Azərbaycan Yüksəliş Partiyası AXCP fəalının həbsini pisləyir
Hakimiyyət siyasi fəallara, müxalif mövqeli şəxslərə qarşı təzyiq siyasətini davam etdirməkdədir.
Uzun illərdir, insanları siyasi proseslərdən uzaq tutmaqla onları hər cür aktiv fəaliyyətdən məhrum edən iqtidar ən xırda tənqidi belə bağışlamır. İnsanların gözünü qorxutmaq üçün onları həbs etməkdən çəkinməyən hakimiyyət yetkililəri, bununla da cəmiyyətdə qarşıdurmanı artırmaq yolunu tuturlar.
Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədova 15 il həbs cəzası verilməsini istəyib. Beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə suçlanan N. Əhmədova qarşı irəli sürülən ittiham daha çox siyasi xarakter daşıyır. Siyasi motivlərlə həbs olunan bir insana qarşı bu cür haqsız münasibət yolverilmədir.
Azərbaycan Yüksəliş Partiyası siyasi xarakterli istənilən həbsi pisləyir, bütün qanunsuz əməllərin aradan qaldırılmasını tələb edir. Siyasi mahiyyət daşıyan istənilən təqib və həbs İkinci Qarabağ Savaşından sonra cəmiyyətdə hökm sürən milli birliyə yönələn addım olmaqla bərabər, beynəlxalq qurumların Azərbaycan hakimiyyətinə təzyiqlərin artmasına gətirib çıxara bilər.