldı. Ermənistanın düçar olduğu ağır siyasi, iqtisadi, sosial vəziyyət bu ölkə üçün sülh və inteqrasiya meyllərini qaçılmaz edir. Ermənistan da Rusiyanın planlarını yaxşı anlayır. Ona görə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqazda sülhün və əmin-amanlığın hökm sürməsinə yol aça biləcək proseslərə töhfə verməyə hazır olduğunu bildirməsindən sonra rəsmi İrəvan bu açıqlamanı ümidverici eyham kimi qəbul etdi. Nikol Paşinyan “Biz Türkiyənin müsbət işarələrini eyni məzmunda cavablandıracağıq”, – dedi. Bu vəziyyət əlbəttə ki, Rusiyanı qane etmir. Çünki, təkrar deyirəm, bölgədə sülh Rusiyaya lazım olacaq ən axırıncı şeydir.
– Ümumiyyətlə, Rusiyadan Qarabağla bağlı təhlükə gözləyə bilərikmi? Çünki Rusiya tərəfinin açıqlamaları və Qarabağdakı müxtəlif təlimləri bunu deməyə əsas verir…
– Rusiyanın məqsədi sülhə aparan meyllləri əngəlləmək, iki tərəfin qarşı-qarşıya gətirilməsinə açıq-aşkar şərait yaratmaq və bu minvalla Qarabağda öz mövqelərini möhkəmləndirməkdir. Yəni Kreml Azərbaycan tərəfinin irəli sürdüyü şərtləri gözardı edərək, qarşı tərəfin mövqeyini müdafiə edirmiş kimi görüntü yaradır və “Dərə xəlvət, tülkü bəy” oyunu oynayır. Rusiyanın oynamağa davam etməsi xarici işlər naziri Lavrovun erməni həmkarı Mirzoyanla görüşündə səsləndirdiyi bəyanatlarda da özünü göstərdi. Deyir ki, “Azərbaycan və Ermənistan bir-birilərinə qarşı ritorikalarını əhəmiyyətli dərəcədə yumşaltmalıdırlar”. Halbuki bu istiqamətdə artıq meyllər var, ancaq buna mane olan öz təmsil etdiyi dövlətdi. Lavrov Azərbaycan tərəfini bütün erməni hərbi əsirlərin qeyd-şərtsiz azad olunmasına çağırır. Halbuki üçtərəfli bəyanatın 8-ci bəndində “hərbi əsirlərin mübadiləsi” nəzərdə tutulub, bunu yalnız Azərbaycanın icra edəcəyi yazılmayıb. Ermənistan tərəfi isə nə 1992-94-cü illərdə itkin düşmüş azərbaycanlıların qaytarılmasını həyata keçirir, nə də İkinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat verir. Azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılıb və qarşı tərəfə təhvil verilib. Bu, hansı bərabərlik prinsipinə uyğun gəlir? Rusiya özü də Ermənistan qədər bəyanatın müddəalarının icra olunmaması məsuliyyətini daşıyır. Bunu yaxşı bildiyi üçün də məsuliyyəti bu yolla üzərindən atmağa çalışır. Eyni ritorikanın qaçqınların öz torpaqlarına qaytarılması məsələsini BMT Qaçqınlar Komitəsinin sədri ilə görüşdə də şahid olduq. Halbuki 44 günlük münaqişə bitdikdən sonra bölgəyə yerləşdirilən rus sülhməramlıları mandatlarına uyğun olmadan nəzarət etdikləri bölgələrə erməniləri yerləşdirməyə başladı. Qondarma rejimin separatçı lideri Arayik Arutyunyan da Xankəndi və ətrafında yaşayan ermənilərin sayının 30 mindən çox olduğunu bildirmişdi.
– Məlum olduğu kimi, Rusiyanın artan xətt üzrə olan bu çirkin davranışları sülhməramlı kontingentin Qarabağa yerləşməsindən sonra daha da inkişaf etməyə başlayıb. Belə olan halda, sülhməramlıların fəaliyyətinə son qoymağın vaxtı çatıbmı və bunu edə bilərikmi?
– Qəti addımlar atılmasa belə, Azərbaycan tərəfi artıq Rusiyanın yarıtmaz “sülhməramlı” missiyasını sorğulamağa, Moskvanın ünvanına ittihamlar səsləndirməyə başlayıb. Azərbaycan Prezidenti son müsahibəsində Rusiyanın vasitəçiliyi ilə Azərbaycana verilən mina xəritələrinin böyük hissəsinin saxta olduğunu vurğuladı. Ona görə də Kreml Minsk qrupunun bölgədə yenidən aktivləşdirilməsi çağırışı ilə çıxış edir. Minsk Qrupunun əsas qurucuları – ABŞ, Fransa və Rusiya dünya siyasətinin münaqişəli gündəmləri haqqında fərqli fikirlərə sahibdirlər, amma “Dağlıq Qarabağın statusu” barədə onlar eyni fikirdədirlər. Həmin qüvvələrin bölgəyə yenidən gətirilməsi ilə Moskva həm qarışdırdığı vəziyyəti daha da çıxılmaz hala salmağa, həm qarşılaşdığı ittihamlardan yaxa qurtarmağa, həm də erməni xalqına üz tutduqları Qərbin də heç bir işə yaramadığı mesajını verməyə çalışır.
– Bu istiqamətdə ümumi olaraq gələcək perspektivdə prosesləri necə dəyərləndirmək olar?
– Bölgədə hansı qüvvənin rol almasından asılı olmayaraq, üçtərəfli bəyanatın prinsipləri yerinə yetirilməlidir. İlk növbədə, 4-cü bəndin icrası təmin edilməli, separatçılar bölgədən təmizlənməli, dirəniş göstərdikləri halda antiterror əməliyyatı aparılmalıdır. 2-ci mərhələdə sərhədlərin müəyyənləşməsi başa çatdırılmalı, işğal altında qalan digər torpaqlarımız da geri qaytarılmalıdır. Bundan sonra qarşı tərəflə sülh müqaviləsi imzalanmalıdır. Sülh müqaviləsinin imzalanması rus sülhməramlılarına artıq bölgədə ehtiyac olmadığı mesajını verməkdir. Bu mərhələlər tamamlandıqdan sonra köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması təmin edilməli və şərtlər imkan verdiyi halda əməkdaşlıq və inteqrasiya prosesinə başlanılmalıdır. Bütün bu addımlar atıldıqdan sonra əminəm ki, yaxın perspektivdə bölgədə sülh bərqərar olunacaq, Zəngəzur dəhlizi də daxil olmaqla kommunikasiya və nəqliyyat xətləri açılacaq.
Mərahim Nəsib,
KONKRET.az