Ölkənin tanınmış siyasi şərhçilərindən biri olan Azər Rəşidoğlu demokratik dəyişimlə bağlı doğru bir düstur haqqında fikirlərini bölüşüb.
Azər bəy mövqeyiniz əslində tələbatı əks etdirir. Artıq yeni formada müxalifət cəmiyyətin tələbinə çevrilib.
Bəli, 30 ildir, Azərbaycanda azad fikrin ölməməsi üçün mübarizə aparan insanlar var, əməkləri danılmazdır, lakin bu insanların çoxu bu mübarizədə ya yorulub ya da real siyasi gücünü itirib. Bu həqiqəti klassik müxalifət qəbul etmir.
Sadəcə xalq hərəkatının bazasına arxalanıb, yeni dövrdə hakimiyyətə sahib olmaq mümkün deyil. Müxtəlif sahələr üzrə yeni kadrlar gəlməlidir partiyalara. Çağdaş dövrlə ayıqlaşan beyin mərkəzləri proqramlar hazırlamalı, cəmiyyətdə maariflənmə işlərinə istiqamət alınmalıdır.
Cəmiyyəti narahat edən problemlər fərqli müzakirələrlə, demokratik seçkilərlə həll olunmalıdır. Təhqir və nifrət qusmaq isə fikir müxtəlifliyi deyil.
Daha o xəyallara dalınmamalıdır ki, Qərb gələcək, Əliyevlər gedəcək, söyüş söyən və arayış verənlər hakimiyyətə gələcək. Elə bu yaramaz arzu və xəyallar, siyasi meydanı ironiya və lağ obyektinə çevirmək kimi fəaliyyətlər 30 ildir, bu hakimiyyətin işinə yarayır. Heç bir qüvvə bizim əvəzimizə buraya demokratiya gətirməyəcək.
Biz bu çəmbərdən çıxmağın yolunu cəmiyyətin baxışlarını yenilənməsində görürük. Hakimiyyətin hansı rejimi ifadə etməsindən asılı olmayaraq, strateji ağıl və siyasi zəka söyüşsüz, şiddətsiz, nifrətsiz münasibətlər sistemi tələb edir.
Düşdüyümüz bu nifrətin içindən çıxmalıyıq, çıxmağa məcburuq. Bu hakimiyyət xalqı sevdi və ya sevmədi, nifrət etdi və ya etmədi, bunun xalqın baxışına aidiyyəti yoxdur. Azərbaycan xalqı mayası nifrətlə yoğrulmuş dəyişikliyi rədd edir.
Məhz bu səbəbdən Azərbaycan müxalifəti son 20 ildə güclənmək əvəzinə zəiflədi. Çünki xalqda nifrətə və şiddətə yönəlik istənilən dəyişiklik qorxu ilə assosiasiya olunur. Buna görə də xalq uzun illərdir, siyasi taleyinə etinasızlıq göstərir.
Söyüş taktikası xalqı qorxudur və dəyişim prosesindən çəkindirir. Dəyişim istəyən siyasi qüvvə xalqı qorxutmamalıdır.
Məhs bu siyasi konfiqurasiyaya əsaslanaraq, AY Partiyanın ilk və əsas şüarı "İnanın, dəyişirik", - olub. Bizim əsas siyasi hədəfimiz Azərbaycan insanını bu siyasi dəyişimə inandırmaq, dəyişmək və dəyişdirməkdir!